Britaniya mətbuatı: Azərbaycana maliyyə yardımı tənqid olunub

Britaniya mətbuatı

"Express" qəzetinin müxbiri Nick Gutteridge Britaniya hökumətini və Avropa İttifaqını "korrupsiyanın meydan suladığı neftlə zəngin Azərbaycana" yüz milyonlarla funt sterlinqlik yardımlar göstərdiyinə görə kəskin tənqid edib.

Məqalədə deyilir ki, Avropa İttifaqı və Birləşmiş Krallıq insan haqlarının əzildiyi ölkədə "milyarderin rəhbərlik etdiyi hökumətə" külli miqdarda pul ödəyib.

Nick Gutteridge yazır ki, təkcə Britaniya vergiödəyəninin 53 milyon funt sterlinqi Britaniya hökumətindən və ya Brüssel vasitəsilə Azərbaycana ödənib.

Məqalədə deyilir ki, Panama sənədlərindən prezident İlham Əliyev və ailəsinin dövlət inhisarında olan şirkətlərinə sahiblik vasitəsilə şəxsi sərvət topladığının iddia edildiyi bir vaxtda bu yardımların ödənilməsi davam edir.

Qeyd olunur ki, xüsusilə də Azərbaycan dövlətinin nəzarətində olan universitetlərə yardım şəklində vəsaitlər axıdılır.

Jurnalist yazır ki, bu pulların xüsusilə də Avropa boyunca işsizliyin baş alıb getdiyi bir vaxtda ödənməsi narazılıq doğurur.

Məqalədə deyilir ki, elə bu həftə Brüssel bürokratları Azərbaycanın eksport qabiliyyətinin yaxşılaşdırılmasına dəstək məqsədilə Bakıya 13, 5 milyon avro ayrıldığını elan ediblər.

Avropa İttifaqı bu pulların Azərbaycanda sahibkarlığın və maliyyə sisteminin inkişaf etdirilməsi üçün ödənəcəyini bildirib.

Şərq Tərəfdaşlığı

Fotonun müəllifi Epics/ Getty
Image caption Məqalədə deyilir ki, 1991-ci ildən bəri Brüssel "mühafizəkar Azərbaycana" üst-üstə 400 milyon avroluq dəstək verib

"Express" yazır ki, bütün bu vəsaitlər Azərbaycana Şərq Tərəfdaşlığı kimi tanınan layihəyə uyğun olaraq köçürülür. Bu layihədən məqsəd Aİ-yə qonşu ölkələrin bu təşkilata daha sıx inteqrasiya olunmasıdır.

Avropa İttifaqının genişlənmə üzrə komissarı Johannes Hahn bildirib ki, qonşuların gücləndirilməsi məqsədilə göstərilən bu maliyyə dəstəyi bu ölkələrin vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə kömək etməlidir.

"Lakin Azərbaycanın maliyyələşdirilməsi ziddiyyət doğurur" - yazır "Express".

Məqalədə deyilir ki, 1991-ci ildən bəri Brüssel "mühafizəkar Azərbaycana" üst-üstə 400 milyon avroluq dəstək verib.

Nick Gutteridge yazır ki, bu vəsaitin 50 milyon funt sterlinqdən çoxu Londonun töhfəsi olub.

"Avropa Komissiyasının sənədləri göstəririr ki, pulun çox hissəsi ADA Universiteti (Azərbaycan Diplomatiya Akademiyası) kimi dövlət mülkiyyətində olan təsisatlara verilir" - deyilir məqalədə.

Müxbir yazır ki, gənc Əliyevin təhsil aldığı ADA-ya 2015-ci ildə 384 min 821 avro ödənilib.

Məqalədə qeyd edilir ki, ifrat korrupsiya ittihamları ilə üzləşməsinə baxmayaraq bir çox hallarda vəsaitlər birbaşa Azərbaycan hökumətinə ödənib.

"Express" yazır ki, Brüssel kənd təsərrüfatı və enerji sahəsindəki layihələrin maliyyələşdirilməsi məqsədilə 2010-2015-ci illər arasında bilavasitə Azərbaycan nazirliklərinə 62,5 milyon avro ödəyib.

Burada qeyd olunur ki, Britaniya hökuməti də Azərbaycanda 2014-cü ilədək davam etmiş 6 illik inkişaf layihəsinə 8,4 milyon funt sterlinq ödəyib.

Azərbaycan resessiyadadır

Gutteridge yazır ki, keçmiş baş nazir David Cameronun ÜDM-in 0,7 faizini beynəlxalq yardıma xərcləmək sərəncamının çərçivəsində Azərbaycana pullar hətta bu ölkənin lideri barədə bir sıra iddialara baxmayaraq davam etdirilib.

Məqalədə xatırladılır ki, Panamanın Mossack Fonseca hüquq firmasından sızmış sənədlər prezidentin ailə üzvlərinin hava və taksi şirkətlərindən tutmuş neft, qızıl, telekommunikasiyalara qədər Azərbaycan iqtisadiyyatının demək olar bütün sahələrinə nəzarət etdiyini göstərib.

Jurnalist yazır ki, prezident uşaqlarının təxminən 91 milyon funt sterlinq dəyərində daşınmaz mülkiyyəti var.

Bu məsələdə hər hansı qanun pozuntusuna yol verildiyi deyilməyib, prezidentin özü isə bildirib ki, "onun övladları böyüyüblər və onların da bizneslə məşğul olmaq haqları var".

Məqalədə deyilir ki, hakim ailənin heyrətamiz sərvətinə baxmayaraq Azərbaycanda çoxları yoxsul yaşayır və ölkə borc almaq üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib.

Müəllif qeyd edir ki, illərlə davam edən gəlhagəl artımından sonra, düşən neft qiymətlərinə görə, bu ilin yanvarından bəri ölkə resessiyaya daxil olub.

Tehran xariclə əlaqəsi olanları məhkum edir

Fotonun müəllifi BEHROUZ MEHRI/ Getty

"The Guardian" yazır ki, Tehran ABŞ-da daimi yaşamaq icazəsi olan iranlını casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Müttəhimə üstəlik 4,2 milyon dollar məbləğində cərimə də qoyulub.

Məqalədə deyilir ki, bu, dünya gücləri ilə nüvə sazişinin imzalanmasından sonra, xariclə əlaqəsi olan iranlılara çıxarılan silsilə hökmlərdən yalnız axırıncısıdır.

Washington-da yaşayan və internet azadlığı sahəsində fəaliyyət göstərən QHT-yə rəhbərlik edən livanlı Nizar Zakka barədə hökmün çıxarılması, İran nümayəndə heyətinin New York-a, BMT Baş Assambleyasına səfəri ilə eyni vaxta təsadüf edir.

İkili vətəndaşlara qarşı

"The Guardian" yazır ki, son vaxtlar ölkənin təhlükəsizlik qüvvələri xüsusilə də ikili vətəndaşlığı olan iranlıları hədəfləyir.

"Nizar Zakkanın Dostları" qrupunun rəhbəri David Ramadan qəzetə müsahibəsində deyib ki, Tehran heç bir beynəlxalq qaydaya, heç bir beynəlxalq münasibətlərə məhəl qoymur.

Tərəfdarları bildirirlər ki, Zakkanın hökmünü özünün siyasi motivli qərarları ilə ad çıxarmış mühafizəkar hakim Əbülqasim Sələvati çıxarıb.

Bundan əvvəl o, "Washington Post" jurnalisti Jason Rezaianı həbsxanaya göndərmişdi. Rezaian və daha üç amerikalı ötən yanvarda məhbus dəyiş-düyüşü zamanı azad edilib.

"The Guardian" yazır ki, Zakka barədə hökm haqqında İran mediası heç bir xəbər yaymayıb və BMT bu barədə heç bir açıqlama verməyib.

Məqalədə deyilir ki, ABŞ-da yaşamaq üçün sakin hüququ olan Zakka 13 ölkədə fəaliyyət göstərən Arab ICT təşkilatının rəhbəridir. O, 2015-ci ilin 18 sentyabrında İrana beşinci səfəri zamanı yoxa çıxmışdı. Onu prezident Ruhaninin də çıxış etdiyi beynəlxalq konfransa dəvət etmişdilər.

Həmin ilin noyabrında İran dövlət televiziyasında yayımlanan xəbərdə deyilirdi ki, Zakka ABŞ kəşfiyyatı ilə "dərin bağlarına" görə həbs olunub.

Dövlət Departamenti susur

Associated Press agentliyi yazır ki, Zakkanın təşkilatı 2009-cu ildən bəri ABŞ-ın Dövlət Departamentindən və USAİD təşkilatından azı 730 min dollar qrant alıb.

Məhz buna görə də Zakkanın dostları ABŞ Dövlət Departamentini bu məsələyə müdaxilə etməyə çağırıblar.

Dövlət Departamenti bu barədə hər hansı şərh verməyib.

"The Guardian" yazır ki, İranda daha bir neçə nəfər casusluq ittihamı ilə məhkum edilib.

İranlı-kanadalı Homa Hudfər Montreal Concordia Universitetinin pensiyada olan professorudur.

İranlı ABŞ biznesmeni Siyamək Nəmazi uzun müddət iki ölkə arasında yaxın münasibətlər üçün kampaniya aparıb. Hazırda o, və vaxtilə İranın BMT-dəki nümayəndəliyində çalışmış atası Bağer Siyamək Tehran həbsxanasındadırlar.

İranlı-amerikalı Robin Şahinini qohumlarına baş çəkərkən həbs ediblər. Bundan əvvəl o internetdə İranın insan haqlarını tənqid etmişdi.

Britaniyalı Nazənin Zəgəri-Ratcliffe İran hökumətini devirmək cəhdi ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, İrana balaca qızı ilə səfər etmişdi.

"The Guardian" yazır ki, 2007-ci ildə İranda yoxa çıxmış FTB agenti Robert Levinson hələ də itkin sayılır.

Erdoğan bütün dünyanı FETO ilə mübarizəyə çağırıb

Fotonun müəllifi Pacific Press/ Getty

"The İndependent" yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan beynəlxalq birliyi ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenə qarşı tədbir görməyə çağırıb.

BMT Baş Assambleyasında etdiyi çıxışda cənab Erdoğan Fethullah Güleni Türkiyədə iyul ayında baş tutumamış çevriliş cəhdi üçün məsuliyyət daşımaqda ittiham edib.

Cənab Erdoğan deyib: "Mən bütün dostlarımızı öz ölkələrində öz xalqlarının gələcəyi naminə Fethullah Terror Təşkilatına qarşı zəruri tədbirlər görməyə çağırıram".

O iddia edib ki, "bu terrorçu təşkilat" bütün dünyaya ağalıq etmək iddiasındadır.

"Bizim təcrübəmiz göstərdi ki, əgər FETO-ya qarşı mübarizə aparmasınız, sabah gec ola bilər" - deyib Türkiyə prezidenti.

"The İndependent" yazır ki, Erdoğan hökuməti çevriliş cəhdinin ardınca Gülen tərəfdarlarının repressiyası çərçivəsində minlərlə müəllim və hərbçini işindən məhrum edib.

Erdoğan BMT-dəki çıxışında iddia edib ki, Gülen hərəkatı dünyanın 170 ölkəsində fəaliyyət göstərir və onların hamısı üçün milli təhlükə təşkil edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş