Britaniya mətbuatı: Səudiyyə nazirlərin maaşını kəsib

Britaniya mətbuatı

"The Guardian" yazır ki, Səudiyyə Ərəbistanı neft qiymətlərinin aşağı olduğu bir vaxtda bütün nazirlərin maaşlarını 20 faiz ixtisar edib və məmurlara verilən maliyyə mükafatlarını və güzəştləri yığışdırıb.

Hökumətin Əkbəriyyə dövlət telekanalı vasitəsilə yayılmış bəyanatına görə yeni təbdirlər məmurların gəlirlərinin ciddi ixtisarını nəzərdə tutur.

"The Guardian" vurğulayır ki, dövlət qulluqçuları Səudiyyə Ərəbistanında işləyənlərin üçdə birini təşkil edirlər.

Əkbəriyyə telekanalında oxunan bəyanatda deyilirdi: "Hökumət bir sıra pul mükafatlarını və müavinətləri dayandırmağı qərara alıb".

Televizya ilə translyasiya edilən müşavirədə kral Salman da daxil, monarx ailəsinin üzvləri, bütün nazirlər iştirak edirdilər.

"The Guardian" yazır ki, neft qiymətlərinin düşməsi enerji ixracatçıları olan Körfəz ölkələrini səxavətli hökumət xərclərini azaltmağa məcbur edib.

Məqalədə deyilir ki, ötən il Səudiyyə Ərəbistanının büdcə kəsiri 100 milyard dollar olub və hökumət vəsaitlərə qənaət etməyin yollarını axtarır.

Kral fərmanında hökumət üzvlərinə verilən kirayə və avtomobil dotasiyaları da 15 faiz ixtisar edilir.

Fərmanda habelə əlavə iş üçün verilən maaşların 25-50 faiz ixtisar edilməsi nəzərdə tutulub. Məzuniyyət müddəti innən belə 30 gündən artıq olmamalıdır.

Fotonun müəllifi Getty Images
Image caption "The Guardian" yazır ki, Səudiyyə Ərəbistanının "2030-a baxış" adlı təşəbbüsü iqtisadiyyatın neft aludəçiliyindən azad edilməsini, özəl bizneslərin inkişaf etdirilməsini nəzərdə tutur.

Maaş və mükafat ixtisarlarından yalnız ölkənin cənub sərhədini qoruyan, habelə Yəməndəki kampaniyada iştirak edən hərbçilər istisna edilib.

Səudiyyə təhlilçilərindən Əl-Ərəb News saytının redaktoru Camal Kaşoqqi deyib ki, bu tədbirlər adamların xoşuna gəlməsə də zamanın hökmüdür.

Təhlilçi deyib ki, maaşların azaldılması müəllimlərin və digər peşəkarların da qazanclarını təsirləndirəcək.

"2030-a baxış" adlı təşəbbüs

"The Guardian" yazır ki, Səudiyyə Ərəbistanının "2030-a baxış" adlı təşəbbüsü iqtisadiyyatın neft aludəçiliyindən azad edilməsini, özəl bizneslərin inkişaf etdirilməsini nəzərdə tutur.

Bundan başqa hökumət əlavə gəlir mənbələri kimi yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri, habelə əcnəbilər üçün viza qiymətlərini qaldırıb.

Məqalədə deyilir ki, Səudiyyə ötən dekabrda əhaliyə verilən elektrik və su subsidiyalarının ixtisarı barədə qərar qəbul etmişdi.

Lakin yeni ixtisar tədbirlərinin təşəbbüsçüsü olan vəliəhd şahzadə müavini Məhəmməd bin Salman deyib ki, əhaliyə verilən su üçün dotasiyaların ixtisarı barəfə qərar hələlik icra olunmayıb.

Səudiyyə Ərəbistanındakı Twitter istifadəçiləri son tədbirlərə mərhum kral Abdullanının fotolarını yaymaq və onun vaxtındakı firavanlığı xatırlamaqla reaksiya veriblər.

Rayan əş-Şəmri adlı istifadəçi yazıb : "Allah köməyimiz olsun, deyəsən yoxsulluq zəmanəsinə qayıdırıq!"

Səudiyyə qadınlarına nəzarətçi lazımdırmı?

"The Telegraph" qəzeti də Səudiyyə Ərəbistanı mövzusunda yazıb.

Fotonun müəllifi AZİZA AL-YOUSEF
Image caption Petisiyanı hökumətə Əzizə Əl-Yusif təqdim edib

Məqalədə deyilir ki, bu ölkədə kişilərin qadınlara nəzarət etməsinə qarşı misilsiz petisiya minlərlə imza toplayıb.

Səudiyyə Ərəbistanının mövcud qanunlarına görə hər bir qadının, onun əri, atası və ya qardaşının simasında nəzarətçisi olmalıdır.

Nəzarətçi statusu olan kişi qadının ev kirayələməsi, səfərə çıxması və sair kimi müxtəlif işlərində adətən son söz sahibi olur.

"The Telegraph" yazır ki, özünün ultramühafizəkar dəyərləri ilə tanınan krallıqda belə bir petisiyanı 14 min 500 insanın imzalamsası həqiqətən də misilsiz hadisə hesab oluna bilər.

Vətəndaş cəmiyyəti fəalı Əzizə Yusef deyib ki, petisiyanı Səudiyyə hökumətinə təqdim edib.

Bununla belə xanım Əl-Yusef deyib ki, Səudiyyə Ərəbistanında problem petisiyaların hazırlanmasında yox, hakimiyyətin bu petisiyaları göz ardına vurmasıdır.

O BBC telekanalına bildirib ki, son məqsəd qadınlara normal vətəndaş kimi baxılmasına nail olmaqdır.

Səudiyyə Ərəbistanının ən vəzifəli ruhani xadimi müfti Əbdüləziz əş-Şeyx deyib ki, qadınlara kişilərin nəzarətini nəzərdə tutan qanunun ləğv olunmasına çağırışlar İslam dininə qarşı cinayətdir"

Seks dindarlıq "hisslərini gücləndirir"

Fotonun müəllifi Getty Images
Image caption Təcrübə zamanı oksitosini stimullaşdıran dərnmanları qəbul edənlər , həyatın məna və məqsədinin onlar üçün çox mühüm olduğunu söyləyiblər.

"The Independent" yeni elmi tədqiqatın nəticələrinə istinadən yazır ki, sekslə məşğul olarkən orqanizmin buraxdığı hormonlar həm də insanın dindarlığını və Allaha etiqadını artırır.

Sözü gedən araşdırmaya görə, oksitosin adlanan hormon sosial bağları gücləndirməklə və qadınlara uşaq doğmaqda kömək etməklə yanaşı həm də dindarlıq hisslərini gücləndirir.

Məqalədə deyilir ki, Şimali Karolinadakı Duke Universiteti alimlərinin apardığı təcrübə zamanı orta yaşlı kişilərin oksitosin hormonunun səviyyəsi süni şəkildə qaldırılıb. Bu zaman bəlli olub ki, iki kriteriya üzrə bu adamlarda dindarlıq hissləri güclənib və tam bir həftə ərzində dəyişməz olaraq qalıb.

Bu tədqiqat zamanı bir qrup könüllüyə onların xəbərləri olmadan oksitosini yüksəltməli olan preparatın adı ilə təsirsiz maddə verilib.

Bu araşrdırmaya başçılıq edən sosioloq Patty Van Cappallen deyib ki, bundan əvvəlki tədqiqatlar ruhaniliklə sağlamlıq və rifah arasında əlaqənin olduğunu göstərmişdi.

Bu eksperiment nəticəsində isə oksitosin hormonunun sağlamlıqla yanaşı ruhani inancların güclənməsinə də dəstək verdiyi bəlli olub.

Başqa sözlərlə sağlam bədəndə sağlam ruh olar deyimi təsdiqini tapıb.

Oksitosin hormonu beynin hipotalamus adlanan hissəsində təbii olaraq yaranır və insanlarda rəğbət, inam, sosial bağlılıq və yaxşılıq hisslərinin formalaşmasında aparıcı rol oynayır.

Təcrübə zamanı oksitosini stimullaşdıran dərnmanları qəbul edənlər , həyatın məna və məqsədinin onlar üçün çox mühüm olduğunu söyləyiblər.

"The Independent" yazır ki, bu təcrübə ilk dəfə olaraq oksitosinin ruhanilik hissindəki rolunu isbat edib.

Lakin xanım Van Cappellen xəbərdarlıq edib ki, eksperimentin nəticələri ifrat şəkildə ümumiləşdiriməməlidir.

Onun sözlərinə ruhanilik hissində bir çox faktorlar rol oynayır.

Əlaqəli mövzular

Bu barədə daha geniş