Britaniya mətbuatı: Alimlər “anasız” uşaq yaratmağa çalışıblar

Britaniya mətbuatı

Avropa İttifaqının "Şərq-Qərb çatı" böyüyür

"The Daily Telgraph" qəzetinin Avropa redaktoru Peter Foster yazır ki, Şərqi Avropa ölkələri Avropa Komissiyasını avtoritarlıqda ittiham ediblər və Brüsseli "özünün federalist ambisiyalarından" əl çəkməyə çağırıblar.

Onlar bildiriblər ki, Britaniyanın Avropa İttifaqından ayrılması məhz Avropa Komissiyasının ambisiyaları ucbatından baş verib.

"Aİ dəyişməlidir, biz onu islah etməliyik". Bu sözləri Polşa baş naziri Beata Szydlo Varşavada keçirilən görüş zamanı Avropa Şurasının prezidenti Donald Tusk-a deyib.

"The Telegraph" diqqəti belə bir məqama çəkir ki, bu cümə günü Bratislavada keçiriləcək Aİ sammitində üzv ölkələrin liderləri çox ciddi müzakirələrin iştirakçısı olacaqlar.

Məqalədə deyilir ki, Avropadakı Şərq-Qərb parçalanması həm də Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-in bu gün Avropa Parlamenti qarşısında edəcəyi "İttifaqdakı vəziyyət" nitqinin ərəfəsinə təsadüf edir.

Foster yazır ki, Brexit-dən sonra İttifaqın daha da möhkəm dayanmaq əzmini göstərməli olan Bratislava sammitinə lap az qalmış, üzv ölkələr arasında İttifaqın gələcəyinə dair böyük fikir ixtilafları baş qaldırıb.

Macarıstan-Lüksemburq söz müharibəsi

Fotonun müəllifi Florian Gaertner/ Getty
Image caption Jean Asselborn (sağda) deyib ki, Macarıstan Aİ-nin "təməl" prinsiplərini kobud şəkildə pozur

Bu arada Lüksemburqun xarici işlər naziri bəyan edib ki, Macarıstan kimi avtoritar, media azadlıqlarını boğan, qaçqınlar qarşısında tikanlı məftillər çəkən ölkə Avropa İttifaqından xaric edilməlidir.

Jean Asselborn deyib ki, Macarıstan Aİ-nin "təməl" prinsiplərini kobud şəkildə pozur.

Macarıstan bu ittihama dərhal cavab verib. Bu ölkənin xarici işlər naziri Peter Szijjarto deyib ki, "cənab Asselborn kimi federalistlərə görə" Avropanın təhlükəsizlik sistemi və mədəniyyəti çökə bilər.

Bu qarşıdurmanın köpünü almaq üçün Almaniya, Litva və Latviya tərpəniş göstəriblər.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, o, Avropa İttifaqının "səbirsizliyini" başa düşür, lakin təşkilatın üzv ölkəsinə "qapını göstərmək" o qədər də faydalı təşəbbüs deyil.

"The Telegraph" yazır ki, Avropa İttifaqında yaranmış çat bilavasitə Qərbi və Şərqi Avropaların arasından keçir. Şərq, İttifaqın miqrasiya kvotalarını və multikulturalizm ideyalarını rədd edir.

Məqalədə deyilir ki, əslində cənab Tusk bu kimi fikir ixtilaflarını yumşaltmaq məqsədilə üzv ölkələrə səfərə çıxmışdı, amma elə bir uğur qazana bilməyib.

Tusk Polşaya xəbərdarlıq edib ki, üstündə oturduğu budağı çox da silkələməsin. O yada salıb ki, məhz Aİ ölkələri arasında olan müqavilələr Polşaya milyardlarla avroluq vəsaitlər verib və "milyonlarla Polşa işçisini firavan Qərbi Avropada iş yerləri ilə təmin edib".

İxtilafa səbəb nədir?

Foster belə bir sual verir: Aİ üzvləri arasındakı ixtilaf nəyin üstündədir?

Müəllif yazır ki, Şərqi Avropa ölkələri Aİ-ni milli demokratiyaların və milli demokratik icmaların birliyi kimi görürsə, Qərb, əsasən də Almaniya, Fransa və İtaliyanın simasında bundan daha dərin inteqrasiyanı, yəni vahid və bölünməz demokratiyanı dəstəkləyir.

Şərqi Avropa ölkələri "Paytaxtlar Avropası" şüarını irəli sürdüyü bir vaxtda, Fransa İtaliya və Almaniya vahid Avropa silahlı qüvvələrindən söhbət salır.

Məsələn, elə bu həftə Fransa və Almaniyanın müdafiə nazirləri "Vahid Avropa Müdafiəsi" adlı 6 səhifəlik işçi sənədin müzakirəsinə başlayıblar.

Bu layihəyə görə Avropa İttifaqının silahlı qüvvələri vahid komandanlığa tabe etdirilməlidir.

Çözüm varmı?

Bəs bu ixtilaf necə çözülə bilər? Bu yaxınlarda Avropanın məşhur analitik mərkəzlərindən Bruegel "kontinental partnyorluq" adlı layihə təqdim edib. Bu layihəyə görə Avropa İttifaqında Britaniyanın istədiyi kimi daha sərbəst üzvlüyə imkan yaradılmalıdır.

"The Telegraph" yazır ki, Bruegel-in bu planı Berlin və Brüssel tərəfindən sərt şəkildə rədd edilib. Layihənin hazırlanmasında iştirak etmiş keçmiş Almaniya ətraf mühit naziri Norbert Röttgen isə əməlli-başlı tənbeh edilib.

Digər tərəfdən Avropa İttifaqının maliyyə çətinlikləri də Qərbi Avropa üçün ciddi problemlər yaradır. Məsələn, belə ehtiyatlanmalar var ki, Yunanıstanın borc böhranı yenidən gündəmə gələ bilər. Almaniya hədələyib ki, əgər bu məsələdə Beynəlxalq Valyuta Fondunun dəstəyi olmasa, Berlin sazişdən çıxmalı olacaq.

Juncker-in bu gün edəcəyi nitqə gəlincə isə, təhlilçilər onun 27 üzvlük Avropanın yekdilliyini vurğulayacağını və bütün üzvlər üçün şirnikləndirici vədlər verəcəyini gözləyirlər.

Məsələn, vahid ordunun və vahid sərhəd qoşunlarının yaradılması gənclər üçün yeni iş yerlərinin açılmasına kömək edə bilər.

Lakin avroskeptiklər ittifaqın gələcəyinə şübhə ilə baxırlar. Britaniyanın Avropa İttifaqından çıxması kampaniyasına rəhbərlik etmiş siyasətçilərdən biri, UKİP partiyasının lideri Nigel Farage "The Telegraph" qəzetinə deyib: "Əgər onların Brexit-ə cavabı vahid ittifaq ordusudursa, onların vəziyyəti doğrudan da ağırdır".

Şəkər sənayesinin "şirin yalanları"

Fotonun müəllifi Al Barry/ Getty

"The İndependent" yazır ki, qüdrətli şəkər sənayesi şəkərin sağlamlığa ziyanını ört-basdır etdirmək üçün alimlərə böyük məbləğlərdə pul ödəyiblər.

Məqalədə deyilir ki, şəkər sənayesi şəkərin ürək xəstəliklərinin yaranmasındakı rolunu yumşaldan və əksinə əsas təqsirkarın piy olmasını isbat edən bir sıra elmi araşdırmaların sponsorluğunu edib.

Bu sirrin üstü San Francisco Universitetinin şəkər lobbisinə dair araşdırmaları zamanı açılıb.

JAMA Internal Medicine jurnalında dərc olunmuş məqalədə söhbət şəkər lobbisinin tarixindən gedir.

"The İndependent" yazır ki, şəkərin ürək xəstəliklərinin yaranmasındakı roluna dair ilk elmi işlər 1950-ci illrədən peyda olmağa başlamışdı. Hazırda bu yanaşma öz təsdiqini ən möhkəm şəkildə tapıb.

Buna baxmayaraq, indi məlum olur ki, şəkər sənayesi, 1950-60-cı illərdə Harvard Universiteti alimlərinin ürək xəstəliyinin əsas səbəbinin piy olduğunu isbat edən elmi araşdırmalarına sponsorluq edib.

Məqalədə deyilir ki, məhz buna görə də Qərbdə uzun illər xəstəliklərə şəkər yox, məhz piy və xolesterolun əsas səbəb olduğuna inanılıb.

Məsələn 1965-ci ildə Şəkər Assosiasiyasının maliyyələşdirdiyi araşdırmanın nəticələrində deyilirdi ki, ürək xəstəliklərinin qarşısını almaq üçün qəbul olunan şəkəri yox, xolesterolu azaltmaq lazımdır.

Arxiv sənədlərində bu araşdırma üçün şəkər sənayesi tərəfindən 50 min dollar ödəndiyi görünür.

San Francisco Universitetinin araşdırmaçıları bildiriblər ki, belə "elmi işlərin" dərc olunduğu jurnal və məcmuələrdə sponsorların adları bir qayda olaraq göstərilmirdi.

Aparıcı araşdırmaçı Cristin Kearns deyib ki, belə elmi işlər nəinki ictimaiyyəti çaşdırır, hətta alimlər icmasını da təsirləndirirdi.

Tədqiqatı aparanlar şəkər lobbisi ilə Roger Adams və Mark Hegsted adlı iki alim arasında 340 məktubun məzmunu ilə tanış olublar.

Təəccüblü deyil

"The İndependent" yazır ki, təkcə ötən il Şəkər Araşdırmaları Fondu şəkərin dişlərin xarab olmasındakı rolunu azaltmağa cəhd göstərib.

Məqalədə deyilir ki, nəhəng ərzaq şirkətlərinin elmi araşdrımaların nəticələrinə təsiri bu yaxınlarda şirniyyat şirkətlərinin və Coca-Cola şirkətinin təftişi zamanı da aşkar olub.

Bu araşdırma layihəsində iştirak etməyən New York alimi Marion Nestle JAMA Internal Medicine jurnalındakı məqalədə aşkar edilmiş faktları "çox ciddi" adlandırıb.

Alim deyib ki, sözü gedən təhqiqat şəkər ticarəti ilə məşğul olan sənayeçilərin nəinki elmi araşdırmaları maliyyələşdirməsini, hətta onların nəticələrini sifariş etdiyini göstərib.

Bu nəticələrə görə bir qayda olaraq şəkər istehlakının ürək-damar xəstəliklərinin yaranmasındakı rolu az qala inkar edilirdi.

Action on Sugar antişəkər kampaniyasının rəhbəri professor Graham MacGregor "The İndependent" qəzetinə deyib ki, nəticələr onu təəccübləndirməyib.

"İstənilən ərzaq sənayesi alimləri ələ almaq üçün pul ödəməyə hazırdır" - deyib alim.

Lakin o bunu da əlavə edib ki, şəkərin aşırı qəbulu ürək xəstəliklərindən daha çox diabet xəstəliyinin yaranmasına təsir edir.

"The İndependent" yazır ki, Amerika şəkər sənayesi tərəfindən 1943-cü ildə yaradılmış lobbi qrupu öz fəaliyyətində daha şəffaf davranmalı olduğunu etiraf edib.

Bununla belə lobbiçilər "60 il əvvəl baş vermis hadisələrə görə" məsuliyyəti qəbul etməyin çətin olduğunu söyləyiblər.

"Anasız" uşaq yaratmaq mümkündürmü?

Fotonun müəllifi SPL
Image caption Normal halda rüşeymin mayalanması üçün spermin yumurta ilə birləşməsi lazım gəlir

"The Metro" qəzeti yazır ki, Britaniya alimləri ananın iştirakı olmadan uşaq yetişdirilməsinin mümkünlüyünü göstərən eksperiment aparıblar.

Alimlər deyirlər ki, bu nəticələr cəfəng görünsə də, prinsipcə elmi baxımdan tamamilə mümkündür.

Siçanlar üzərində təcrübə aparan alimlər qrupu rüşeymin ana yumurtası olmadan yetişdirilməsinə çalışıblar.

Lakin bu zaman yumurtadan istifadə edilməsə də, spermdən istifadə olunub.

Normal halda rüşeymin mayalanması üçün spermin yumurta ilə birləşməsi lazım gəlir.

Amma alimlər əvəzində spermi ayrı toxumalardan, məsələn dəridən götürülmüş hüceyrə ilə bilrəşdiriblər.

Bu isə prinsipcə o deməkdir ki, kişi toxumu sayılan spermlə adi hüceyrələri də mayalandırmaq və yumurtadan istifadə etməmək mümkündür.

"The Metro" yazır ki, bu üsulun tətbiqi gələcəkdə, məsələn homoseksual kişi cütlərinin dünyaya övlad gətirməsinə yol aça bilər.

Bu zaman onların birindən götürülmüş sperm digərinin hər hansı toxumasının hüceyrəsi ilə calaşdırıla bilər.

Amma alimlər deyiblər ki, təcrübədən əsas məqsəd mayalanma qabiliyyətini itirmiş qadınlara dünyaya övlad gətirməkdə kömək etməkdir.

Təcrübə komandasına başçılıq edən Bath Universitetinin aparıcı alimi Tony Perry deyib ki, "bizim əldə etdiyimiz nəticə sadəcə olaraq rüşeymin yalnız yumurtanın mayalanmasından yarandığına dair 1827-ci ildən bəri hakim olan hökmə son qoyur".

Lakin alim etiraf edib ki, ilkin təcrübə sadəcə olaraq prinsipi nümayiş etdirib, lakin yaşamaq qabiliyyətinə malik yumurtasız rüşeymin yetişdirilməsinə gedən yolda hələ çox böyük maneələr var.

"Bu tamamilə mücərrəd, nəzəri, amma maraqlı nəticədir" - deyib alim.

Əlaqəli mövzular

Bu barədə daha geniş