Almaniya: Drezdendəki məsciddə partlayış olub

Drezdendə məscid Fotonun müəllifi Getty Images
Image caption Partlayışın gücündən məscid qapısının kilidi qırılıb

Bazar ertəsi axşam Drezdendə məscid və konfrans-mərkəzində partlayışlar olub, yerli polis xəbər verir.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Partlayışa görə hələ ki, məsuliyyəti üzərinə götürən olmayıb, lakin polis güman edir ki, hadisənin səbəbi irqçilik ola bilər.

"Məsuliyyəti üzərinə götürən olmasa da, güman etmək olar ki, burada ksenofobiya elementləri var," Associated Press agentliyi yerli polisə istinadən yazıb.

Polisdən bildirildiyinə görə, məscid və konfrans zalı yaxınlığında əldədüzəltmə üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilib.

Partlayış zamanı məsciddə imam, onun arvadı və iki oğlu olub. Onların xəsarət almadığı deyilir. Partlayış nəticəsində məcsid binasının qapısı sındırılıb.

Bundan dərhal sonra baş vermiş ikinci partlayış otellə Beynəlxalq Konfrans Mərkəzində olub. Polis otelin barındakı insanları evakuasiya edib.

Hazırda məscid yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib.

Almaniyanın şərqində anti-immiqrasiya əhvalı hökm sürür. İmmiqrasiya və Avropanın "islamlaşdırılması" əleyhinə çıxış edən Pegida təşkilatı məhz Drezden şəhərində yaranıb.

Keçən il Almaniyaya bir milyondan çox qaçqın və miqrant gəlib. Ölkədə miqrantlara qarşı hücumların sayı artıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş