Britaniya mətbuatı: İndi də “ziyansız alkoqol” düzəltmək istəyirlər

British press

Sərxoş edən, meyxoş etməyən

"The İndependent" yazır ki, alkoqolun "mehribançılıq yaradan" təsirlərini saxlayan, lakin bunun ardınca başağrılı meyxoşluğa səbəb olmayan yeni sintetik növü icad edilib.

Məqalədə deyilir ki, "alkosint" (alcosynth) kimi tanınan alkoqol spirtli içkilərin müsbət təsirlərini imitasiya etsə də, onu hazırlamış professor David Nutt-ın dediyinə görə, sonradan ağız qurumasına və baş ağrısına səbəb olmur.

İmperiya Kollecinin professoru və hökumətin dərman preparatları üzrə keçmiş müşaviri "The Independent" qəzetinə deyib ki, o indiyədək təxminən 90 müxtəlif alkosint komponentinə patent alıb.

Hazırda onlardan ikisi intensiv təcrübədən keçirilir və müəllifinin dediyinə görə alkosint 2050-ci ilədək adi alkoqolu tamamailə bazardan çıxarcaq.

Professor bildirir ki, məsələn şotland viskisinə və ya cinə qarışdırılan alkosint alkoqol kef versə də, qara ciyər və ya ürəyə ziyan vurmayacaq.

Alim deyir ki, alkosintin rəngi və dadı yoxdur və qatıldığı içkinin keyfiyyətini dəyişmir.

Professor Nutt deyir ki, son 30 ildə alkoqolun beyinə təsirləri çox yaxşı öyrənilib və buna görə də onu imitasiya edən kimyəvi maddənin kəşfi mümkün olub.

Alkosinti müdafiə edənlərin fikrincə, o spirtli içkilərin sağlamlığa ziyanını bloklayacaq.

Rəsmi rəqəmlərə görə hazırda Britaniyada spirtli içkilər - siqaret və piylənmədən sonra üçüncü ən böyük "qatildir".

Professor deyib ki, spirtli içkilər sənayesi alkoqolun 2050-ci ilədək bazardan çıxacağını yaxşı bilir və artıq 10 ildir özünü bu "inqilaba" hazırlayır. Sadəcə olaraq hələlik adi spirtli içkilər nəhəng gəlirlər gətirir.

Atın bura nə dəxli var?

"The İndependent" yazır ki, alkosintin ilkin sınaqlarında diazepamlar kateqoriyasına mənsub benzodiazepin maddəsinin törəməsindən istifadə edilib. Diazepamlar depressiyalara qarşı istifadədə olan dərmanlardır.

Lakin doktor Nutt deyib ki, onun preparatının tərkibində benzodiazepin yoxdur və tərkib ümumiyyətlə sirdir.

"The İndependent" xatırladılır ki, professor Nutt hökumət müşavirliyindən 2009-cu ildə uzaqlaşdırılıb. Həmin vaxt o belə bir bəyanat vermişdi ki, guya psixotrop "şənləndirici" preparat olan ekstazini qəbul etmək at sürməkdən daha təhlükəsizdir.

Fotonun müəllifi PETER MACDIARMID
Image caption Rəsmi rəqəmlərə görə hazırda Britaniyada spirtli içkilər - siqaret və piylənmədən sonra üçüncü ən böyük "qatildir".

Professor Nutt deyib ki, o hələlik sintetik alkoqolun istehsalına bu ilin mayında qəbul olunmuş Psixoaktiv Maddələr qanununun yol verib-verməyəcəyini bilmir.

Cənab Nutt bunu da əlavə edib ki, yan fəsadlarının olmamasına görə sintetik alkoqol insanı başını itirəcək qədər sərxoş etməyəcək.

Lakin Britaniya Pivə və Meyxanə Assosiasiyasından Neil Williams deyib ki, sərxoş olmamağın daha bəsit yolları var.

"Bunlardan biri də pivə kimi az təsirli spirtli içkilərin içilməsi və ümumiyyətlə "qaydasında" içilməsidir" - deyib Williams .

Rusiya bombardmançıları Britaniya hava sərhədindən çıxarılıb

"The Telegraph" yazır ki, iki Rusiya bombardmançı təyyarəsinin Birləşmiş Krallığın hava məkanına yaxınlaşmasına cavab olaraq Britaniya Kral Hava Qüvvələrinin iki Typhoon qırıcısı Şotlandiyadakı bazadan havaya qaldırılıb.

Bu barədə məlumatı Britaniya Müdafiə Nazirliyi verib.

Qərbin hərbi dairələrində "Blackjack" ləqəbi ilə tanınan Tupolev 160 bombardmançıları Norveç istiqamətindən gələrək Britaniyanın Şetland adalarına yaxınlaşmaqda idilər.

Səsdən iti uçan Tupolev 160 həm də "Belıy Lebed" adı ilə məşhurdur və 1987-ci ildə istismara verilən son sovet strateji təyyarəsidir.

Kral Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, iki Typhoon qırıcısı Lossiemouth hərbi hava bazasından qalxaraq Rusiya təyyarələrini Birləşmiş Krallığın hava məkanı yaxınlığından geri qaytarıb.

"Rusiya təyyarələri Birləşmiş Krallığın hava məkanını pozmayıblar" - deyib sözçü qadın.

"The Telegraph" yazır ki, "hər ehtimala qarşı" başqa iki qırıcı da Linkolnşirdəki hərbi bazadan havaya qaldırılıb, lakin onların müdaxiləsinə ehtiyac olmayıb.

Məqalədə deyilir ki, ötən il ərzində Rusiya hərbi təyyarələrinin Birləşmiş Krallığın hava məkanı yaxınlığında görünməsi halları bir neçə dəfə qeydə alınıb.

Ötən ilin dekabrında Britaniyanın hərbi rəsmiləri Moskvadakı həmkarları ilə bu insidentləri müzakirə ediblər.

Müdafiə naziri Michael Fallon deyib ki, bu danışıqlarda "hər hansı anlaşılmazlıqların" qarşısının alınması yolları müzakirə edilib.

Ötən ilin sentyabrında keçmiş Rusiya generallarından biri "The Telegraph" qəzetinə bildirmişdi ki, Rusiya uzaqmənzilli nüvə bombardmançılarının Britaniya sərhədi boyunca uçuşları casusluq xarakteri daşıyır, lakin təxribat kimi qiymətləndirilməməlidir.

Hazırda təqaüddə olan və analitik mərkəzlərdən birində çalışan general-leytenant Yevgeni Bujinski demişdi ki, kəşfiyyat uçuşları normal praktikadır və NATO təyyarələri də Rusiya sərhədləri boyunca belə uçuşlar edir.

Almaniyada "islamlaşma xofu"

"Express" yazır ki, yenicə aparılmış rəy sorğusundan almanların 57 faizi ölkələrinin "islamlaşacağından" narahatlıq keçirdiyi məlum olub.

Fotonun müəllifi AFP
Image caption Almaniyada keçirilmiş yerli seçkilərdə kansler Angela Merkelin partiyası uğursuzluğa düçar olub. Bəzi təhlilçi bunun səbəbini xanınm Merkelin miqrantlar üçün "açıq qapılar siyasəti" yürütməsində görürlər.

Maraqlıdır qadınların 61, kişilərin isə 51 faizi bundan narahatdır.

Bu da bəlli olub ki, islamlaşmadan narahatlıq keçirənlər həm dindar xristianlar, həm də ateistlərdir.

Buna baxmayaraq islamlaşmadan ən az narahat olanlar 18-24 yaş kateqoriyasına aiddir.

Bunların yalnız 30 faizi Almaniyanın daha çox İslam dövlətinə çevriləcəyindən narahatlıq keçirir. Lakin yaşı 45-dən çox olanların dörddə üçü islamlaşma təhlükəsini real hesab edir.

Başqa nəticələrə görə hər 10 almandan 6-sı miqrantların özləri ilə cinayət və terror gətirdiyinə inanır. Yəhudilər arasında isə hər 10 nəfərdən 9-u qorxu hissi keçirdiyini deyib.

Bu yaxınlarda Almaniyada keçirilmiş yerli seçkilərdə kansler Angela Merkelin partiyası uğursuzluğa düçar olub. Təhlilçilər bunun səbəbini xanınm Merkelin miqrantlar üçün açıq qapılar siyasəti yürütməsində görürlər.

Bu, elektoratı daha çox ifrat sağçı partiyalara meylləndirib.

Angela Merkelin xristian demokratlar partiyasının parlament seçkilərində məğlub ola biləcəyindən narahatlıq var.

"Express" yazır ki, 2014-cü ildən bəri ifrat sağçı təşkilatların tərəfdarları tərəfindən törədilmiş zorakılıq cinayətləri 42 faiz artıb.

Bu müddət ərzində qaçqın düşərgələrinə 75 odvurma aktı qeydə alınıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş