ABŞ: Krımda keçiriləcək Rusiya seçkiləri qanunsuzdur

Kirby Fotonun müəllifi Getty Images
Image caption ABŞ Dövlət Departamentinin nümayəndəsi Krıma görə sanksiyaların qüvvədə qalacağını deyib

ABŞ ilhaq olunmuş Krım ərazisində keçirilən Rusiya parlament seçkilərinin nəticələrini tanımayacaq, Dövlət Departamentinin sözçüsü bildirib.

John Kirby-nin sözlərinə görə Krımın Ukrayna tərkibinə qaytarılmasınadək Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək.

"ABŞ ilhaq edilmiş Krım ərazisində Rusiya Dumasına 18 sentyabrda keçiriləcək seçkiləri qanunsuz hesab edir və onun nəticələrini tanımayacaq", - Dövlət Departamentinin saytında John Kirby-nin sözlərindən iqtibas gətirilir.

"Krım tatarlarının durumu, adamların yoxa çıxması və insan hüquqlarının pozulması da daxil, Krımdakı humanitar vəziyyət əvvəlkitək narahatlıq doğurur".

Bundan əvvəl Ukrayna parlamenti beynəlxalq ictimaiyyəti Krım ərazisində Duma seçkilərinə müşahidəçi göndərməməyə səsləyib.

Radanın xəbərdarlığında deyilir ki, müşahidəçi qismində Krıma gələnlərə qarşı sərhəd pozuntusu ilə bağlı cinayət işi açılacaq. Kiyev həmçinin hesab edir ki, seçkilər "Rusiyanın diplomatik və konsul xidmətlərində də" keçirilə bilməz.

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, ölkəsi "öz ərazisindəki elektoral prosesi heç bir ölkə ilə müzakirə etmək niyyətində deyil".

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə Ukrayna ərazisində 80 min rusiyalı seçici yaşayır. Krım Rusiya tərəfindən 2014-cü ildə ilhaq olunub. Yarımadanı Ukraynanın ərazisi hesab edən ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar elan ediblər.

Əlaqəli mövzular