Britaniya mətbuatı: Prezidentlər hansı xəstəliklərini gizlədiblər?

Hillary Clinton Fotonun müəllifi AP

"The Independent"in saytında dərc olunmuş məqalədə Washington müxbiri Rupert Cornwell yazır ki, xəstəliyi Hillary Clinton-u prezidentlikdən məhrum edə bilər, lakin tarixən ABŞ prezidentləri çox ciddi və təhlükəli xəstəliklərini gizlədə biliblər.

Məqalədə deyilir ki, hər bir adamın səhhəti onun şəxsi işidir, lakin söhbət ABŞ prezidentliyinə namizədin sağlamlığından gedirsə, bu, artıq şəxsi iş ola bilməz. Məhz buna görə də böyük bir ehtimalla Hillary Clinton indi öz sağlamlıq vəziyyətinin bütün təfərrüatlarını açmağa məcbur ediləcək.

Lakin bununla belə, ABŞ-ın açıqlıq reputasiyasına baxmayaraq, dünyanın ən qüdrətli şəxsinin sağlamlığı heç də həmişə şəffaf məsələ olmayıb.

Müəllif yazır ki, ümumən ABŞ prezidentləri kifayət qədər sağlam olurlar. Elə təkcə bunu demək kifayətdir ki, 18 ay ay davam edən namizədlik kampaniyasının öhdəsindən yalnız top kimi sağlam olmaqla gəlmək olar. Lakin hətta buna da baxmayaraq ABŞ tarixində bunun əksini göstərən bəzi istisnalar olub.

25-ci əlavə

Məqalədə deyilir ki, 1967-ci ildə Konstitusiyaya edilmiş 25-ci düzəlişə qədər ABŞ prezidentinin iş başında vəfat etməsi halında hansı prosedurların işə salınmasının dəqiq mexanizmi olmayıb.

Əslində yeni tarixdə prezidentlik postunda olduğu vaxt iki nəfər öz əcəli ilə ölüb.

1923-cü ildə Warren Harding ürək infarktından vəfat edib və 1945-ci ilin aprelində, 4-cü müddətə təzəcə and içmiş Franklin Roosevelt beynə qan sızmasından dünyasını dəyişib. Lakin bundan əvvəl və sonra əcəlin Ağ Evin yaxlınlığında dolaşdığı vaxtlar olub.

Woodrow Wilson 1919-cu ilin oktyabrında keçirdiyi iflicdən sonra prezidentliyin qalan 17 ayını fiziki məhdudiyyətli şəxs kimi keçirib. Onun səhhətinin yaxşı durumda olmadığını həkimlər əvvəldən də bilirmişlər.

1955-ci ildə prezident Dwight Eisenhower-in infarkt keçirdiyi xəbəri ictimaiyyətə açıqlansa da, belə başa düşmək olar ki, onun vəziyyətini əslində olduğundan daha yumşaq təqdim ediblər.

Məqalədə deyilir ki, bütün bu halların arasında ən maraqlısı Eisenhower-dən sonra prezident olmuş John Kennedy ilə bağlıdır.

"JFK qatil gülləsindən ölüb, lakin onun tibbi problemləri vaxtında açıqlansaydı, o əslində prezident seçilməyə də bilərdi" - yazır Rupert Cornwell .

Kennedy Addison xəstəliyindən, başqa sözlə, böyrəküstü vəzlərin pozuntusundan əzab çəkirmiş. Bundan başqa onun koliti (düz bağırsağın iltihabı) və xroniki bel ağrıları da varmış. Təəccüblüsü budur ki, bütün bunlar onun prezidentliyinə mane olmurdu, amma ictimaiyyətə də açıqlanmamışdı.

Hətta 1960-cı ildə ona rəqib namizəd Lyndon Johnson-un düşərgəsi JFK-in Addison xəstəliyindən əzab çəkdiyini elan edəndə, Kennedy-nin düşərgəsi bu iddianı yüngülcə rədd etmişdi və bu söhbətə bir daha qayıdılmamaışdı. 1964-cü ildə prezidentlik kürsüsünə əyləşən Johnson-un özü də əvvəllər bir neçə infarkt keçirmişdi və bütün prezidentliyi boyunca onu qəfil vura biləcək daha bir infarktın qorxusu ilə yaşamışdı.

Bush-u çərəz boğacaqmış

Fotonun müəllifi AFP

1991-ci ilin mayında prezident George H.W. Bush-u ürək qulaqcıqların fibrilyasiyası, yəni aritmiyası tutmuşdu. Məqalədə deyilir ki, o zaman ən böyük narahatlıq 25-ci düzəlişə əsasən Dan Quayle-in prezident ola biləcəyindən idi. Amma Bush xəstəlikdən çox çevik dirçələ bilmişdi.

Amma bəziləri bu qənaətdədirlər ki, xəstəlik ondan əl çəkməmiş və 1992-ci ildə Bill Clinton-a məğlubiyyətinin səbəblərindən biri olmuşdu.

Ata Bush-un xəstəliyi bir də özünü Yaponiyadakı dövlət ziyafətində yediyini qaytarması ilə büruzə vermişdi.

Elə oğul Bush-un başına iş gəlib. 43-cü ABŞ prezidenti 2002-ci ildə Ağ Evdə televizora baxa-baxa yediyi pretzel çərəz peçenyesinin boğazında qalmasından boğulurmuş.

Məqalədə deyilir ki, xanım Clinton-un 48 saatdan sonra açıqlanmış xəstəliyi - sətəlcəm demokrat namizədin başqa xəstəlikləri ilə birlikdə təhlükəli ola bilər. Onun iki dəfə beyin sarsıntısı keçirdiyi və qan laxtalanması əlaqədar hələ də qandurulducu preparatlar qəbul etdiyi bilinir.

"O hələlik prezident deyil, lakin qaydalar artıq ona da şamil edilə bilər" - deyilir məqalədə.

Planetin yaşaması üçün doğuşu azaltmaq lazımdır?

Fotonun müəllifi Getty Images

"The Guardian" qəzeti Johns Hopkins Universitetinin Berman Bioetika İnstitutunun alimi Travis N Rieder-in məqaləsini dərc edib.

Alimin məqaləsində bildirilir ki, bəşəriyyət Yer planetinin gələcəyini xilas etmək istəyirsə, öz artımını nəzarət altına almalıdır.

Müəllif yazır ki, onun bu barədə mətbuatda çıxışı Facebook-da 70 min dəfə paylaşılıb və ona minlərlə reaksiya verilib.

Rieder yazır ki, bu məqaləsində elə sosial mediadakı bəzi reaksiyalarla bağlı münasibətini bildirmək istəyib.

Alim bildirir ki, tənqidçilərin böyük əksəriyyəti onu iqlim dəyişikliyi barədə söhbətlərə aşırı reaksiya verməkdə günahlandırıblar. Bu adamlar bildirirdilər ki, insanların doğumu məhdudlaşdırması iqtisadiyyatı inkişafdan qoya bilər.

Bəziləri isə ümumiyyətlə iqlim dəyişikliyi məsələsini fırıldaq hesab edirlər və yazırlar ki, bunu dünya resurslarını ələ keçirmək istəyən qüvvələr uydurublar.

Alim yazır ki, belələrini alimlərin 97 faizinin iqlim dəyişikliyinin artıq baş verdiyini bildirməsi inandıra bilməyibsə, o necə inandıra bilər?

"Elə adamlar da var ki, qlobal istiləşmənin deyildiyi qədər də fəlakətli olmayacağına inanırlar, - yazır alim, - Onlar deyirlər ki, adamları lüzumsuz yerə qorxutmaq, onları dünyaya övlad gətirməkdən çəkindirmək lazım deyil".

İqlim qaçqınları

Bundan sonra müəllif konkret rəqəmlərə keçir. O yazır ki, dünya temperaturunun 1,5-2 dərəcə artması "təhlükəli" və "çox pis" olacaq, temperaturun 4 dərəcə artması isə fəlakətlə nəticələnəcək, dünyanın böyük əraziləri insanın yaşaması üçün yararsız hala düşəcək.

Dünya Bankının hesabatında bildirilir ki, qlobal temperaturun 1.5-2 dərəcə artması ekstremal hava şəraitlərini artıracaq, dəhşətli istilər və kəskin daşqınlar baş verəcək. Ərzaq istehsalı azalacaq, proqnozlaşdırılmayan infeksiyalar yayılacaq. Okeanın səviyyəsi yüksələrək sahil şəhərlərini təhlükə qarşısında qoyacaq.

Məqalədə deyilir ki, Dünya Səhiyyə Təşkilatının təxminlərinə görə 2030-2050-ci illərdən başlayaraq ildə azı 250 min insan iqlimlə bağlı səbəblərdən dünyasını dəyişəcək.

Alim yazır ki, ola bilsin, inkişaf etmiş ölkələr ilkin ziyandan qoruna biləcəklər, lakin bu, bütövlükdə planeti bürüyəcək fəlakətin sərtliyini azaltmayacaq.

Dünya Bankının hesabatında deyilir ki, qlobal temperaturun 4 dərəcə artması Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi hövzəsi kimi yerlərin əhalisizləşməsinə səbəb olacaq. Milyonlarla, bəlkə də milyardlarla insan iqlim qaçqınına çevriləcək.

Hər bir uşaq emissiya mənbəyidir

Rieder yazır ki, onun doğum reytini aşağı salmaq ideyası uşaqlara nifrətindən qaynaqlanmır.

Məqalədə deyilir ki, yeni həyat artıq mövcud olan həyata ziyan vurmamalıdır.

Alim bildirir ki, hətta ən yaxşı halda da, yəni karbon emissiyalarını cilovlamağın mümkün olacağı təqdirdə də insanlar planet əhalisinin artımını cilovlamaq probemi qarşısında qalacaqlar, çünki Yerin nə qədər insan əhalisini saxlaya bilməsi də onun məhdud imkanlarından asılı olacaq.

Odur ki, dünyaya gətirilən hər bir uşaq lap dahi olsa belə karbon qazını emissiya edən mənbədir.

Alim yazır ki, onun bir sıra tənqidçiləri Yaponiya, Almaniya və İtaliya kimi ölkələrdə, əksinə sonsuzluğun problemə çevrilməsini əsas gətirirlər. Onlar deyirlər ki, məhz buna görə də artımı buxovlamaq yox, daha sağlam nəslin yetişdirilməsi haqqında düşünmək lazımdır.

Lakin Riederin fikrincə Yer əhalisi bütün hallarda sonsuza qədər arta bilməz.

Alim yazır ki, bəşəriyyət, ya planetin sabit və dayanıqlı əhalisi problemini həll etməli olacaq, ya da təbiət özü zorakı və gözlənilməz şəkildə bəşəriyyəti bu problemin həllinə məcbur edəcək".

Fertillik mövzusu niyə tabudur?

Fotonun müəllifi SPL

"The Express" yazır ki, bu ayın əvvəllərində BBC aparıcısı Alex Jones 39 yaşında ilk dəfə hamilə olduğunu bəyan edib.

Tanınmış aparıcı deyib ki, anası ona öz menopauzasının 43 yaşında başlandığını danışanda, sanki onu yuxudan ayıldıb. O "bioloji saat" adlı bir fenomeninin həqiqət olduğunu dərk edib.

"The Express" yazır ki, başqa sözlərlə aparıcı onun üçün hamiləlik möhlətinin ötdüyündən narahat olub.

Məqalədə deyilir ki, Alex hətta "Fertillik və Mən" adlı sənədli film hazırlayıb.

Teleaparıcı təəssüflə bildirib ki, orta məktəbdə, hətta universitet illərində də gənclərə nəsilartırma, uşağaqalma, nəsilartırma orqanlarının xəstəlikləri, sperm sıxlığı kimi anlayışları öyrətmirlər.

Alex deyib ki, hətta indi də bu kimi məsələlər laızımınca müzakirələrə çıxarılmır və qadın fertilliyi mövzusu tabu olaraq qalır. Hamilə ola bilməyən qadınlara ədalətsiz münasibət hökm sürür.

"Məsələn heç kim demir ki, 40 yaşdan sonra kişilərin fertilliyi dramatik şəkildə azalır" - deyib Alex Jones.

Əlaqəli mövzular