Suriya münaqişəsi: ABŞ ölümcül hücuma görə "Rusiyanı məsul tutur"

Hücum baş verən zaman yardım anbarda maşınlara yüklənirmiş Fotonun müəllifi EPA
Image caption Hücum baş verən zaman yardım anbarda maşınlara yüklənirmiş

Suriyanın Hələb şəhəri yaxınlığında humanitar yardım karvanına edilən ölümcül hücumda ABŞ Rusiyanı məsul tutur.

Ağ Ev bunu "dəhşətli humanitar faciə" adlandırır.

Bununla yanaşı, ABŞ rəsmiləri BBC-yə deyib ki, hücuma görə iki Rusiya döyüş təyyarəsi məsuliyyət daşıyır.

Rusiya özünün və ya Suriya təyyarələrinin bu hücuma cəlbini qətiyyətlə təkzib edir və deyir ki, hadisə hava hücumundan deyil, yerdə baş verən yanğından dolayı başlayıb.

"Orda heç bir krater yoxdur və yük maşınlarının xarici görünüşündə, onların havadan endirilən bombalarla dağıdıldığını göstərən əlamət yoxdur", müdafiə nazirliyi yaydığı məlumatında deyir.

Ölkənin xarici işlər nazirliyinin sözçüsü deyib ki, ABŞ hökumətinin bu iddianı dəstəkləməyə "heç bir faktı yoxdur" və əlavə edib: "Bizim bu vəziyyətlə heç bir əlaqəmiz yoxdur."

Fotonun müəllifi Russia's defence ministry/reuters
Image caption ABŞ mənbələri deyir ki, Rusiya Su-24 təyyarələri hücum zamanı səmada olub (arxiv şəkil)

Lakin adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri deyib ki, Urum al-Kubra yaxınlığındakı hücum baş verən anda karvanın üzərində, səmada iki Rusiya SU-24 hücum təyyarəsi olub.

Bir qədər sonra Ağ Ev rəsmisi deyib: "Baş verənlərə görə iki tərəfdən biri məsuldur və bu, ya Suriya rejimi ya da Rusiya hökumətidir.

"İstənilən halda hava hücumuna görə biz Rusiya hökumətini məsul sayırıq."

BMT bir qədər əvvəl bəyan edib ki, "bu hadisənin fakt olaraq hava hücumundan baş verməsini müəyyən etmək iqtidarında deyil".

"Danışıqlar ölməyib"

Hücum nəticəsində 31 yük maşınından 18-i dağıdılıb və Suriya Ərəb Qırmızı Aypara Cəmiyyətinin rəhbəri də daxil olmaqla 20 nəfər ölüb.

Eyni vaxtda, diplomatlar Suriyadakı hadisədən bir neçə saat əvvəl pozulmuş, bir həftə davam edən razılaşmanı yenidən saxlamağa çalışırlar.

ABŞ Dövlət katibi John Kerry , rusiyalı nazir Sergey Lavrovla danışıqlarda israrla vurğulayıb ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar "ölməyib".

Onlar yenidən cümə günü görüşəcək. BMT Təhlükəsizlik Şurası isə Suriya ilə bağlı çərşənbə günü yüksək səviyyəli görüş keçirəcəyi deyilir.

Bu barədə daha geniş