Rusiyalı hakerlər Simone Biles və Serena Williams-ın məlumatlarını yayıb

Simone Biles-ın məxfi tibbi məlumatları yayılıb Fotonun müəllifi AP
Image caption Simone Biles-ın məxfi tibbi məlumatları yayılıb

Dünya Anti-Dopinq Agentliyi (WADA) rusiyalı hakerləri ABŞ-ın ulduz olimpiyaçılarının məxfi tibbi məlumatlarını yaydığına görə sərt tənqid edib.

Hakerlərin əməllərindən zərərçəkmiş idmançılar tenis oyunçuları Venus və Serena Williams, o cümlədən yeniyetmə gimnast Simone Biles-dır.

Özünü "Fancy Bears" (Sevimli Ayılar) adlandıran qrup WADA-nın məlumat bazasına haker hücumu ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Məlumat sızmasından sonra, xanım Biles deyib ki, o uzun müddət Diqqət Çatışzmalığı Hiperaktiv Pozğunluğuna qarşı dərman qəbul edib.

Haker qrupu onu "qanunsuz psixi-stimulyator" dərmanları qəbul etməkdə ittiham edib, lakin xanım idmançı deyib ki, o, "hər zaman qaydalara riayət edib".

Rio Olimpiadasının dördqat çempionu WADA-nın qadağan olunmuş dərmanlar siyahısında olanları qəbul etmək üçün agentlikdən xüsusi razılıq alıb, ABŞ Gimnastlarının yaydığı bəyantda deyilir.

WADA verdiyi açıqlamada bildirib ki, hakerlər global anti-dopinq sistemini pozmağa cəhd edib.

Rusiya hökuməti sözçüsü Dmitri Peskov deyib ki, rəsmi Kremlin və ya hər hansı məxfi xidmətin haker məsələsində iştirakı "müzakirə mövzusu ola bilməz", Rusiya xəbər agentlikləri yazıb.

Hakerlər idmançıların tibbi ehtiyac səbəbindən qadağan olunan dərmanların istifadəsinə icazə verən "Müalicə məqsədli istisnalar" (TUEs) bölməsinin məlumat bazasına daxil olublar.

'Etimada xələl'

"Bu da məlum olsun ki, bu cür cinayət hərkətləri global anti-dopinq təşkilatının Rusiyaya qarşı yenidən etimad göstərməsinə xələl gətirir", WADA baş direktoru Olivier Niggli deyib.

ABŞ Anti-Dopinq Agentliyinin rəhbəri Travis Tygart hakerləri "qorxaq və rəzil" adlandırıb.

"Hər bir situasiyada idmançılar lazım olan dərmanlardan istifadə etməyə icazə almaq üçün qlobal qaydalara əməl edərək hər şeyi düzgün edib", o deyib.