Şimali Koreyada daşqınlar: on minlərlə insan didərgin düşüb

Şimali Hamyong əyaləti Fotonun müəllifi AFP
Image caption Bəzi yerlərdə bütün kənd yuyulub

Humanitar yardım təşkilatları xəbərdarlıq edirlər ki, Şimali Koreya on minlərlə insanın didərgin düşməsinə səbəb olan daşqına görə fəlakətlə üz-üzədir.

BMT və Beynəlxalq Qırmızı Xaç bildirir ki, rəsmilər 133 ölüm halının qeydə alındığını və 400 nəfərin itkin düşdüyünü deyib.

Xilasedici qruplar ən çox zərər çəkmiş ərazilərə hələ gedə bilməyib.

Şimali Koreya adətən ərzaq çatışmazlığından əziyyət çəkən ölkədir və bu səbəbdən əhalini yedirmək üçün xarici yardımdan asılıdır.

Fotonun müəllifi AFP
Image caption Evlər, məktəblər və digər ictimai binalar da dağılıb.

BMT bu il Şimali Koreyaya 8 milyon dollar humanitar yardım ayırıb.

Daşqınlar Lionrock qasırğasının nəticəsində yaranıb.

Bundan əvvəl Şimali Koreya beşinci dəfə nüvə silahını sınaqdan keçirdiyi üçün qlobal tənqidlərlə qarşılanıb.

Cümə günü baş vermiş hadisə Şimali Koreyada ən böyük sınaq hesab edilir. Güman edilir ki, bundan sonra Şimali Koreyaya qarşı sanksiyalar gücləndiriləcək.

Fotonun müəllifi AFP
Image caption Tarlaların yuyulması Şimali Koreyada mövcud qida çatışmazlığı problemini artıra bilər

Beynəlxalq Qırmızı Xaç təşkilatının Şimali Koreya nümayəndəliyinin rəhbəri Chris Staines bildirib ki, ölkə "çox böyük və mürəkkəb fəlakətlə" üzləşib.

"Daşqınlara görə didərgin düşmüş adamların vəziyyəti ağırdır və xüsusilə insanların sağlamlığı ilə bağlı ikinci fəlakət baş verə bilər" o AFP agentliyinə bildirib.

BMT-nin Humanitar Əlaqələr üzrə Koordinasiya ofisi bildirib ki, 140 min insana "təcili yardım" lazımdır.

BMT-nin Şimali Koreyadakı nümayəndəsi Murat Şahin qeyd edib ki, fəlakət "rəsmilərin təsvir etdiyindən də böyükdür".

Dövlət mediası bildirib ki, rayonlarda insanlar "böyük zərər" çəkib.

Əlaqəli mövzular