Suriya müharibəsi: Atəşkəs qüvvəyə minir

İdlib Fotonun müəllifi AFP
Image caption İdlib, 10 sentyabr, 2016. Yaralı kişi və uşaq hava hücumundan sonra ərazidən çıxarılır.

Suriyada vuruşan tərəflər arasında atəşkəs əldə edilib.

Razılığa yeddi gün ərzində əməl olunarsa, ABŞ və Rusiya cihadçı silahlılara qarşı koordinasiya edilmiş hava hücumları həyata keçirəcəklər.

Suriya dövlət mediası deyir ki, Prezident Bəşər əl-Əsəd cümə günü Cenevrədə əldə olunmuş razılaşmanı alqışlayıb. Atəşkəs razılaşması Rusiya və ABŞ arasında aylarla davam edən danışıqlardan sonra əldə edilib.

Ancaq üsyançı fraksiyaların bu razılaşmaya əməl edəcəyi aydın deyil. Vuruşmaların dayandırılması barədə razılaşma rəsmən bazar ertəsi axşam qüvvəyə minib.

Bundan əvvəl Azad Suriya Ordusu qrupu ABŞ administrasiyasına məktub yazaraq bildirib ki, atəşkəslə bağlı "müsbət əməkdaşlığa" hazır olsa da, bundan daha çox hökumətin yararlanacağından narahatdır.

Digər üsyançı qrup, sərt xətt tərəfdarı olan Əhrar əl-Şam əvvəlcə razılaşmanı rədd etsə də, sonradan mövqeyini yumşaldıb.

Reuters agentiliyi müxalif qruplara istinadla xəbər verir ki, atəşkəsi ölkədəki "böyük qruplar", o cümlədən Əhrar əl-Şam müdafiə edəcək.

Atəşkəs əldə olunmazdan öncə danışan Prezident Əsəd deyib ki, Suriya dövləti "bütün əraziləri cihadçılardan azad etməyə və yenidən qurmağa qərarlıdır".

Atəşkəsə əməl olunarsa...

Özünü İslam Dövləti adlandıran qrup və Fateh əl-Şam Cəbhəsi kimi cihadçı qruplar Rusiya və ABŞ hava qüvvələrinin birgə qüdrətilə üzləşəcək.

Mötədil qruplar və onların tutduğu ərazilərdəki mülkilər hava hücumu təhlükəsilə üzləşməyəcək və hazırda mühasirədə olan ərazilərə yardım çatdırılmasına icazə veriləcək.

Prezident Əsədin mövqeyi güclənəcək, çünki ABŞ və Rusiya onun iki ən güclü hərbi opponentilə mübarizə aparacaq. Mötədil qruplar isə Əsəd qüvvələrinə atəş açmayacaq.

Suriya böhranında əsas ölkələr hansıdır?

Suriya: Münaqişənin tarixçəsi

Bu barədə daha geniş