Britaniya mətbuatı: Əliyevə konstitusiya mane olmurdu. Onda onu niyə dəyişdi?

Britaniya mətbuatı

"The Financial Times" yazır ki, Azərbaycan konstitusiyası prezident İlham Əliyevi heç vaxt məhdudlaşdıra bilməyib, buna görə də onun ana qanunu dəyişməsinin səbəbi müəmmalıdır.

Məqalədə deyilir ki, görünür, ölkəyə 13 ildir mütləq hakimiyyətlə prezidentlik edən İlham Əliyev indi özünü kifayət qədər qüdrətli hiss etmir.

Ötən həftə o, özünün prezidentlik səlahiyyətlərini artırmaq məqsədilə konstitusiyaya 29 düzəliş edib.

"Təklif edilmiş düzəlişlərin əksəriyyəti prezidentə misilsiz səlahiyyətlər verməklə hakimiyyət balansını sərt şəkildə pozacaq" - deyilir Avropa Şurası Venesiya Komissiyasının rəyində.

Bu düzəlişlərə prezidentlik müddətinin 5 ildən 7 ilədək artırılması, prezidentə parlamenti buraxmaq və erkən prezident seçkisi təyin etmək səlahiyyətlərinin verilməsi daxildir. Bundan əlavə prezident ona xələf olacaq vitse-prezident təyin edəcək.

"The Financial Times" yazır ki, Azərbaycan hökumətinin dediyinə görə, bütün bu 29 düzəliş islahatların həyata keçirilməsi üçün zəruri tədbirdir. Prezidentin müşaviri Əli Həsənov deyib ki, dəyişikliklər prezident qərarlarını bürokratik əngəllərdən azad etmək üçün mühümdür.

"Lakin cənab Əliyev çox nadir hallarda parlament və ya bürokratik əngəllər tərəfindən məhdudlaşmış görünür. Bütün rəsmilər və millət vəkilləri onun iradəsi qarşısında farağat dayanırlar. Bu isə müşahidəçiləri dəyişikliklərin həqiqi motivləri barəsində düşünməyə vadar edib" - deyilir məqalədə.

Fotonun müəllifi Anadolu Agency/ Getty
Image caption Məqalədə deyilir ki, cənab Əliyevin motivləri qeyri-müəyyən olsa da, o regionda belə təşəbbüslə çıxış edən yeganə lider deyil

"Financial Times" yazır ki, ola bilsin, cənab Əliyev iqtisadi qeyri-müəyyənlik şəraitində seçkidən yayınmağa ümid edir. Bəziləri bu qənaətdədirlər ki, vitse-prezident postunu təsis etməklə prezident hakimiyyətə öz varisini hazırlamağı planlaşdırır.

Məqalədə deyilir ki, cənab Əliyevin motivləri qeyri-müəyyən olsa da, o regionda belə təşəbbüslə çıxış edən yeganə lider deyil.

Təkcə ötən bir il ərzində keçmiş sovet Mərkəzi Asiyası və Qafqazında səkkiz ölkə öz konstitutisiyasını yenidən yazıb. Beşinci ölkə, Qırğızıstan da belə bir tədbirə bu il hazırlaşır.

Bəzi hallarda dəyişikliklər birmənalı şəkildə prezidentin mövqeyini gücləndirir. Ötən ay Türkmənistan parlamenti prezidentlik müddətini 5 ildən 7 ilə artırıb və prezidentlik üçün yuxarı yaş limitini ləğv edib.

Əksər müşahidəçilər düşünürlər ki, bu, hazırkı prezident Qurbanqulu Berdımuxammedovu ömürlük prezident etmək məqsədi güdür. Ötən may ayında Taciksitan parlamenti Emomali Rahmona da ömürlük hakimiyyət hüququ verib.

Bəzi ölkələrdə isə dəyişikliklərin məqsədi birbaşa deyil. Ermənistanda prezident səlahiyyətləri azaldılaraq baş nazir səlahiyyətləri gücləndirilib. Bir çoxları inanırlar ki, bu, hazırkı prezident Serj Sarkisyanın baş nazir postuna əyləşərək hakimiyyət ömrünü uzatması üçün edilib.

George Washington Universitetində keçmiş Sovet İttifaqında siyasi sistemlər üzrə ekspert Henry Hale deyir ki, avtoritar liderlərin konstitusiyaları yenidən yazmağa ehtiyacları olmasa da, onlar bunu ölkə üzərində hakimiyyətlərini göstərmək üçün edirlər.

Lakin "The Financial Times" yazır ki, region liderləri kənardan qüdrətli görünsələr də, onlar hakimiyyətləri üçün mövcud təhlükələrdən narahatlıq keçirirlər.

Məqalədə deyilir ki, bu avtoritar liderlərin qorxuya düşməsi iqtisadi tənəzzül və Rusiyanın qonşularına qarşı artan təcavüzkarlığıdır.

20 funtluq rəsm əsəri 20 milyon funtluq şedevr ola bilər

Image caption Şəklin üstündəki lak qatının təmizlənməsindən sonra "fövqəladə gözəllik" üzə çıxıb

"The Guardian" yazır ki, Şotlandiya Mədəniyyət Fondunun işçiləri qədim malikanələrdən birində İtaliya intibah rəssamı Rafaelə məxsus olduğu düşünülən rəsm əsərini tapdıqlarını bildiriblər.

Madonna kompozisiyasına daxil tablonun məşhur olmayan birisi tərəfindən çəkilmiş surət olduğu düşünülürdü. Lakin bu şəklin Leonardo da Vinci və ya Michelangelonun fırçasından çıxa biləcəyi ehtimalını tarxiçilər hələ bundan çox əvvəl söyləyirdilər.

Tablonun 1505-1510-cu illərdə çəkildiyi ehtimal edilir. Lakin tablo surət hesab edildiyindən 1899-cu ilədək onu 20 funt sterlinq dəyərində qiymətləndirmişdilər. Bugünkü pulla bu məbləğ 2000 funt sterlinq edir. Lakin Rafaelin əsəri kimi onun bazar qiyməti 20 milyon funt sterlinqə çata bilər.

"The Guardian" yazır ki, tanınmış tarixçilərdən biri - Bendor Grosvenor Şotlandiyanın Aberdeenshire əyalətindəki 18-ci əsrə aid Haddo House malikanəsinə BBC telekanalı üçün proqram hazırlayarkən baş çəkmişdi.

O bu proqram üçün təsviri sənət nümunələrini nəzərdən keçirməliydi. O elə sözü gedən şəklə də burada gözə çarpmayan bir yerdə, yan qapının üstündə rast gəlmişdi.

İşıqlar zəif idi və şəkiln detallarını görmək mümkün olmurdu. Amma buna baxmayaraq tarixçi həyacanla, "bu ki, lap Rafaelə oxşayır" demişdi.

Bundan sonra tarixçi əl fanarını və binoklunu işə salmışdı. Şəklin üstündə saralıb çatlamış lak var idi.

"Əgər diqqətlə baxmasaydım bu şah əsərin yanından ötüb keçəcəkdim" - yazır Grosvenor.

Sonralar o öyrənmişdi ki, tablo 19-cu əsrin əvvəllərində elə Rafaelin əsəri kimi alınıb və 1841-ci ildə Londonda Rafaelin başqa şəkilləri ilə yanaşı sərgilənib.

Buna baxmayaraq sonradan bu tablonun Rafaeldən sonra çəkildiyi güman edilmiş və əsər daha az tanınmış intibah rəssamı Innocenzo Francucci da Imolanın çıxardığı surət kimi qiymətləndirilmişdi.

"Amma bu tablo qətiyyən Innocenzoluq deyildi" - yazır tarixçi. Grosvenor bundan sonra mədəniyyət fondunu şəkli konservasiya etməyə razı sala bilib.

Şəklin üstündəki lak qatının təmizlənməsindən sonra isə "fövqəladə gözəllik" üzə çıxıb.

Grosvenor yalnız sənətşünasların bildiyi detallara əsasən sözü gedən şəklin surət yox, orjinal olduğu nəticəsinə gəlib.

Bu şəkil oktyabrın 5-də BBC4 telekanalının "Britaniyanın itkin şah əsərləri" verilişində nümayiş etdiriləcək.

Bu proqramda Milli Qalereyanın keçmiş direktoru Nicholas Penny tablo barədə son hökmü çıxaracaq.

Milyonçu səhvən öz nəvəsi ilə evlənib

"The İndependent" yazır ki, 68 yaşlı Florida milyonçusu səhvən öz doğma nəvəsinə evləndiyini biləndə sarsıntı keçirib.

Yerli qəzetlərdə dərc olunmuş xəbərlərə görə özünün 24 yaşlı arvadı ilə 1 ay əvvəl evlənmiş milyonçu Miamidə yaşayır və təzəgəlin bədbəxt təsadüfün baş verdiyini köhnə foto albomlarından birinə baxarkən aşkar edib.

Bu albomda kişinin birinci arvadından olan uşaqlarının şəkilləri vardı. Qız albomdakı şəkillərə baxarkən onlardan birində ərinin əvvəlki nikahdan olan böyük oğlunu tanıyıb. Bu onun doğma atası idi.

"The İndependent" yazır ki, kişinin ikinci nikahı da uğursuz başa çatdıqdan sonra o yaşadığı şəhəri tərk edibmiş. Bundan sonra onun lotoreyası bir neçə milyon dollar udub.

Onun gənc sevgilisi isə yeniyetmə ikən hamilə olduğuna görə valideyn evindən qovulmuşdu və Jacksonville şəhərində ekzotik rəqqasə işləyirdi.

Kişi və qız bir-birlərini tanışlıq saytında tapdıqdan sonra əlaqə yaradıblar.

Adları çəkilməyən "ər-arvad" boşanmaq fikrincdə olmadıqlarını deyiblər.

"Təsəvvür edin ki, bundan heç xəbər tutmamışıq" - deyib milyonçu.