Cənubi amerikalılar türk seriallarını niyə sevirlər?

A billboard in the Chilean capital Santiago for Turkish soap opera El Sultan Fotonun müəllifi Getty Images
Image caption Çilidəki nəhəng lövhədə türk TV serialının reklamı

Türkiyə teleserialının iki obrazı gecə vaxtı dəniz sahilində göz-gözə dayanıb…və Cənubi Amerikada milyonlarla televiziya tamaşaçısı həyəcan içində nəfəs dərib gözləyir.

"Mən səni itirməkdən qorxuram" - deyir Kərim nəvazişlə qucaqladığı və saçlarını sığalladığı Fatmagülə.

"Qorxmağına hacət yoxdur" - deyir Fatmagül və sevgililər öpüşürlər.

Bu səhnə "Fatmagülün günahı nədir?" adlı türk serialında yer alıb.

İspan və portuqal dillərinə dublyaj edilmiş serial ötən il ərzində bütün Cənubi Amerika boyunca rekord sayda tamaşaçı cəlb edib. Təkcə Argentinada ona 12 milyon insan tamaşa edib.

Həm də söhbət təkcə bu serialdan getmir. Türk serialları bütün qitədə getdikcə daha çox populyarlaşır.

Məsələn, Çilidə 2014-cü ildə "1001 gecə" adlı serial ən çox baxılan proqram olub.

Bəs görəsən Türkiyə teleseriallarını bu ölkədən minlərlə kilometr aralıda yerləşən Cənubi Amerikada niyə bu qədər sevilir?

Fotonun müəllifi MUSTAFA OZER
Image caption Tipik Türkiyə serialları köhnə dəbli romantikadan qaynaqlanır

"Türk televiziyası gecələri"

Çilidə yaşayan 42 yaşlı Santyaqo sakini Marcela Mera deyir ki, türk seriallarının vurğunudur.

O deyir ki, köhnə dəbli romantikanı əks etdirən türk serialları ona ruhən Hollivudun ifrat seksuallaşdırmasından daha yaxındır.

"Türkiyə bizdən çox uzaq olsa da, məncə bizim mədəniyyətlərimiz çox yaxındır - deyir Marcela, - Həm də türk serialları çox yüksək keyfiyyətlə çəkilir və bundan başqa Hollivudun klişe və stereotipləri onlarda yoxdur".

Marcela deyir ki, onu Amerika televiziyasındakı zorakılıq və seks yorub.

Fotonun müəllifi Picasa
Image caption Cənubi Amerika teletamaşaçıları türk seriallarının obrazlarını asanlıqla başa düşürlər

Peru paytaxtı Limada rastlaşdığım 23 yaşlı universitet tələbəsi İvetta Sançez də Türkiyə şoularının pərəstişkarıdır.

O deyir: "Mən və dostlarım tez-tez bir yerə toplaşaraq Türkiyə serial gecələri keçirir, tamaşalara baxır və müzakirə edirik. Süjetlər çox ağıllı qurulub, çəkiliş isə əladır".

"Həm də aktyorlar çox yaraşıqlıdır. Bizim hərəmizin öz kumirimiz var" - deyir İvetta.

Miqrasiya əhvalatları

Türkiyə televiziyası hazırda böyük ixracat gəlhagəli yaşayır.

Türkiyə İxracatçılar Məclisinin məlumatına görə Türkiyə təkcə ötən il xaricə teleserial satışından 250 milyon dollar qazanıb. Halbuki 2004-cü ildə bu rəqəm cəmi 10 min dollar idi.

Hazırda türk teleseriallarına dünyanın 140-dan çox ölkəsində 400 milyondan çox tamaşaçı baxır.

Fotonun müəllifi Picasa
Image caption Xarici tamaşaçılar türk seriallarının keyfiyyətini tərifləyirlər

Hazırda Türkiyənin teleserial eksportu, məsələn Britaniya teleeksportunun (ildə 1, 2 milyard dollar) yanında cüzi görünsə də, TEA baş katibi Bader Arslanın proqnozuna görə Türkiyə serialları 2023-cü ilədək ildə 1 milyard dollar gəlir götürəcək.

Türkiyə seriallarının əsas ixrac mənzili Cənubi Amerikadır və Türkiyə Televizya və Kino Gildiyasının prezidenti Bürhan Gün deyir ki, serialların məhz bu qitədə isti qarşılanmasının bir neçə əsas səbəbi var.

Fotonun müəllifi BULENT KILIC
Image caption İndi türk seriallarının qəhrəmanları Cənubi Amerikada çox məşhurdurlar

O deyir ki, birincisi türklər bir çox Cənubi amerikalılara tanış görünürlər.

Cənab Günün təşkilatı Türkiyənin 80-dən çox özəl televiziya istehsalı şirkətlərini təmsil edir. O deyir ki, Türkiyə çoxmədəniyyətli ölkədir və bu da serialların etnik obrazlarında öz əksini tapır.

O həmçinin qeyd edir ki, türk serialları Cənubi Amerikada və dünyanın başqa yerlərində gedən sosial dəyişikliklərlə səsləşir.

"Məsələn, bir çox Türkiyə seriallarında ucqar kəndlərdən şəhərlərə axın və şəhər həyatının çətinlikləri öz əksini tapır" - deyir cənab Gün.

Fotonun müəllifi OZAN KOSE
Image caption Ekspertlər bildirirlər ki, Türkiyə serialları bütün inkişaf etməkdə olan dünyanı narahat edən məsələlərlə səsləşir

"Bu, inkişaf etməkdə olan bir çox ölkələrdə mühüm məsələdir, lakin Qərb filmlərində qətiyyən işlənməyib".

Omar Əl-Ğazzi Birləşmiş Krallıqdakı Sheffield universitetində jurnalistikadan mühazirələr oxuyur. O Türkiyənin xalq mədəniyyəti barədə bir neçə elmi iş yazıb. Alim deyir ki, türk serialları "məftunedici modernizm təklif edir".

O izah edir: "Bu filmdəki ideyalar firavan orta sinfin həyatı barədə olduğundan mədəniyyət baxımından bir çox adamlara yaxındır".

"Ailə dəyərləri"

Türkiyə prezidenti Recep Tayyip Erdoğan serialların onun ölkəsinin beynəlxalq imic və reputasiyasını yaxşılaşdırmasını alqışlasa da, televiziya sənayesinin özü vurğulayır ki, hökumət dəstəyindən tamamilə azad və müstəqildir.

Fotonun müəllifi Getty Images
Image caption Türkiyə prezidenti ara-sıra serialları tənqid edir

Türkiyənin televiziya şirkətləri ara-sıra prezident tərəfindən də tənqid edilir. Məsələn 2012-ci ildə Erdoğan "Möhtəşəm yüzil" serialından giley-güzar etmişdi.

Erdoğanı narazı salan bu idi ki, onun fikrincə, serialda osmanlı sultanları əyyaş və arvadbaz kimi təsvir olunmuşdular.

Cənubi Amerikada isə, Çilidə yaşayan 28 yaşlı türk biznesmen Alper Akosman deyir ki, serialların hesabına indi bir çox Çili sakinləri onun doğma vətəninə maraq göstərirlər.

O əlavə edir ki, bu yaxınlarda əsas mövzusu türk serialları olan xeyriyyə fondtoplama mərasimində iştirak edib.

"Orada Türkiyə bayraqları asılmışdı, hər yerdə yeyib-içmək idi, - deyir Akosman, - Adamlar məndən soruşurdular ki, onların ürək sözlərini Türkiyədəki aktyorlara çatdıra bilərəmmi?"

"Bu televiziya serialları diplomatiyanın əldə edə bilməyəcəyi şeyləri əldə edib. Bu inanılmazdır" - deyir biznesmen.

Cənab Arslansa xatırlayır ki, o ötən fevralda prezident Erdoğanı Çili, Peru və Ekvadora səfəri zamanı müşayiət edəndə söhbətlərin başlanğıcı türk serialları olardı.

"Peruda bir nəfər mənə dedi ki, dinlərimizin və mədəniyyətlərimizin fərqlərinə baxmayaraq ailə dəyərlərimiz necə də bir-birinə bənzəyir".

Bu barədə daha geniş