Britaniya mətbuatı: Baş kəsib bişirən "evdar qadın"...

Britaniya mətbuatı

İraqlı "nənənin" qəddar qisası

"The İndependent" yazır ki, "bir iraqlı nənə" öz iddiasına görə İslam Dövləti adlandırılan qrupun döyüşçülərinin boyunlarını vurub və başlarını bişirib.

Məqalədə deyilir ki, bu qadın İD-in rəhbəri tərəfindən şəxsən ölümlə hədələnib.

39 yaşlı Vahidə Məhəmməd əl-Cumayli deyib ki, o, İŞİD döyüşçlərinin başlarını kəsərək ona görə bişirib ki, bütün ailəsinin öldürülməsinin qisasını alsın.

"The İndependent" yazır ki, İŞİD bu qadının iki ərini, atasını və üç qardaşını qətlə yetirib.

Daha çox özünün Um Hanadi ayaması ilə tanınan bu qadın bu yaxınlarda azad edilmiş Şirqat şəhərində cihadçılara qarşı döyüşən 70 nəfərlik dəstəyə başçılıq edir.

Şirqat şəhəri İŞİD-in İraqdakı istehkamı olan Mosulun 70 kilometrliyində yerləşir.

"Mən onlarla döyüşmüşəm, başlarını kəsmişəm, bişirmişəm və cəsədlərini yandırmışam"- deyib qadın CNN telekanalına.

"The İndependent" yazır ki, özünü "evdar qadın" kimi təqdim edən bu dəstə başçısı Facebook səhifəsində dərc etdiyi fotoda əlində kəsilmiş başla görünür.

İkinci fotoda onun iki kəsilmiş başı qazanda bişirməsi əks edilib.

Üçüncü fotoda isə qadın yandırılmış başsız cəsədlər arasında dayanıb.

Qadın CNN telekanalına deyib ki, İŞİD liderləri, o cümlədən təşkilatın başçısı əl-Bağdadi onu şəxsən ölümlə hədələyiblər.

"Mən onların qisas siyahısında birinciyəm. Bu siyahıda mənim adım baş nazirin adından əvvəl gəlir - deyib Um Hanadi, - Onlar mənə 6 dəfə sui-qəsd ediblər. Başımda və ayaqlarımda qəlpələr var, bütün qabırğalarım sınıb, amma mən döyüşü dayandırmamışam".

"The İnependent" yazır ki, qadın başındakı çapıqları göstərmək üçün müsahibə zamanı baş örtüyünü açıb.

Um Hanadi deyib ki, o, hökumət qoşunları ilə müttəfiq olaraq əvvəlcə əl-Qaedaya, sonralar idə İD-ə qarşı döyüşüb.

O, bu yaxınlarda hökumət qoşunlarının Şirqat şəhərinin azad edilməsi əməliyyatında iştirak edib.

İraq quru qoşunlarının Salahuddin əyalətindəki komandanı general Camaa Anad CNN telkanalına deyib ki, Um Hanadinin rəhbərlik etdiyi dəstə zirehli maşınlar və silahlarla təchiz edilib.

"Onun iki əri və qardaşları şəhid olublar. O da qisas almaq üçün öz dəstəsini təşkil edib" - deyib komandan.

Kürd qadınların dediyinə görə, İŞİD cihadçıları qadınlar tərəfindən öldürülməkdən qorxurlar, çünki onların inamına görə bu halda cənnətə düşə bilməyəcəklər.

Türkiyə özü ilə Suriya arasında beton sədd çəkir

Fotonun müəllifi Anadolu Agency/ Getty
Image caption Türkiyənin Şanlıurfa əyalətindən Suriyanın Ayn əl-Ərəb şəhərinin görünüşü. Oktyabr, 2014-cü il

"The Mirror" qəzeti yazır ki, Türkiyə özü ilə münaqişəli Suriya arasındakı 901 kilometrlik sərhəd boyunca 4 metr hündürlüyündə beton hasar çəkməyə hazırlaşır.

Hökumət bildirib ki, hasarın çəkilməsi beş aya başa çatdırılmalıdır.

Məqalədə deyilir ki, hər birinin ağırlığı 7 ton olan beton hasar blokları İslam Dövlətinin nəzarətində olan ərazilərdən qaçaqmalçılığı dayandırmalıdır.

"The Mirror" yazır ki, Türkiyə sərhədin 240 kilomterlik sektorunda belə bir hasarın tikintisinə 2004-cü ildə başlamışdı.

Türkiyə Evtikmə İdarəsinin rəhbəri Ergün Turan deyib ki, yeni hasar Ankara üçün təhlükəsizlik məsələsidir.

O deyib ki, bu təhlükəli tikintidir, çünki ətraf minalarla doludur.

Turan deyib ki, beton hasar Türkiyəyə 400 milyon dollara başa gələcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş