Britaniya mətbuatı: Yaponiyada subayların 40 faizi bakirədir

Britaniya mətbuatı

Şərqi Avropa Britaniyanı buraxmaq istəmir

"The Independent" yazır ki, Şərqi Avropa ölkələri Britaniyada yaşayan və işləyən vətəndaşlarının haqlarını qorumaq naminə Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına veto qoyacaqlar.

Slovakiya baş naziri Robert Fico deyib ki, Vişeqrad dördlüyü (V4) kimi tanınan Çexiya, Macarıstan, Polşa və Slovakiya Britaniya Avropa İttifaqını tərk etməzdən əvvəl öz vətəndaşlarına bu ölkədə bərabər hüquqların verilməsini tələb edirlər.

Britaniyanın baş naziri Theresa May Birləşmiş Krallıqdakı Aİ vətəndaşlarının statusuna qarantiya verməkdən boyun qaçırsa da, deyib ki, Aİ ərazisindəki britaniyalıların hüquqlarına hörmət ediləcəyi təqdirdə London da Aİ vətəndaşlarına belə hüquqlar verəcək.

Cənab Fico Reuters agentliyinə bildirib ki, V4 qrupu bu məsələdə heç bir kompromisə getməyəcək.

"Mən düşünürəm ki, Britaniya da bu məsələdə güzəştə yer olmadığını bilir" - deyib Fico.

Bundan əvvəl Downing Street ünvanından qaynaqlanan bəzi şayiələrə görə xanım May-in gələn il Brexit prosesinə rəsmən başlayacağı bildirilirdi.

Avropa Şurasının prezidenti Donald Tusk bildirmişdi ki, xanım May ona Aİ nizamnaməsinin 50-ci maddəsini yanvar və ya fevral ayinda işə salacağını deyib.

Birləşmiş Krallığın Avropa İttifaqından ayrılması üçün rəsmi ikiillik proses London 50-ci maddəni işə salmazdan əvvəl başlana bilməz.

Brexit naziri David Davies bildirib ki, bu prosesə başlanması üçün parlamentin razılığı alınmayacaq.

Bu arada Britaniyanın müdafiə naziri Michael Fallon deyib ki, onun ölkəsi Aİ üzvü olduğu müddətdə heç bir Avropa hərbi ittifaqına daxil olmayacaq.

Avropa İttifaqının vahid ordu komandanlığının zərurəti barədə Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker bəyanat vermişdi.

O, Avropa müdafiə fondunun yaradılmasını təklif etmişdi.

Cənab Fallon "The Times" qəzetinə bildirib ki, London Aİ ərazisində NATO-ya rəqib yaradılmasına imkan verməyəcək.

Lakin Liberal Demokrat Partiyasından lord Menzies Campbell deyib ki, Britaniya Aİ-ni tərk etdikdən sonra bu məsələyə veto qoymaq hüququna malik olmayacaq.

Britaniyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı olan lord deyib ki, o, Aİ-də ayrıca hərbi strukturun yaradılmasını ziyanlı addım hesab edir.

"Avropa müdafiəsinin məhək daşı NATO-dur. Burada isə bütün xərclərin 75 faizini Birləşmiş Ştatlar çəkir" - deyib Campbell.

Onun fikrincə, əksər NATO üzvlərinin ÜDM-in 2 faizini müdafiəyə ayırmaq iqtidarında olmadığı bir vaxtda paralel baş qərargahın yaradılması israfçılıqdır.

Yaponiya - əhalisi azalan ölkə

Fotonun müəllifi Chris McGrath/ Getty

"The Telegraph" yazır ki, Yaponiyda 34 yaşınadək olanların təxminən yarısı seksual əlaqələrə başlamayıb.

Bu ölkədə ötən beş ildə əhalinin sayı 1 faiz azalıb.

Əhali və Sosial Təminat Milli İnstitutunun məlumatına görə 18-34 yaşlılar arasında kişilərin 42, qadınların isə 44 faizi bakirədir.

Məqalədə deyilir ki, bu problem 2010-cu ildən bəri daha da dərinləşib. Onilliyin əvvəllərində kişilərin 36, qadınların isə 38,7 faizi bakirə idi.

Bəzi elmi proqnozlara görə yaxın gələcəkdə kişilərin 70, qadınların isə 60 faizi subay olacaq.

Alimlər bildirirlər ki, qadınların ən münbit olduğu 20 yaşlılar arasında subayların artması ölkə üçün demoqrafik problem yaradır.

20-29 yaşlarında olanların 90 faizi deyib ki, onlar yaxın gələcəkdə ailə həyatı qurmağa can atmırlar.

Sorğuda iştirak etmiş 2706 subay kişinin 30, 2570 subay qadının isə 26 faizi deyib ki, onlar hazırda heteroseksual münasibət axtarmırlar.

"Əlbəttə bu adamların hamısı "nə vaxtsa gələcəkdə" evlənəcəklərini bildirir. Bununla belə onlar deyirlər ki, gözləntiləri reallıqla üst-üstə düşmür, - deyib milli institutun direktoru Futoşi İşi , - Məhz buna görə də adamlar uzun müddət subay qalır, ya da ümuimiyyətlə evlənmirlər. Bu səbəbdən də xalqın doğum reyti getdikcə azalır".

"The Telegraph" yazır ki, 2015-ci ilin iyununda Yaponiya boyunca aparılmış araşdırmada 8754 subay və 6598 evli cüt iştirak edib.

Üstəlik bəlli olub ki, bakirələrin sayının artması ilə yanaşı ailələrdə doğum əmsalının da aşağı düşdüyü müşahidə olunur.

Hazırkı baş nazir Şinzo Abenin qarşısına qoyduğu məqsədlərdən biri də ölkədə doğum reytinin artırılmasıdır.

Hazırda Yaponiyanın əhalisi 127,1 milyon nəfərdir, lakin 2010-2015-ci illər ərasında hər il 0,7 faiz azalma qeydə alınıb.

Ümumilikdə isə son beş ildə Yaponiya əhalisi 1 milyon nəfər azalıb.

Bu gedişlə Yaponiya əhalisi 2100-cü ilədək 83 milyona düşə bilər.

Prezident prezidentin çıxışını "çırpışdırıb"

Fotonun müəllifi SIMON MAINA/ Getty
Image caption Nigeriya prezidenti Muhammadu Buhari ABŞ prezidenti Barack Obamanın 2008-ci ildəki seçki qələbəsi çıxışından plagiat məqsədilə istifadə etdiyinə görə üzr istəyib

"The Guardian" yazır ki, Nigeriya prezidenti Muhammadu Buhari ABŞ prezidenti Barack Obamanın 2008-ci ildəki seçki qələbəsi çıxışından plagiat məqsədilə istifadə etdiyinə görə üzr istəyib.

Ötən cümə günü ThisDay qəzeti yazıb ki, prezidentin təmizlik və doğruçuluq kampaniyasına belə bir çıxışla başlaması rüsvayçılıqdır.

Buharinin sentyabrın 8-də etdiyi çıxışı "Dəyişikliklər məndən başlanır" adlanırdı.

Bu çıxışın bir neçə cümləsinin Obamanın çıxışından olduğu kimi götürüldüyü məlum olub.

Buhari deyib: "Biz ölkəmizi belə uzun müddətdə zəhərləmiş özbaşınalıq, xırdaçılıq və naşılıq aludəçiliyinə düşməkdən qorumalıyıq".

Səkkiz il əvvəl respublikaçı John McCain-ə qalib gələndən sonra etdiyi çıxışda Obama demişdi: "Biz siyasətimizi belə uzun müddətdə zəhərləmiş özbaşınalıq, xırdaçılıq və naşılıq aludəçiliyinə düşməkdən qorumalıyıq".

"The Guardian" yazır ki, nədənsə Obamalardan plagiat hadisələri tez-tez baş verir.

Məsələn respublikaçıların qurultayında namizəd Donald Trump-ın xanımı Melaniya Trump-ın çıxışında bütöv paraqraflar birinci ledi Michel Obamanın çıxşından götürülmüşdü.

Bu arada Ağ Ev bildirib ki, cənab Obama Nigeriya prezidenti Buhari ilə bu cümə günü New York-da keçirilən baş assambleyanın kuluarlarında görüşəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş