Britaniya mətbuatı: Uşaq şəkillərini Facebook-da paylaşmaq təhlükəsizdirmi?

Britaniya mətbuatı

Müharibədə bütün qanunsuzluqlar qanunidir?

"The Guardian" yazır ki, New York şəhərinin keçmiş meri Giuliani prezidentliyə namizəd Trump-ın Yaxın Şərq nefti barəsində ideyasını dəstəkləyib.

Trump-ın ideyası isə bundan ibarət idi ki, Amerika Brləşmiş Ştatları İraq neftindən öz malı kimi istifadə etmək haqqına malik olmalıydı.

O deyirdi ki, bütün müharibələrdə qənimət götürmək qanuni sayılır.

"The Guardian" yazır ki, bütün beynəlxalq qanun və normalara zidd olan bu ideya geniş tənqidə məruz qalıb.

Məqalədə deyilir ki, əslində Rudy Giuliani Trump-ın namizədlik kampaniyasında onun ən yaxın müşavirlərindən birinə çevrilib.

"Orada qoşun saxlayırsan və nefti götürürsən. Əmin olmalısan ki, neft lazımi şəkildə bölüşdürülsün" - deyib Giuliani ABC-nin This Week proqramını aparan George Stephanopoulos-a.

"Bu ki, qanunsuzluq olardı" - deyib aparcı.

"Əlbəttə, tam qanuni olardı. Axı bu müharibədir. Müharibə qurtaranadək hər şey qanunidir" - deyə cavab verib keçmiş mer.

Fotonun müəllifi Mark Wallheiser/ Getty
Image caption Rudy Giuliani Trump-ın namizədlik kampaniyasında onun ən yaxın müşavirlərindən birinə çevrilib

"The Guardian" yazır ki, Giuliani-nin qeydlərindən əvvəl Donald Trump demişdi ki, ABŞ İraqı işğal edərkən nefti özünə götürməliydi.

"Qənimət qalibə çatmalıdır qaydası olub həmişə. İndi isə İraq müharibəsinin heç bir qalibi yoxdur. Mən həmişə demişəm ki, biz nefti götürməliydik" - deyib Trump NBC tərəfindən yayımlanan forumda.

Respublikaçı namizəd bundan əvvəl də bəzi ziddiyyətli təkliflərlə çıxış edib. Məsələn o deyirdi ki, terrorçuların ailələrini məhv etmək və işgəncələr praktikasını qaytarmaq lazımdır.

"The Guardian" vurğulayır ki, özü keçmiş prokuror olan Giuliani həm də iki müddətə mer seçilib, amma o da su ilə işgəncənin işgəncə olmasını qəbul etmir.

"Baxır onu necə icra edirlər, - deyirdi Giuliani 2007-ci ildə, - Bu şəraitdən asılıdır. Baxır bunu kim edir?"

Bazar günü isə o auditoriyanı inandırmağa çalışırdı ki, Trump əslində qənimətdən danışmırdı.

"O demirdi ki, biz nefti elə mütləq özümüzə götürək, - deyirdi keçmiş mer, - Yəni biz əmin olmalıyıq ki, neft terrorçuların əlinə keçməsin və onun bölüşdürülməsində biz də sözümüzü deyə bilək".

Bundan sonra Giuliani izah etməyə çalışıb ki, İraqın nefti "İslam Dövləti" təşkilatına özünü saxlamaqda kömək edib.

"Əgər ortalıqda neft olmasaydı, İslam Dövləti də olmazdı. Ona görə də o deyəndə ki, İslam Dövlətinin əsasını Obama və Hillary qoyublar, o bunu sözün əsl mənasında demir" - deyib Giuliani.

Halbuki ötən ay mühafizəkar radiolardan birinə müsahibə verən Trump bir daha təsdiqləyib ki, "mən İD-i onlar yaradıblar demişəm".

Düzdür sonralar deyib ki, bu sözləri kinayə ilə deyib.

Neft məsələsinə gəlincə isə Giuliani daha dəqiq izahat vermək istəyib.

"Əgər biz İraqda bu qədər insanımızı itirirdiksə, demək neftin bölüşdürülməsində də söz demək haqqına sahib olmalıydıq" - deyib keçmiş New York meri.

Uşaqların şəkillərini Facebook-a qoymamaq üçün 5 səbəb

Fotonun müəllifi Chris Jackson/ Getty

Bu fikir "The İndependent" saytının rəy rubrikası altında verilib.

Jacqueline Hooton yazır ki, "yenə də Facebook məktəbə qayıdan uşaqların fotoları ilə aşıb-daşır. Bundan başqa yenicə doğulmuş çağaların da fotolarını Facebook-a yükləmək dəbə minib. Biz uşaqlarımızın həyat salnaməsini internetə köçürürük".

Hooton etiraf edib ki, belə şəkilləri bir vaxtlar o özü də çox xoşlayıb və hətta övladlarının fotolarını paylaşıb.

Lakin indi o, uşaqların şəxsi həyatlarına müdaxilə yaranmasından getdikcə daha çox narahat olur.

Müəllif yazır ki, bunun əsas səbəblərindən biri də sosial medianın artıq yalnız bizim yaxın dost və qohumlarımızın çevrəsindən ibarət olmamasıdır.

Böyük haker hücumları və başqa hadisələr internetin nə dərəcədə kövrək bir yer olduğunu göstərir.

Hooton yazır ki, o uşaqların şəkillərinin sosial mediaya qoyulmasının əleyhinə beş səbəb görür:

Razılıq

Uşaqlar öz şəkillərinin geniş yayılmasının mümkün nəticələrini tam dərk edə bilməzlər. Odur ki, biz bunu etməyimizin məsuliyyəti barədə özümüzə sual verməliyik. Necə olur ki, əksəriyyətimiz dost-tanışdan onların fotolarını yaymaq üçün icazə istəyirik, amma uşağın icazəsini istəmirik. Bu, əslində uşaq hüquqlarına birbaşa ziddir.

Kövrəklik

Məsələn Beyoncé və məşhur EastEnders serialının aktrisası Jacqueline Jossa qızlarının şəkillərini internetə çıxardıqdan sonra elə internetdə də bədxahların hücumuna məruz qalıblar. Bəziləri onların qızlarını "eybəcər" adlandıraraq təhqir edirdilər. Sosial media belədir. Bura nəsə qoyursunuzsa, deməli, qiymət, rəy, şərh və reaksiya dəvət etmiş olursunuz. Bu reaksiyalar isə uşaqlar üçün heç də xoş olmaya bilər.

Həyat dərsləri

Bu yaxınlarda məşhur müğənni Kerry Katona 15 yaşlı qızı Molly-nin şəklini 479 min Twitter izləyicisinin ixtiyarına vermişdi. Molly anasına dərhal cavab tviti yazmışdı: "Mən bu şəklə nifrət edirəm. Sil, sil, sil". Uşaqların hüquqlarına hörmət etməyi öyrənmək lazımdır. Uşaqlar özünəinamı tərbiyə etməkdənsə, xarici aləmdə qiymətləndirmə axtaran böyüklərdən nə öyrənsinlər? Hooton-nun fikrincə uşaqlar elə düşünməməlidirlər ki, biz onları şöhrətbazlıq alətinə çevirmişik.

Təhlükəsizlik

Əksəriyyətimiz sosial media hesablarımızın şəxsi sirlər şərtlərinə fikir vermirik. Bəzən biz uşaqlarımız barədə informasiyanı paylaşarkən onların dəqiq yerini tanımadığımız adamlara da bildiririk. Uşaq haqqında nə qədər çox informasiya yayılırsa, o bir o qədər də böyük potensial təhlükə ilə üzləşir, yazır Hooton.

Gələcək

Hələlik çoxlarımız internetdən cavan deyilik. İnternetin cəmi 25 yaşı var. Biz bilmirik ki, bu gün paylaşdığımız informasiya ilə gələcəkdə nə edə bilərlər. Bəlkə yaydığımız informasiya uşaqlara gələcək həyatlarında əngəllər yaradacaq?!

İnternet bizi bütün dünya boyunca müxtəlif insanlarla birləşdirib. "Biz başqa insanların həyatlarının tamaşaçısı və şərhçisi olmuşuq. Biz öz aləmimizi də dünyaya açmışıq" - yazır Hooton.

Müəllifin fikrincə uşaqlar üçün potensial təhlükəni minimum etməyin yeganə yolu onlar haqqında heç bir informasiyanı paylaşmamaqdır.

Hooton təklif edir ki, hər dəfə uşağımızın şəklini internetə qoyanda fikriləşək: Bu, uzun müddətdə uşağımın maraqlarına xidmət edirmi?

Delfinlər öz aralarında söhbət edirlər

Fotonun müəllifi Handout/ Getty

"The Daily Telegraph" qəzetində elm müxbiri Sarah Knapton yazır ki, tarixdə ilk dəfə olaraq iki delfinin söhbəti sualtı mikrofonla yazılıb.

Xəbər verilir ki, bu xüsusi mikrofon müxtəlif heyvanların səslərini bir-birindən ayıra bilir.

Məqalədə deyilir ki, məməlilərin inkişaf etmiş kommunikasiya vərdişlərinə malik olduğunu alimlər çoxdan bilirdilər. Heyvanlar müxtəlif səslərlə şad, qəmli və ya qorxu altında olduqlarını bildirə bilirlər.

Lakin indi həmin xüsusi mikrofondan alınmış yazıda iki delfinin bir-birilə sözlər və hətta cümlələrlə danışdığı məlum olub.

Rusiyanın Feodosiyadakı Karadaq Təbiət Qoruğunda Yaşa və Yana adlı iki yastıburun Qara dəniz delfininin hovuzda bir-birilə söhbət etməsi qeydə alınıb.

Bəlli olub ki, hər iki delfin səs dalğaları ilə düzəldilən söz və cümlələr deyir və bir-birlərinə cavab verməzdən əvvəl "müsahibi" dinləyirlər.

Tədqiqatı aparan alim - doktor Vyaçeslav Ryabov deyib ki, iki delfin arasındakı söhbət iki adamın bir-birilə danışmasına bənzəyir.

Məlum olub ki, delfinlərin səs dalğası ilə yaratdıqları döyüntülər bir-birindən tezlik və uzunluğuna görə fərqlənir.

Alimlər bu qərara gəliblər ki, hər səs dalğası döyüntüsü delfin dilindəki müəyyən səs və sözləri bildirə bilər.

İlk addımı insan atmalıdır

Onlar həmçinin fikir veriblər ki, delfinlər söhbət zamanı bir-birlərinin sözlərini kəsmirlər. Bu isə inanmağa imkan verir ki, onlar bir-birlərini dinləyərək cavab verirlər.

Alimlərin fikrincə, delfin kommunikasiyasındakı müxtəlif səs döyüntüləri insan dilinin bütün xüsusiyyətlərinə malikdir. Bu isə delfinlərin ali zəkaya malik olduqlarından xəbər verə bilər.

"The Telegraph" yazır ki, delfinlərin beyni insan beynindən böyük və daha mürəkkəbdir.

Alimlər deyirlər ki, Yaşa və Yana bir-birləri ilə söhbətdə az qala beş sözdən ibarət cümlələr qururlar.

Məqalədə deyilir ki, alimlər hələlik delfinlərin nə danışdıqlarını bilmirlər. Onların fikrincə delfin dilini öyrənmək və onlarla birbaşa ünsiyyətə girmək lazımdır.

Doktor Ryabovun fikrincə hevanlarala "danışmaq" üçün ilk addımı insan atmalıdır.

Mən burdayam, bəs insanlar hanı?

"The Telegraph" yazır ki, delfinlərin minlərlə fit formasında səs çıxardıqları alimlərə çoxdan məlum idi, lakin onların bir-birilə danışması heç şübhəsiz tapıntıdır.

2007-ci ildə Avstraliya alimləri bəzi fitlərin mənalarını açdıqlarını bildirmişdilər. Bunlar "mən burdayam, bəs camaat hanı", "tez olun" və "burda yem var" mənalarını verən fitlər idi.

Bəzi alimlər düşünürlər ki, delfinlər həmçinin ünsiyyət üçün pərlərindən də istifadə edirlər.

Bu ilin əvvəllərində Florida alimləri bildirmişdilər ki, delfinlər arasında kommunikasiya xüsisilə də onlar nə isə çətin bir məsələni həll etməyə çalışdıqda intensivləşir.

Məsələn, onlar bidonun qapağını açmaq yollarını axtaranda öz aralarında müzakirə aparırdılar.

"The Telegraph" yazır ki, yeni tədqiqatın nəticələri "Mathematics and Physics" məcmuəsində nəşr olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş