Britaniya mətbuatı: "Əziz Allaha məktub"

ərəb dəvələri Fotonun müəllifi AFP
Image caption Misirin böyük imamı əl-Tayebin Qroznıdakı görüşdə iştirakı səudları xüsusilə əsəbiləşdirib

İndi səudları sünnilər də, şiələr də istəmirlər…

"The İndependent" qəzetinin müxbiri Robert Fisk yazır ki, səudlar Yəməndəki "axmaq" müharibələrinin girdabından çıxmamış 200 sünni ruhanisinin Səudiyyədə sitayiş edilən vəhabiliyi lənətləyən məktubu ilə üzləşiblər.

Bu məktubda sünni ruhanilər vəhabiliyi İslamın "təhlükəli təhrifi" adlandırıblar.

Məktubu imzalayanlardan biri, Misirin böyük imamı, əl-Əzhar Universitetindən Əhməd əl-Tayeb hələ bir il əvvəl dini mətnlərin "yanlış təfsirini" tənqid etmiş və Səudiyyə Ərəbistanından kənarda olan "böyük bilik ocaqlarına" üz tutmağa çağırmışdı.

Fisk yazır ki, sünni ruhani liderlərin Qroznıda keçirdikləri yığıncaq Le Monde qəzetini çıxmaq şərti ilə dünya mediasının diqqətindən kənarda qalıb, halbuki bu, Suriya müharibəsindən daha dramatik məsələ ola bilər.

Məqalədə deyilir ki, sünni ruhanilər krallığın adını birbaşa çəkməsələr də, söhbətin dünya boyunca vəhabi məscid və mədrəsələrinə hər il milyonlarla dollar xərcləyən Səudiyyədən getdiyi aşkardır.

Fisk yazır ki, Çeçenistanda görüşən dini liderlərin gözündə vəhabilik ən təhlükəli cərəyandır, çünki o qeyri-müsəlmanlara, eləcə də İslamın vəhabilikdən başqa hər hansı formasına sitayiş edənlərə qarşı zorakılığa çağırır.

Onlar bildiriblər ki, İŞİD, əl-Qaeda və Taliban vəhabiliyin Səudiyyə və Qətərdən kənarda olan modifikasiyalarıdır.

"Dünya bizi yandırmaq istəyir…"

Məqalədə deyilir ki, səudlar terrorizmin bütün növlərinə qarşı olduqlarını bildiriblər, lakin onların Çeçenistan bəyənatına reaksiyası heyrətamiz olub. Ər-Riyaddakı kral Xaled bin Əbdüləziz məscidinin imamı Adil əl-Kəlbani deyib ki, "dünya bizləri yandırmağa hazırdır".

Həcc ziyarətinin əvvəllərində Livan qəzeti Əl-Əxbar iddia edirdi ki, son 14 ildə ölkənin Həcc paytaxtı Məkkədə 90 min zəvvar ölüb.

Səudiyyə rəsmiləri bu iddiaları rədd etsələr də, məsələn İran bunun tamamilə həqiqət olduğuna əmindir.

İranın ali rəhbəri Xameneyi deyib ki, Səudiyyə padşahları "İslam dünyasını vətəndaş müharibələrinə çəkiblər".

Fisk yazır ki, Xameneyinin bəyanatının sərtliyinə baxmayaraq indi bir məsələ tamamilə aydındır. Həm sünni, həm də şiə imamlar səudları tənqid edirlər.

Məqalədə deyilir ki, Misirin böyük imamı əl-Tayebin Qroznıdakı görüşdə iştirakı səudları xüsusilə əsəbiləşdirib, çünki onlar briqada generalı, prezident əl-Sisinin üç il əvvəl həyata keçirdiyi hərbi çevrilişdən bu yana onun ölkəsinin iqtisadiyyatına milyonlarla dollar töhfə veriblər.

Səudlara nə olub?

Jurnalist yazır kİ, görəsən səudlara nə olub? Onlar hələ 2010-cu ildə sülhyaradıcı kimi sərhədləri sərbəst aşır, münaqişə bölgələrində İran, Suriya, Türkiyə, Qətərlə əməkdaşlıq edirdilər. İndi isə, 2016-cı ilədək onlar iki kral dəfn ediblər, xarici siyasətə ölçülü yanaşmadan əl çəkiblər, istər başqa müsəlmanları, istərsə də xristianları kafir sayan "təkfiri divanəliyinə" üz tutublar.

Məqalədə deyilir ki, Qroznıda keçirilən görüşə Küveyt, Liviya, İordaniya və Sudanın da ruhani liderləri qatılıblar. Bunların arasında Əsədə loyal olan Suriyanın böyük müftisi Əhməd Həsun da var.

Fisk yazır ki, Abu Dabi bu konfransda rol oynamasa da, onun radikallıq əleyhinə mövqeyi bəllidir. Lakin maraqlısı budur ki, Çeçenistan diktatoru Ramzan Kadırovla Abu Dabi vəliəhdi Məhəmməd ben Zayed əl-Nəhyan arasında yaxşı münasibətlər var.

Jurnalist bu nəticəyə gəlir ki, Rusiyanın özünün qanlar axıtdığı bu bölgədə keçirdiyi görüşdə Putinin şəxsən çıxış etməsi də maraqlıdır. O əslində bununla səudlar haqqında nə düşündüyünü deyib.

Lakin Fisk yazısının sonunda belə bir sual verir: "Əgər sünni müsəlmanların əsl təmsilçisi səudlar deyilsə, onda kimdir? Bəs onda Səudiyyə Ərəbistanının gələcəyi necə olacaq?"

"Belə suallardan inqilablar törəyir" - yazır Fisk.

Adamlar məktublarını niyə çaylara atırlar?

Fotonun müəllifi Marine Biological Association
Image caption Rəssam Nicola White Temza sahillərində indiyədək 100-dən çox naməli butılka tapıb

"The Telegraph" qəzetində az tanınmış rəssam Nicola White-ın məqaləsi dərc olunub.

Məqalə insanların içərisinə məktub qoyub sulara buraxdıqları butılkalar barədədir.

Rəssam yazır ki, belə butılkalardan birini ilk dəfə Greenwich-də Temza çayının sahilində tapıb. Şüşənin içindəki məktub üç il əvvəl yazılıbmış.

Bu məktubda özünü Mia adlandıran qız, anası ilə gəzməyi xoşlamasından, itləri sevməsindən yazır və butılkanı tapan şəxsin cavab göndərməsini istəyirdi.

Rəssam qızcığaza cavab yazıb. Nicola White yazır ki, həmin vaxtdan bəri daha diqqətli olub və Temza sahillərində indiyədək 100-dən çox naməli butılka tapıb.

Bu məktublar onun həyatını dəyişib.

Məqalədə deyilir ki, əvvəllər uzun müddət bankda işləyən rəssam bank işinin onun üçün olmadığını həmişə hiss edirmiş.

Onu bank müştərilərinə xidmət etmək yox, Temza çayının sahillərində, özünün yazdığı kimi "palçıq tapdalamaq" daha bəxtəvər edirmiş.

O nəhayət işini tərk edərək rəssamlığa başlayıb. Mianın butılka ilə üzüb gələn məktubu isə onun yeni işinin başlanğıcı olub. Rəssam Miaya məktub yazıb və sevinc dolu cavab alıb.

Nicola White yazır ki, adamlar içki şüşələrinə məktub qoyub dənizə atmağa hələ qədim yunanların dövründən başlayıblar. Adamlar bunu müxtəlif səbəblərdən edirdilər. Kimi bunu bir ayin olaraq icra edirdi, başqa birisi məktubunu xoşbəxtlik axtarışına buraxırdı, bir başqası isə tanımadığı insanlarla ünsiyyətə can atırdı.

Rəssam yazır ki, bəzi butılkalardakı məktublarda adamlar öz hisslərinə və ya kimlərəsə "əlvida" deyirdilər.

"Onda mən belə məktubları qaytarıb şüşənin içinə qoyur və onu təkrar suya atırdım. Yəqin ki, ən düzgün hərəkət elə bu ola bilərdi" - yazır Nicola.

Nakam arzuların məktubları

Rəssam qadın bir dəfə bir butılka və içində məktubla yanaşı bükülü kül tapır. Heç demə məktubu göndərənin bacısı 2012-ci ildə vəfat edib və ölümündən az əvvəl dünya səyahətinə çıxmağı planlaşdırırmış. Əvəzində bacısı onun küllərini butılkaya qoyaraq çaya buraxıb.

"Mən külləri Temzaya səpələdim və səkkiz ay əvvəl yazılmış məktuba cavab göndərdim. Bundan sonra bir qadından aldığım məktubda belə yazılmışdı: "Hə, görünür bacım Londonu tərk etmək istəmirmiş…"

Nicola yazır ki, Temza çayı sahillərində tapdığı hər iki yüz butılkanın birindən məktub çıxır.

Rəssam qeyd edir ki, kompüter və telekommunikasiyalar əsrində adamlarla bu sayaq ünsiyyət qurmaq izaholunmaz hisslər yaradır.

Onun tapdığı bir butılkanın içindən çıxmış məktubu Jack Hodges adlı uşaq yazmışdı. Məktubda deyilirdi ki, "mən Dino Thunder Power Ranger serialındakı qırmızı qəhrəman olmaq istəyirəm".

Rəssam bu uşağı Tvitterdə tapıb və ona "qırmızı döyüşçünün" paltarını göndərib.

Uşaq son dərəcə sevinib və Nicola-ya özünün "qırmızı qəhramanın" qiyafəsində çəkilmiş fotosunu göndərib.

"Təsəvvür edin ki, öz arzularını kağıza yazıb suya atan uşaqlar bu arzular çin olanda necə sevinirlər" - yazır Nicola.

Sən bilirsən mən kiməm…

Başqa bir butılkada isə oğurluq üstündə həbsxanada yatan məhbusun məktubu olub.

Onun məktublu butılkalarını çaya tanışları atırmışlar.

Məktubda yazılmışdı ki, bu şüşəni tapan insan həyatda xoşbəxt olacaq. Lakin rəssam əvvəlcə həmin məhbusu tapmağa nail olub. Məhbus vəd edib ki, həbsxanadan çıxan kimi onunla görüşüb başına gələnləri danışacaq.

Lakin onu ən çox təsirləndirən məktub suya atılsa da göylərə yazılmışdı:

"Əziz Allah, sən əlbəttə ki, bundan əvvəlki məktubumu xatırlayırsan. Mən alkoqolun və ümidsizliyin əsiri olanadək sən həmişə mənə kömək etmisən. ..Bu məktub mənim üçün çox mühümdür, çünki mən ömrüm boyu məktublar göndərmək fikrində deyiləm. Amma bil ki, bu məktubu sənə sevgi və ümidlə yazıram. İmza: Sən bilirsən kimdən"

Nicola White yazır ki, o Temza sahilindən tapdığı bütün məktubları səliqə ilə çərçivəyə salıb və tezliklə bu namələrdən ibarət sərgi Greenwich-dəki Kral Donanma Kollecində açılacaq.

Sərgiyə yaxşı bir ad da tapılıb: Sudan gələn sözlər".

Əlaqəli mövzular