Çin: Jurnalist "eynək taxdığına görə" işdən qovulub

Syamen-də jurnalist zərərçəkmişlərdən müsahibə götürür Fotonun müəllifi XIAMEN WANGSHI
Image caption Jurnalist müsahibə zamanı eynək taxıb və əlində çətir tutub

Çində günəş eynəyi taxan və əlində çətir tutaraq müsahibə alan televiziya müxbiri vəzifəsindən kənarlaşdırılıb.

Müxbirin adı çəkilmir.

Hadisə ilə bağlı şəkildə görünür ki, jurnalist Syamen şəhərində Meranti tayfununun nəticələrilə bağlı müsahiblərilə danışır.

Görüntülər yayıldıqdan sonra xarici görünüşünə görə qarşısındakı adamlardan kəskin fərqlənən jurnalist qeyri-peşəkarlıqda ittiham olunmağa başlayıb.

"Jurnalistlərimizdən biri bizim qaydalara əməl etməyib və müsahibəni lazımi qaydada ala bilməyib. Bu jurnalist imicinə xələl gətirməklə ictimaiyyətə mənfi təsir göstərir", Xiamen TV kanalının bəyanatında deyilir.

Meranti tayfunu Çində il ərzində baş verən ən güclü təbii fəlakət hesab olunur.

"Müasir dövrün Qırmızı Ordusu"

Şəkli internetdə ilk paylaşanlardan biri, Yanping Zhang BBC-ə deyib ki, reaksiya gözlədiyindən daha sərt olub.

Zhang xanım deyib ki, şəklin orijinalını kimin çəkdiyi aydın deyil, amma "cəza həddindən artıq ağırdır".

"Məncə daxili şifahi xəbərdarlıq bəs olmalı idi", o deyib.

"Mənim niyyətim o idi ki, xalqa göstərim ki, müsahibə edən jurnalistin eynək taxması və əlində çətir tutması hörmətsizlikdir."

Hərçənd sosial şəbəkələrdə xanım Zhang bu hərəkətinə görə həm də tənqid olunur.

O söyləyib ki, jurnalisti şəxsən tanımır.