Britaniya mətbuatı: Qurban bayramının “qan çayları”

Britaniya mətbuatı

Hakerlik Rusiyaya baha başa gələ bilər

"The Daily Telegraph" yazır ki, Dünya Anti-Dopinq Agentliyi WADA-nın məlumat bankı haker hücumuna məruz qaldıqdan sonra Rusiyaya qoyulmuş "olimpiya qadağanı" daha da uzadıla bilər.

WADA haker hücumunda və olimpiyaçıların tibbi məlumatlarının internetə sızdırılmasında Rusiya hakerlərini ittiham edib.

Məqalədə deyilir ki, haker hücumunun Rusiya ərazisində fəaliyyət göstərən və hökumətə bağlı olduğu deyilən qrup tərəfindən törədildiyinə inanılır.

Ekspertlər ehtimal edirlər ki, Rusiya öz idmançılarının dopinq qalmaqalı ilə əlaqədar Olimpiya Oyunlarına buraxılmamasının qisasını alıb.

Rusiya adətən olduğu kimi bu ittihamları rədd edib.

Rusiyadan olduqları düşünülən hakerlər agentliyin tibbi məlumat bazasından tennisçi Williams bacıları və gimnast Simone Biles da daxil ABŞ idmançılarının fayllarını sızdırıblar.

WADA-nın britaniyalı prezidenti lord Craig Reedie deyib ki, o haker hücumunun mənbəyi barədə tamamilə əmindir.

O bildirib ki, Rusiyanın dopinqlə bağlı qaydalara ciddi əməl etməyə başlaması ona bəraət verilməsində həlledici rol oynamalı idi, lakin indi bu etimada ciddi zərbə vurulub.

Rusiyanın idman naziri Vitali Mutko ittihamları rədd edib və deyib ki, Qərb hər şeydə Rusiyanı ittiham etməyə çalışır.

O haker hücumunu həyata keçirmiş "Şən ayılar" adlı qrupun hökumətlə bağlılığına dair bütün iddiaları təkzib edib.

"The Telegraph" yazır ki, sızdırılmış məlumatlara həm də Serena və Venus Williams bacılarına, habelə gimnastika ulduzu Biles və ABŞ basketbol komandasının oyunçusu Elena Delle Donne kimi idmançılara səhhətləri ilə bağlı müəyyən preparatların qəbulu üçün istisna qaydasında verilmiş icazələr də daxildir.

WADA "The Telegraph" qəzetinə bildirib ki, əslində Rusiya idmançılarına sansksiyalar qoyulandan bəri demək olar gündəlik qaydada haker hücumlarına məruz qalır.

Agentlik öz əməkdaşlarına internet parollarını dəyişməyi tövsiyə edib.

Baş nazirə "dikdaban çağırışı"

Fotonun müəllifi Getty Images
Image caption Baş nazir Theresa May ekzotik ayaqqabı seçiminə görə ad qazanıb.

"The Independent" yazır ki, Britaniyanın həmkarlar ittifaqları baş nazir Theresa May-i dikdaban ayaqqabıları tərgitməyə çağırıblar.

Tred-yunionlar hesab edirlər ki, baş nazir, nəhayət "hamının üzünü ağ edərək" Mühafizəkar Partiyanın qurultayına və ondan sonra keçiriləcək bütün tədbirlərə yastı dabanlı ayaqqabı geyinməlidir.

Həmkarlar İttifaqları hazırda İngiltərənin Brayton şəhərində keçirilən qurultayda qadınların iş yerlərində dikdaban ayaqqabı geyinməyə məcbur edilməsinə qarşı qanunun qəbulunu dəstəkləyirlər.

Onlar baş naziri də belə bir qanunu dəstəkləməyə çağırblar.

Sözü gedən qanunun qəbulu üçün kampaniya, müvəqqəti işləyən 27 yaşlı resepsiyaçı Nicola Thorp adlı qadın dikdaban ayaqqabı geyinmədiyinə görə müdiriyyət tərəfindən evə göndəriləndən sonra başlanıb.

"The İndependent" yazır ki, dikdaban ayaqqabıların ayaqlara və belə ziyanı haqqında kifayət qədər əsaslı dəlillər mövcuddur.

Britaniya boyunca hökuməti və parlamenti bu məsələyə baxmağa çağıran petisiyanı Britaniya boyunca 145 min nəfər imzalayıb.

GMB Union həmkarlar təşkilatından Penny Robinson qurultayda çıxış etməzdən əvvəl dikdaban ayaqqablarını çıxararaq tribunaya ayaqyalın qalxıb.

"İndi sağlam ayaqqabı geyinmək növbəsi ölkəni idarə edən qadınındır" - deyib çıxışçı baş nazir Theresa May-ə işarə vuraraq.

"Theresa May mühafizəkarların lideri və baş nazir olanda mən gözləyirdim ki, qəzetlər onun siyasətlərindən, prioritetlərindən və Brexit-ə münasibətindən yazacaqlar, - deyib Robinson, - Əvəzində qəzetlər onun ayaqqabı sevgisindən və zəngin ayaqqabı kolleksiyasından yazırlar".

Çıxışçı deyib ki, baş naziri daha çox bəbir naxışlı dikdaban ayaqqabıları, uzunboğaz dəri çəkmələri və Jimmy Choo tufliləri ilə tanıyırlar.

"Lakin o iş yerlərində qadınları müdafiə etmək istəyirsə, kabinet iclaslarına, parlamentə və Avropa İttifaqı liderləri ilə bütün görüşlərə ket, tangetka və ya rahat ayaqqabı geyinməlidir" - deyib Robinson.

O yarızarafat-yarı kinayəli şəkildə vurğulayıb ki, ölkənin ən qüdrətli qadını kişilərin gözləntilərini qarşılamaq üçün dizayner ayaqqabıları geyinməməlidir.

"Heç olmasa bir dəfə elə hərəkət edin ki, sizinlə fəxr edək" - deyib həmkarlar fəalı.

Lakin "The İndependent" yazır ki, BBC radiosunun məşhur Desert Island Discs verilişindəki seçimi baş nazirin belə məsləhətlərə qulaq asmayacağını göstərir.

Bu verilişdə qonağa bir qayda olaraq "kimsəsiz adaya düşsən, özünlə nə götürərdin" sualını verirlər.

Theresa May bu verilişdə dəbdəbəli moda jurnalı Vogue-un ömürlük abunəçiliyini seçib.

Dəkkə küçələrində "qan su yerinə axıb"

Fotonun müəllifi SYFUL ISLAMD RONY/PROTHOM ALO
Image caption Dakkada heyvanların kəsilməsi nəticəsində axıdılan qan sel sularına qarışıb.

"The Guardian" yazır ki, Banqladeş paytaxtı Dəkkədə Qurban bayramının ardınca leysan yağışlarının yağması küçələrdən "qan çayının" axmasına səbəb olub.

Məqalədə deyilir ki, Dəkkə şəhərinin yarıtmaz kanalizasiya sistemi küçə sellərini adi həyat faktına çevirib.

Lakin çərşənbə axşamı baş verən hadisə bu problemi bir daha dramatik şəkildə gündəmə gətirib.

Qurban bayramında minlərlə qoyun, keçi və iribuynuzlu heyvanların kəsilməsi nəticəsində axıdılan qan sel sularına qarışıb.

Dəkkə meriyası bildirib ki, qurban kəsmək istəyən vətəndaşlar üçün yüzlərlə xüsusi yer ayrılmışdı.

Lakin adamların əksəriyyəti qurbanlıq heyvanları küçələrdə, qarajlarda, evlərinin qabağında və harda gəldi kəsib.

Nəticədə paytaxtın küçələrində "qan çayları" kimi dəhşətli mənzərələr yaranıb.

Bundan başqa bütün şəhər boyunca küçələrdə kəsilmiş heyvanların qalıqları səpələnib.

Əlaqəli mövzular

Bu barədə daha geniş