Sergey Lavrov: ABŞ "Suriya cihadçılarını müdafiə edir"

Sergey Lavrov
Image caption Sergey Lavrov deyib ki, Rusiya ABŞ-ın cihadçı Nusra Cəbhəsini müdafiə etdiyinə inanır

ABŞ Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən endirmək üçün cihadçı qrupları müdafiə edir, Rusiya xarici işlər naziri Sergey Lavrov BBC-ə bildirib.

Sergey Lavrov bildirib ki, ABŞ cihadçı ekstremist qruplarla mütədil üsyançıları ayırmaqla bağlı sözünə əməl etməyib.

"Onlar hələ də bunu etməyi bacarmır və ya istəmirlər," cənab Lavrov deyib.

O bildirib ki, Rusiya ABŞ-ın cihadçı Nusra Cəbhəsini müdafiə etdiyinə inanır.

Cənab Lavrov Rusiyanın Suriyada hava zərbələrini başlamasının ildönümü münasibətilə müsahibə verib.

O, Rusiya və Suriya hökumət qüvvələrinin mühasirədə olan Hələb şəhərini bombalamasına haqq qazandırıb.

BMT-nin bildirdiyinə görə, keçən həftə şəhərdə, uşaqlar da daxil olmaqla, 400 dinc sakin qətlə yetirilib.

Cənab Lavrov iddia edib ki, Rusiya prezident Bəşər Əsəd qüvvələrinə "terrorçularla mübarizədə" kömək edib.

Cənab Lavrov Qərbi Hələbdə dinc əhalinin ölümünə biganə münasibətdə günahlandırıb.

Hələbdə Rusiyanın həyata keçirdiyi hava zərbələri zamanı mülki şəxlərin ölümü ilə bağlı isə Rusiya xarici işlər naziri bunları deyib: "Əgər bu baş verirsə, buna çox təəssüf edirik".

Lakin o qeyd edib ki, bununla bağlı heç bir "mənalı sübut" yoxdur və araşdırmaya ehtiyac var.

"Biz BMT-nin qadağan etdiyi heç bir hərbi sursatdan istifadə etmirik".

Rusiyanın xarici işlər naziri müsahibə zamanı MH17 reysinin vurulmasına görə üzr istəməyib.

Təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqat aparan qrup, təyyarəni vuran raketin Ukraynanın şərqində rusiyapərəst üsyançıların nəzarətində olan ərazidən buraxıldığını bildirib.

Qrupa daxil olan prokurorlar raketin Ukrayna ərazisinə Rusiyadan gətirildiyini deyirlər.

2014-cü ildə Amsterdamdan Kuala Lumpura yollanarkən Ukrayna hava məkanında parçalanmış Boeing 777 təyyarəsinin göyərtəsində olan 298 adamın hamısı həlak olub.

Onların əksəriyyəti Niderland vətəndaşı olub.

Rusiya raketin Ukraynanın şərqindəki üsyançılar tərəfindən buraxılması barədə iddiaları qəbul etmir.

Əlaqəli mövzular

Bu barədə daha geniş