Britaniya mətbuatı: Sizi kompüterinizin kamerasından "güdə bilərlər"

Britaniya mətbuatı

FTB: Kompüterinizin kamerasını örtün

"The İndependent" yazır ki, Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) istifadəçilərə, kənar şəxslər tərəfindən güdülməmələri üçün kompüterlərinin kameralarını bağlamağı tövsiyə edib.

Təhlükəsizlik ekspertləri xəbərdarlıq ediblər ki, istifadə edilmədiyi vaxtlarda kameraların açıq qalması hakerlərə bu kameralara daxil olub kompüter sahibini güdmək imkanı verir.

Bu ilin əvvəllərində Facebook-un banisi Mark Zuckerberg-i özünün MacBook Pro kompüterinin kamerasını qapayarkən əks etdirən fotolar dərc edilmişdi.

Bundan sonra yayılan müxtəlif söz-söhbətlərə FTB rəhbəri James Comey aydınlıq gətirib.

O deyib ki, bu, hər bir ağlı başında olan adamın görməli olduğu tədbirdir.

İnternet kameraları noutbukların və kompüterlərin çox faydalı aləti olsa da, onlar həmçinin istifadəçiləri güdmək istəyən hakerlərin ələ keçirməyə çalışdıqları əsas elementlərdən biridir.

"The İndependent" yazır ki, bundan əvvəl sızmış bəzi informasiyalar vətəndaşların güdülməsi məqsədilə kompüter kameralarından dövlət təhlükəsizlik xidmətlərinin istifadə ediyi barədə şayiələr yaratmışdı.

Cənab Comey deyib ki, bütün hökumət işçiləri öz kameralarını örtürlər və hər bir vətəndaş da belə hərəkət etməlidir.

FTB rəhbəri bildirib ki, hökumət ofislərində bütün işçilər kiçik kompüter kameralarının örtülməsi üçün xüsusi qapaqlardan istifadə edirlər.

"The İndependent" yazır ki, internet təhlükəsizliyi firması Hide My Ass! adamların kameralarını hakerlərdən qoruyan xüsusi cihazların hazırlanmasına başlayıb.

Bu cihazlar kameralara soxulan hakerlərin öz görüntülərini faş edir.

Məqalədə deyilir ki, noutbuklar, masaüstü kompüterlər və iPhone-lar üçün belə vasitələr artıq mövcuddur.

İngilis səfir hacı oldu

"The Guardian" yazır ki, Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri İslam dinini qəbul edərək suriyalı arvadı ilə birlikdə Həcc ziyarətini icra edib.

Əynində zəvvarların geyindiyi ağ əba olan Simon Collis-in fotosunu Tvitterə Kral Səud Universitetindən Fevziyyə Əlbəkr postlayıb.

Onun postunda yazılmışdı: "İslamı qəbul etmiş ilk Britaniya səfiri Simon Collis arvadı Hüda ilə Məkkədə. Həmd olsun Allaha".

Səfir özünün cavab tvitində yazıb ki, 30 il müsəlman cəmiyyətlərində dolaşdıqdan sonra, 2011-ci ildə xanımı Hüda əl-Müjarkeşə evlənməzdən az əvvəl İslamı qəbul edib.

Məqalədə deyilir ki, Collis Səudiyyə Ərəbistanında 2015-ci ildən səfirdir. Bundan əvvəl o, Yaxın Şərqin Suriya, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Tunis kimi ölkələrində diplomatik xidmətdə olub.

"The Guardian" yazır ki, bu barədə şərh verməkdən imtina edən Britaniya XİN bunun şəxsi məsələ olduğunu söyləməklə kifayətlənib.

Beləliklə, Britaniya səfiri 1, 8 milyon müsəlmanla birlikdə Həcc ziyarətini icra edərək hacı olub.

"The Sun" yazır ki, 5 uşaq atası, 60 yaşlı Collis prezident Əsədi kəskin tənqid etdiyinə görə 2012-ci ildə Dəşəməşqdən İraqa keçirilib.

O 2000-2004-cü illər arasında Dubayda və Bəsrədə konsul kimi çalışıb.

"The Sun" yazır ki, fotosu Tvitterdə dərc olunanadək çox az adam Collis-in müsəlman olduğunu bilirdi.

Ankaradakı Britaniya səfirliyi bir günlük bağlanıb

"The Mirror" qəzeti isə yazır ki, Türkiyədəki Britaniya səfirliyi təhlükəsizlik mülahizələri ilə cümə günü bağlı olacaq.

Britaniya XİN bildirir ki, Ankaradakı səfirlik bir gün müddətində qapalı qalacaq.

Bundan bir gün əvvəl Ankaradakı Almaniya səfirliyi və konsulluğu Qurban bayramı ilə əlaqədar hücuma məruz qala biləcəyi təhlükəsinə görə bağlanmışdı.

Bundan başqa Britaniya Xarici İşlər Nazirliyi Türkiyədəki Birləşmiş Krallıq vətəndaşlarına Suriya ilə həmsərhəd bölgələrə, habelə Diyarbakır şəhərinin 10 kilometrlik çevrəsinə səfər etməmək tövsiyəsi ilə müraciət edib.

"The Mirror" yazır ki, bundan iki gün əvvəl Türkiyədə 34 min məhbus həbsxanalardan azadlığa buraxılıb.

Bu barədə məlumatı ölkənin daxili işlər naziri Bekir Bozdağ verib.

Qəzet yazır ki, hökumət bu yolla çevriliş cəhdində ittiham edilən minlərlə yeni məhbus üçün "yer açır".

Türkiyədə elan edilmiş ümumi aministiya cəzasının yarısını çəkmiş qadın və kişi məhbuslara şamil edilib.

Məqalədə deyilir ki, 15 iyul çevriliş cəhdinin ardınca Türkiyə hakimiyyəti 40 minədək şübhəlini həbs edib.

Van Gogh dəli deyilmiş…

Fotonun müəllifi EPA
Image caption Amsterdamdakı Van Gogh Muzeyinin aparıcı araşdırmaçısı Teio Meedendorp deyib ki, konsiliumun nəticələri ayrıca məqalə şəklində çap olunacaq.

"The Telegraph" qəzetinin Amsterdam müxbiri Şenay Boztaş yeni araşdırmaya əsasən yazır ki, məşhur və əzabkeş rəssam Vincent van Gogh-un əvvəllər düşünüldüyü kimi heç bir ruhi xəstəliyi olmayıb və o sadəcə olaraq alkoqoldan əzab çəkirmiş.

Hollandiyadakı Van Gogh Muzeyinin bəyanatında bildirilir ki, 30 beynəlxalq ekspertdən ibarət qrupun gəldiyi nəticəyə görə rəssamın alkoqolla bağlı problemi onun ömrünün son 18 ayında bir neçə ruhi sarsıntıya səbəb olub.

Məqalədə deyilir ki, Amsterdamda keçirilmiş iki günlük konfransda nevroloqlar, psixiatr və daxili xəstəlik mütəxəssisləri böyük holland post-impressionistinə qəti diaqnoz qoymağa çalışblar.

Rəssamın məktubları da daxil bir çox dəlilləri götür-qoy edən həkimlər, onun epilepsiya, xronik psixoz, bipolyar pozuntu, şizofreniya kimi ruhi xəstəliklərdən əzab çəkib-çəkmədiyini müəyyənləşdirməyə çalışıblar.

"The Telegraph" yazır ki, axırda həkimlərin konsiliumu olduqca bəsit nəticəyə gəlib.

Tibbi etika eksperti Arko Oderwald "The Telegraph" qəzetinə deyib ki, rəssamın çətin xarakteri olsa da, onda başqa heç bir ruhi xəstəlik olmayıb.

Ekspertlər araşdırma zamanı rəssamın həyatını iki dövrə bölmüşdülər: 1888-ci ilin 23 dekabrında keçirdiyi sarsıntıya qədər və bundan sonrakı dövr.

Bu həmin gün idi ki, cənubi Fransadakı Arles şəhərində dostu Paul Gauguin-lə mübahisə edən rəssam öz qulağını kəsmişdi.

Əslində bu onun təkrarlanan sarsıntılarından birincisi idi. Bundan sonra rəssam gah xəstəxanada, gah da evdə olurdu və nəhayət 1890-cı ildə güllə yarasından ölmüşdü. Onun intihar etdiyi düşünülür.

Cənab Oderward deyir ki, 1888-ci ilin 23 dekabrınadək onun xəstə olduğunu göstərən heç nə baş verməmişdi, lakin bundan sonra o qəflətən yıxılmış və psixoz keçirmişdi.

Ekspertin fikrincə buna səbəb alkoqol zəhərlənməsi, yuxusuzluq, stres və dostu Gauguin-lə mübahisələr də ola bilərdi. Lakin o təkrarlanan psixozlar arasında sağalır və normal olurdu.

Vaxtilə Van Gogh-a epilepsiya diaqnozu qoyulsa da, Oderwald-ın fikrincə, o vaxtdan bəri xəstəliyin təsviri dəyişib.

Ekspert bildirib ki, bircə epizodla Van Gogh-un başına nə gəldiyi barədə hökm çıxarmaq olmaz.

Amsterdamdakı Van Gogh Muzeyinin aparıcı araşdırmaçısı Teio Meedendorp deyib ki, konsiliumun nəticələri ayrıca məqalə şəklində çap olunacaq.

Simpoziuymla yanaşı muzeydə "Divanəlik Həddi" adlı ekspozisiya da keçirilirdi.

Buradakı eksponatların arasında Van Gogh-un intihar etdiyi söylənən tapançası da vardı.

Əlaqəli mövzular

Bu barədə daha geniş