Britaniya mətbuatı: George Bush 11 sentyabrda hansı söyüşü söyüb?

karbonun miqdarı sürətlə artır Fotonun müəllifi SPL
Image caption Son 14 ayda qlobal temperaturun bütün pis rekordları vurulub

"The Guardian" qəzetində Jason Hickel yazır ki, "son 14 ayda qlobal temperaturun bütün pis rekordları vurulub".

Yerin şimal qütbündəki buz örtüyü 525 min kvadrat kilometr kiçilib.

Britaniyanın aparıcı iqlim alimi, professor Kevin Anderson təəssüflə bildirir ki, hələlik qlobal istiləşmənin qarşısının alınması üçün atılmış addımlar kömək etmir. Dünya temperaturunun ildə 1, 5 dərəcədən çox artmaması hədəfinə nail olmaq mümkün olmayıb.

Lakin professor düşünür ki, hələ gec deyil, temperatur artımını 2 dərəcənin altında saxlamaq mümkündür. Amma bunun üçün karbon qazı emissiyasının 2050-ci ilədək ildə 8-10 faiz azaldılmasına nail olmaq realist məqsəddir. Bəzilərinə bu az görünə bilər. Lakin professor deyir ki, hazırda alternativ enerjidən istifadə bizə emissiyaların ildə 4 faiz ixtisarına nail olmaq imkanı yaradır.

Yeri qızmar gələcəkdən xilas etmək 21-ci əsrin ən böyük sualıdır. "The Guardian" yazır ki, çarə kimi ən müxtəlif üsullar təklif olunub.

Məsələn, fabrik və zavodlardan çıxan karbon qazınının maye halına salınması və böyük çənlərə doldurularaq yerin dərin qatlarında basdırılması təklifi edilir.

Başqa bir təklifə görə Yerin səthinə nəhəng güzgülər düzərək Günəş şüalarının bir hissəsini təkrar fəzaya göndərmək olar. Daha bir təklifə görə çıxış yolu okeanlara dəmir səpib yosunların hər yeri basmasına nail olmaqdır. Yosunlar karbon qazını yaxşı udur.

Hickel yazır ki, bu təkliflər ya təhlükəlidir, ya da onları icra edəcək texnologiyalarımız hələlik yoxdur.

Lakin mühəndislərin nəhəng geomühəndislik layihəsinin axtarışında olduqları bir vaxtda professor Anderson sadə bir təkliflə çıxış edib. Söhbət torpaqdan gedir.

Torpaq okeanlardan sonra dünyanın ən böyük karbon anbarıdır. Torpaqda planetin bütün bitki və ağaclarında olduğundan 4 dəfə artıq karbon var. Lakin meşələrin qırılması və sənayeləşdirilmiş əkinçilik, habelə gübrələr və pestisidlər torpaqları xaraba qoyur. Hazırda bütün becərilən torpaqların 40 faizi deqradasiyaya uğrayıb.

Torpaq deqradasiyaya məruz qaldıqca karbonu tutub saxlamaq qabiliyyətini itirir.

Lakin burada da çarə var. Dünya boyunca alimlər və fermerlər bildirirlər ki, torpağı yenidən canlandırmaq mümkündür. Bunun üçün sənaye əkinçiliyindən daha ekoloji əkinçiliyə keçmək, kimyəvi gübrələri təbii gübrələrlə əvəzləmək, əkin sahələrini rotasiyalaşdırmaq lazımdır.

Alimlər deyirlər ki, canlanan torpaq nəinki bətnindəki karbonu emissiya etməyəcək, hətta havadakı karbonu özünə çəkəcək.

ABŞ milli Elmlər Akademiyası iddia edir ki, regenerativ əkinçilik karbon emissiyalarını 3 faiz azalda bilər. Science jurnalında isə bildirilir ki, emissiyaların azalması 15 faiz ola bilər. Pensilvaniyadakı Rodale İnstitutu isə 40 faiz rəqəmini çıxarıb.

Eyni hesabata görə bəşəriyyət otlaqları da regenerativ üsulla işləsə qlobal emissiyaların ixtisarı 100 faizə çata bilər.

Lakin "The Guardian" bildirir ki, bu ideyaya qarşı çox nəhəng qüvvələrin müqaviməti olacaq. Ərzaq sənayesi kimyəvi gübrələrə və pestisidlərə onunla haqq qazandırır ki, planetin artmaqda olan əhalisini başqa yolla yedirtmək mümkün deyil.

Alimlər isə belə yanaşmanı "blef" adlandırırlar. Birincisi dünyanı yedirtmək problemini ərzaq qıtlığı yox, onun düzgün paylanmaması şərtləndirir. Alimlərin fikrincə hazırda 10 milyard insanı təmin edəcək qədər ərzaq istehsal olunur.

Alimlər bildirirlər ki, burada mübarizə sadəcə iki metodun arasında yox, torpağa iki münasibətin arasında gedir. Bunlardan biri nəyin bahasına olursa-olsun gəlir əldə edilməsi, digəri isə yaşayan sistemlərin bir-birindən asılılığının qəbuludur.

Söhbət təkcə torpaqdan getmir. Roma papası Francis öz xütbələrindən birində demişdi ki, hazırkı ekoloji böhran mədəniyyət patologiyasının nəticəsidir.

Müqəddəs ata bildirmişdi ki, planetin fəlakətlə üzləşməsi bizim özümüzü "yerin ağası" hesab etməyimizdən irəli gəlib.

George W Bush sentyabrın 11-də nə deyib?

Image caption ABŞ-da Dünya Ticarət Mərkəzinə edilmiş hücumdan 15 il ötür

"The Daily Mail" yazır ki, ABŞ prezidenti George W Bush-un 11 sentyabr terror hücumlarına ilkin reaksiyası ilk dəfə olaraq ictimaiyyətə açıqlanıb.

Terror hücumunun 15-ci ildönümündə o vaxtkı prezident Bush-un mətbuat katibi öz dəftərçəsinə etdiyi qeydləri dərc etdirib.

Materialla tanışlıqdan görünür ki, prezidentin terror hücumuna ilk reaksiyası onun bu akt üçün dərhal qisas almaq niyyəti olub.

Bu qeydlərdən bəlli olur ki, George Bush vise-prezident Dick Cheney-ə prezident təyyarəsi Air Force 1-dən zəng edərək deyib: "Biz bu o…şları tapmalıyıq. Biz müharibədəyik".

Dəstəyi asandan sonra prezident yanındakılara deyib: "Mən bunu edəni tapanda, məndən bir prezident kimi onların xoşu gəlməyəcək. Onlar bunun cavabını verəcəklər".

"The Mail on Sunday" yazır ki, bundan 9 gün sonra cənab Bush terrora qarşı müharibə elan edəcəkdi.

O ABŞ Konqresinə müraciətində deyəcəkdi ki, bu müharibə əl-Qaeda ilə başlayır, lakin dünyada bircə dənə də olsun terrorçu qruplaşma qalmayanadək davam edəcək.

Məqalədə deyilir ki, Fleischer-in əllə tələsik yazdığı qeydlər 11 sentyabrda George Bush-un dediklərini təsdiqləyən yeganə sənəddir.

Bu da qeyd olunur ki, keçmiş mətbuat katibi öz qeydlərini son dərəcə qiymətli bildiyindən onları bank seyfində saxlayıb.

Cənab Fleischer 2001-ci il, 11 sentyabrda cənab Bush-u Floridadakı ibtidai məktəbə səfərində müşayiət edib.

Prezidentə qaçırılmış təyyarənin Dünya Ticarət Mərkəzinin Şimal göydələninə çırpıldığı barədə informasiya məhz bu məktəbdə uşaqlarla görüş zamanı verilib.

Bu da qeyd olunur ki, ikinci təyyarə ikinci göydələnə çırpılanda Bush balacalara "Keçinin nağılını" oxuyurdu.

"The Mail on Sunday" yazır ki, hadisə barədə dərhal çıxış etməməyi Bush-a məhz Fleischer məsləhət görüb.

Fotonun müəllifi AP
Image caption "Onlar bunun cavabını verəcəklər", George Bush hadisəni eşitdikdən sonra söyləyib

Fleischer-in qeydlərində deyilir ki, hər ehtimala qarşı artıq prezident təyyarəsinə gedən yola keşikçi qvardiya düzülmüşdü. Belə bir şübhə vardı ki, içəridəki məxfi agentlərdən biri prezidentə hücum edə bilər.

Açıqlanmış qeydlərdən görünür ki, təhlükəsizlik orqanlarının müqavimətinə baxmayaraq George Bush təcili şəkildə Washington-a çatdırılmasını istəyirdi.

Məhz bu anda administrasiyanın rəhbəri prezidentə deyir: "Ən düzgün yol tozanağın yatmasını gözləməkdir".

Bütün bunlara baxmayaraq prezident həmin axşam Ağ Evə qayıdıb.

Keçmiş mətbuat katibinin qeydlərindən görünür ki, prezident şəxsi təhlükəsizliyinə qətiyyən fikir vermirmiş.

Mömin dindar olan prezident xanımı Laura-ya zəng edir və deyir: "Səni sevirəm. Ağ Evə gedirəm. Üstümə təyyarə gəlsə, bircə ümidim odur ki, İncili oxumağa macal tapım".

Qeydlərə görə bundan sonra cənab Bush Cheney-ə deyir ki, ölkəyə hökumətin iş başında olduğunu göstərmək lazımdır.

"Çünki bayaqdan telekanallar göstərir ki, ölkə bombardman altındadır…" - deyir prezident.

Qeydlərə görə prezidentə xanımının və qızlarının saxlandıqları məxfi məkanı bildirirlər. O ünvanı yazıb götürür. Bundan sonra itini soruşur: "Bəs Barney hardadır?"

"Osama bin Ladenin izinə düşüb…" - deyir administrasiya rəhbəri Card.

Obamaların romantik fotoları dərc olunub

Fotonun müəllifi Essence
Image caption Michelle Obama söyləyib ki, öz ailəsi afroamerikalı uşaqlara müsbət təsir edib

"The Telegraph" qəzeti isə ABŞ-ın hazırkı birinci ailəsindən yazır.

Məqalədə deyilir ki, qaradərili qadınların lüks Essence jurnalının üz qabığında ölkənin birinci cütünün aşiqanə fotosu verilib, jurnalın içində isə ər-arvadın çox sayda başqa fotoları və məqalə dərc edilib.

Jurnalın bu nömrəsi oktyabr ayında çıxacaq, lakin artıq sosial mediada bu fotolara münasibət bildirənlərin minlərlə postu dolaşır.

İstifadəçilərin diqqətini ən çox cəlb edən fotolar prezident və xanımı arasında dərin sevgini əks etdirənlərdir.

"Mənim Obamalarda ən xoşuma gələn və ən əsas cəhət onların bir-birinə sevgisidir" - yazır Tvitter istifadəçisi Jaimee Turner.

Başqa bir istifadəçi Nichole əlavə edir: "Bəli, qara məhəbbət. Obama məhəbbəti. Qara vücudların məhəbbəti…"

"The Telegraph" yazır ki, xanım Obama Ağ Evdə yaşadığı bütün dövr ərzində sağlamlıq idmanını təbliğ edib.

Həm də Variety jurnalının ötən ay çıxmış nömrəsində Michelle Obama öz ailəsinin afroamerikalı uşaqlara müsbət təsirindən razı qaldığını söyləyib.

Özünün səkkiz illik hakimiyyəti barədə danışan Barack Obama isə deyib ki, qoyub getdiyi irslə fəxr edir.

Cənab Obama deyib ki, o ailəsi ilə birlikdə Ağ Evdə yaşadığı anlardan ən çox yay gecələrində qızları ilə yaşıl çəmənlikdə gəzməsini və qızmar istidə ailənin iti Bonu gəzdirməsini xatırlayacaq".

Əlaqəli mövzular