Britaniya mətbuatı: Payız sentyabrın 1-də başlanır, yoxsa 22-sində?

Britaniya mətbuatı

ABŞ Airbus və Boeing-ə İranla ticarət icazəsi verib

"The Financial Times" qəzeti yazır ki, Airbus və Boeing təyyarəqayırma şirkətləri İranla çoxmilyardlıq kontraktların imzalanması üçün ABŞ hökumətinin icazəsini alıblar.

Məqalədə deyilir ki, bu, ötən yanvarda beynəlxalq sanskiyaların qaldırılmasından sonra İranın beynəlxalq bazara rəsmən qayıtması deməkdir.

ABŞ Airbus şirkətinin İrana 17 dəst adi və iri salonlu təyyarələri satmasına yaşıl işıq yandırıb. Boeing isə Tehrana 80 sərnişin təyyarəsi satmağa hazırlaşır.

Buna baxmayaraq bank sanksiyaları ilə bağlı qaydaların pozulmaması naminə Airbus şirkətinin İranla sövdələşməsi avrolarla aparılacaq.

Airbus və Tehran arasında sanksiyaların qaldırılmasından dərhal sonra əldə olunmuş razılaşmaya əsasən İrana toplam dəyəri 25 milyard dollar olan 118 dəst təyyarə satılacaq.

"The Financial Times" yazır ki, bu barədə ilkin razılaşma Parisdə Fransa və İran prezidentləri François Hollande və Həsən Ruhani arasında imzalanmışdı.

Bunun ardınca Airbus İranın təyyarələrə olan kəskin ehtiyacını çevik qarşılamaq məqsədilə iki lisenziya üçün müraciət etmişdi. Bu lisenziyalara əsasən İran 17 ədəd adi salonlu A320 və geniş salonlu A330 təyyarələrini əldə edəcək.

Airbus bildirib ki, daha 12 ədəd A380 superlaynerlərinin satışı üçün lisenziya qarşıdan gələn həftələrdə alınacaq.

Qəzet xəbər verir ki, Airbus-ın amerikalı rəqibi Boeing lisenziyanı Fransa şirkətindən bir neçə saat sonra alıb.

Bu lisenziyaya əsasən İrana ümumi dəyəri 17, 6 milyard dollar olan 80 təyyarə satılacaq.

Fotonun müəllifi BEHROUZ MEHRI/ Getty
Image caption Tehran bildirib ki, ölkənin köhnələn aviaparkını təzələmək üçün 500 yeni təyyarəyə ehtiyacı var

ABŞ Maliyyə Nazirliyi bildirib ki, lisenziyaların pozulmaz şərtinə görə bu təyyarələrdən yalnız mülki aviasiyada istifadə edilə bilər.

Bundan başqa təyyarələr, üzərində qadağan olan şirkət və fərdlərə satıla bilməz. Məsələn İranın Mahan Air şirkəti "terrorizmə sponsorluq" iddiası ilə hələ də qadağan siyahısındadır.

Tehran bildirib ki, ölkənin köhnələn aviaparkını təzələmək üçün 500 yeni təyyarəyə ehtiyacı var.

İranın nəqliyyat naziri Abbas Axundi deyib ki, ölkənin 250 təyyarəsindən yalnız 12-nin yaşı 15 ildən azdır.

"Financial Times" yazır ki, İran hətta şah vaxtından qalan bəzi təyyarələrdən istifadə edir. Təyyarələrin köhnəliyinə görə baş verən qəzalarda 1979-cu il inqilabından bəri 1200 nəfər həlak olub.

Məqalədə deyilir ki, İranla müqavilələr 6 illik gəlhagəldən sonra alversizlikdən əziyyət çəkən Airbus və Boeing şirkətlərinin dirçəlişinə təkan verəcək.

"The Financial Times" yazır ki, təyyarələrin alınması habelə İranın mərkəzçi prezidenti Həsən Ruhaniyə mühafizəkarlarla rəqabətdə siyasi xal qazandıracaq.

Ruhani isbat edəcək ki, Qərblə imzalanmış nüvə sazişi bəhrələrini verməyə başlayıb.

Təbii ətirlər təbiidirmi?

Fotonun müəllifi Chaloner Woods/ Getty

"The Guardian" qəzeti ekspertlərə istinadən yazır ki, ərzaq, ətriyyat, təbabət və təmizləyici vasitələrdə istifadə edilən genetik modifikasiyalı fermentlər "kəskin allergent" kimi sağlamlığa ziyan vura bilər.

Məqalədə deyilir ki, son vaxtlar məhsulların ətrini və rayihəsini gücləndirmək üçün genetik baxımdan modifikasiya edilmiş fermentlərdən istifadə edilir. Ferment istehsalı sənayesinin hazırkı dəyəri 10 milyard dollar olaraq hesablanır.

Bəzi texniki üsullar Avropada və ABŞ-da məhsulların üzərinə "təbii" etiketini vurmağa imkan yaratsa da, tədqiqatçılar xəbərdarlıq edirlər ki, ferment proteinlərinin genetik mühəndislik üsulu ilə hazırlanması məhsulun allergent xüsusiyyətini dəyişə bilər.

Araşdırmaçılar təcrübə zamanı ərzaq, içki, kimya, təmizləyicilər və əczaçılıq sənayesində çalışan 813 işçinin qan analizlərini təhlil ediblər.

Araşdırma zamanı işçilərin qanında insanı mikroorqanizmlərdən alınmış 12 fermentin yad cismlərindən qoruyan anticismlərin olub-olmamasını öyrəniblər.

Analiz göstərib ki, işçilərin 23 faizinin qanunda genetik modifikasiya edilmiş fermentlərə qarşı anticismlər mövcuddur. Başqa sözlərlə bu, həmin fermentlərlə hazırlanmış məhsulların allergiyaya səbəb olması deməkdir.

Bununla da alimlər genetikası dəyişdirilmiş fermentlərin güclü allergiya yaratdığını müəyyən ediblər.

Onlar belə qərara gəliblər ki, bütün yeni məhsulların üzərində onların allergen təsirləri barədə məlumat verilməlidir.

Alimlər deyirlər ki, fermentlərin də başqa təhlükəli kimyəvi maddələr kimi təftiş olunmasına ehtiyac var.

Araşdırma nəticəsində aydın olub ki, ən kəskin allergiyanı alfa amilaz, steynzim və pankreatinin fermentləri yaradır. Bunlardan əsasən məişət təmizləyicilərinin və yuyucu tozların istehsalında istifadə edilir.

Dəri qıcıqlanmaları və ağ ciyər reaksiyaları öyrənilmiş 134 nəfərin 36 faizində rinit və astma simptomları qeydə alınıb.

"The Guardian" yazır ki, son zamanlar ərzaq və məişət məhsullarında fermentlərdən geniş istifadə olunmasına səbəb aşağı piyli və "təbii" ətirli qidalara istehlakçı tələbinin artmasıdır.

Avropa və ABŞ normativlərinə əsasən mikrob və göbələk mənşəli aromatik ətirlər "təbii" ətirlər sayılır.

Astronomiya dərsi

Fotonun müəllifi Rich Polk/ Getty

"Metro" qəzeti oxucuları üçün kiçik bir astronomiya dərsi keçmək qərarına gəlib.

Qəzet yazır ki, payız rəsmi təqvimlə sentyabrın 1-dən başlansa da, astronomik baxımdan onun başlanğıcı bu il sentyabrın 22-dən hesablanır.

Çünki 2016-cı il üçün payız tarazlığı günü, yəni gecə ilə gündüzün bərabərliyi günü məhz sentyabrın 22-ə düşür.

Bəs elə isə payızın niyə iki başlanğıcı var? Bu onunla bağlıdır ki, bizim işlətdiyimiz Qreqorian təqvimi yalnız ayın hərəkətlərini nəzərə alır, Yerin öz oxuna nəzərən Günəşin ətrafında fırlanmasına isə məhəl qoymur.

Odur ki, bizim həm aylardan ibarət təqvimə əsaslanan meteoroloji, həm də Yerlə Günəş arasındakı məsafə ilə hesablanan astronomik payıza ehtiyacımız var.

Alimlər meteoroloji payızdan aybaay hava proqnozu statistikasını təhlil etmək üçün faydalanırlar.

Astronomik payız isə havaların soyumağa başladığı məqamı göstərir.

Məsələ də burasındadır ki, astronomik mövsümlərin başlanğıcı hər il başqa-başqa günlərə düşə bilir. Bu ona görə baş verir ki, astronomik mövsümün başlanğıcının müəyyən edilməsinə Yerin öz oxuna nəzərən 23, 5 dərəcə meyllənməsi və Günəş ətrafında fırlanması təsir göstərir.

Gündüz və gecənin tarazlığı yalnız yazda və payızda baş verir. Yaz və payız tarazlığı günlərində gecə ilə gündüzün uzunluğu bərabər olur.

Yayda və qışda isə günəş qarşıdurması günləri olur. Bu, yayda ən uzun gündüzün, qışda isə ən uzun gecənin qeydə alındığı gündür.

Bu günlər hər il ayrı-ayrı tarixlərə təsadüf edir, çünki Yerin Günəşlə məsafəsindən asılı olur. Yerin hardasa yanvarın əvvəllərində Günəşə ən yaxın olduğu vəziyyət perigey və iyulun əvvəllərində Günəşdən ən uzaq olduğu vəziyyət isə apogey adlanır.

2016-cı ilin astronomik payızı sentyabrın 22-də başlanır və dekabrın 21-də başa çatır.

Metereoloji təqvim isə dəqiq olaraq dörd fəslə bölünüb və onlaırn hər biri üç aydan ibarətdir. Bu mənada meteoroloji payız hər il olduğu kimi sentyabrın 1-dən noyabrın 30-dək davam edir.

Beləliklə, "Metro" qəzeti "payız sentyabrın 1-də başlanır, yoxsa 22-sində" sualına - "hər ikisində" cavabını verir.

Çünki birincisi payız fəslidir, ikincisi payız mövsümü...

Əlaqəli mövzular

Bu barədə daha geniş