Suriya münaqişəsi: hökumət helikopterləri Hələbə "xlor atıb"

Onlarla insan nəfəs almaqda çətinlik çəkib Fotonun müəllifi UGC
Image caption Onlarla insan nəfəs almaqda çətinlik çəkib

Suriya hökumət qüvvələri helikopterlərlə Hələb şəhəri ətrafına tərkibində xlor olan çəllək bombalar atmaqda ittiham olunur, 80 nəfərin yaralandığı deyilir.

Könüllü fövqəladə xilasedicilər deyir ki, Sukari-yə olan hücumdan sonra insanlar çətin nəfəs almaqdan əziyyət çəkiblər.

Məlumatı müstəqil olaraq dəqiqləşdirmək mümkün olmayıb. Avqust ayında aparılan araşdırmalar zamanı müəyyən olunmuşdu ki, hökumət ən azı iki halda xlordan istifadə edib.

Suriya hökuməti hər zaman xlordan kimyəvi silah kimi istifadəni inkar edib.

Bu hadisə, çərşənbə günü Suriya müxalifətinin münaqişəyə son qoymaqla bağlı yeni siyasi planlar hazırlamaq üçün Londonda keçiriləcək görüşü ərəfəsində baş verir.

Tədbirdə prezident Bəşər Əsədə qarşı döyüşən üsyançılara dəstək verən Suriyanın Dostları qrupunu təmsil edən ölkələrin xarici işlər nazirlərinin də iştirakı gözlənilir.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr BBC-ə bildirib ki, o hələ də münaqişənin siyasi həllinə inanır və baxmayaraq ki, cənab Əsədin qüvvələri son vaxtlarda bəzi irəliləyişlərə nail olub, o, "qələbə əldə etmək imkanında deyil".

"Lakin əgər Bəşər əl-Əsəd inadkarlıq etməyə davam edərsə və əməkdaşlıqdan imtina edərsə, onda sözsüz ki, özündə daha intensiv hərbi fəaliyyəti əks etdirən B planı olacaq," o deyib.

Müxalifətin planı işləyəcəkmi? - BBC beynəlxalq müxbiri Lyse Doucet

Yeni plan Suriya müxalifətinin bu suala ən ətraflı cavabıdır: Prezident Əsəd gedərsə nə baş verəcək?

Plan, Rusiya və İran kimi, prezidenti dəstəkləyən ölkələri əmin etmək istəyir ki, dövlət institutları məhv olmadan və İraqdakı kimi zorakı xaos baş vermədən stabil keçid mümkündür.

Bu məsələ bir çoxlarını narahat edir.

Lakin prezident Əsədin və onun yaxın müttəfiqlərinin istefası tələbi həmişə Dəməşqdə rədd edilib və belə də davam edəcək.

Aydın deyil ki, Moskva və Tehran bunu dəyişmək üçün nə etməyə hazırdır və istəklidir.

Lakin xarici dəstəyin köməyi ilə Suriya ordusu quruda bir sıra irəliləyişlər edib.

Əgər bu plan işləməsə onda B planına geri dönüş olacaq - hər iki tərəfə daha çox hərbi dəstək.

Əziyyət çəkən uşaqlar

Suriya Mülki Müdafiənin xilasedicisi, Ibrahem Alhaj deyir ki, Hələbə helikopter çəllək bombaları atandan bir qədər sonra əraziyə çatıb və orda 4 ədəd xlor silindri görüb.

Üsyançıların nəzarətində olan ərazidə çalışan Suriya Mülki Müdafiə könüllüsü öz Facebook səhifəsində uşaqların oksigen maskaları ilə nəfəs almasını göstərən video yerləşdirib.

Qrup hökumət qüvvələrini avqustda başqa bir xlor hücumunu törətməkdə ittiham edir.

Suriya hökumətinin müttəfiqi olan Rusiya, üsyançıları Hələbin hökumət nəzarətində olan əraziləri tərkibində "zəhərli qaz" olan mərmi atəşinə tutmaqda ittiham edib.

Fotonun müəllifi AFP
Image caption Xilasedicilərin çəkdiyi şəkillər göstərir ki, yerli xəstəxanada insanlar oksigen maskaları ilə nəfəs alır

Xlor ümumi kimyəvi sənaye məhsuludur, lakin onun silah kimi istifadəsi Kimyəvi Silahlar Konvensiyası tərəfindən qadağan olunub.

Çərşənbə axşamı BMT bəyan edib ki, Suriyada müharibə şəraitində yaşayan dinc sakinlərə qarşı bu ilin əvvəli, qısa müddət ərzində daha amansız mübarizə metodları tətbiq olunub.

Suriya haqqında olan hesabatda deyilir ki, fevral ayında elan olunan atəşkəsdən sonra bəzi şəhərlərə ilk dəfə humanitar yardımın göndərilməsinə icazə verilib, lakin bu, bir neçə həftə davam edib.

Hesabatda deyilir ki, 600 min suriyalı hazırda mühasirədə yaşayır və daha 300 min insan Hələb şəhərində blokadadadır.