Suriya müharibəsi: döyüşlərin dayandırılacağı gözlənilir

Suriya Fotonun müəllifi AFP
Image caption Həftə sonu həyata keçirilmiş hava hücumları nəticəsində Suriyanın üsyançıların nəzarət etdiyi ərazilərində onlarla insan həlak olub

Həftə sonu onlarla insanın ölümünə səbəb olmuş hava hücumlarının ardından, bazar ertəsi Suriyada döyüşlərin dayandırılacağı gözlənilir.

ABŞ və Rusiyanın cihadçılara qarşı birgə həyata keçirdiyi hava hücumlarının ardından 10 günlük sülh haqqında razılaşma əldə olunub.

Suriya dövlət mediasının yaydığı xəbərə görə, prezident Bəşər Əsəd cümə günü Cenevrədə əldə olunmuş razılaşmanı alqışlayıb.

Lakin üsyançıların ona əməl edəcəyi dəqiq deyil.

Azad Suriya Ordusu qruplaşmasından ABŞ administrasiyasına ünvanlanmış məktubda deyilir ki, onlar atəşkəslə bağlı "əməkdaşlıq etməyə hazırdırlar", lakin hökumətin bundan yararlanacağından ehtiyat edirlər.

Digər üsyançı qruplaşma olan, islamçı Əhrar əl-Şam razılaşmadan imtina edib.

"Altı ildir döyüşən və əziyyət çəkən üsyançı insanlar yarımçıq həlli qəbul edə bilməzlər", qruplaşmanın komandir köməkçisi Əli əl Ömər video-bəyanatla bildirib.

Atəşkəsdən əvvəl Suriya hökuməti üsyançıların nəzarət etdiyi ərazilərə ağır hava zərbələrini həyata keçirib, təxminən 100 nəfər həlak olub.

İdlib və Hələb əyalətlərində Rusiya təyyarələri də zərbələri həyata keçirib, Suriya fəalları bildirir.

Plana görə, Suriya hökumət qüvvələri müxalifətin nəzarətində olan ərazilərdə döyüşləri dayandıracaq.

Daha sonra ABŞ və Rusiya özünü İslam Dövləti adlandıran qruplaşma və Fateh əl-Şam Cəbhəsi qruplaşmalarına qarşı döyüş üçün birgə mərkəz yaradacaqlar.

Suriyada münaqişə cənab Əsədə qarşı üsyanın ardından başlayıb və beş il davam etmiş münaqişə təxminən 250 000 insanın həyatına son qoyub.

Milyonlarla insan xaricə qaçmalı olub və onlardan bir çoxu Avropa İttifaqı ölkələrində sığınacaq axtarır. Lakin təxminən 18 milyon insan hələ də Suriyadadır və döyüşlərin məngənəsində sıxışıb qalıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş