Suriya: kürd toyunda partlayış 30 nəfərin həyatına son qoyub

Qadın xərəkdə aparılır Fotonun müəllifi AFP
Image caption Partlayışda 90-dan çox adam yaralanılb

Suriyanın şimal-şərqindəki Hasəkə şəhəri yaxınlığında kürdlərin keçirdiyi toy mərasimi vaxtı baş verən intiharçı partlayış ən azı 30 adamın ölümünə səbəb olub.

Partlayış bazar ertəsi, Hasəkə kənarındakı şadlıq zalında kəbin kəsilərkən baş verib. Bəzi məlumatlarda bəyin öldüyü deyilir. Ancaq bunu təsdiqləmək mümkün olmayıb.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya əsasən onun döyüşçüsü kürd silahlılarının "izdihamlı toplantısına" avtomat və üzərindəki partlayıcı maddə ilə hücum edib.

Kürd qüvvələri İD-i silahlılarını Hasəkə şəhəri və ətrafdakı bir çox rayondan çıxarmağa müvvəfdəq olublar. Hərçənd ki, onlar ölümcül hücumların qarşısını ala bilmirlər.

AFP agentliyinə danışan bəyin qohumu toy mərasimi vaxtı yanından qalın qara rəngli gödəkçə geyinmiş şəxsin keçdiyini deyib.

"Onun qəribə göründüyü düşündüm, bir neçə saniyə keçmiş güclü partlayış səsləndi", - hadisənin şahidi AFP agentliyinə bildirib.

"İnsanlar yerə yıxıldı və mən pərəm-pərəm olmuş cəsədləri gördüm".

Suriyanın rəsmi Sana agentliyi partlayış nəticəsində 30 adamın həlak olduğunu və 90 nəfərin yaralandığını xəbər verir.

Fotonun müəllifi AFP
Image caption Partlayışın kəbin kəsilərkən baş verdiyi bildirilir.

Suriya İnsan Haqları Müşahidə qrupuna əsasən partlayışda 31 nəfər ölüb.

Britaniyada mənzillənən qrup ölənlər arasında bəyin - Zəradeşt Mustafa Fatiminin olduğunu da bildirir. Hərçənd ki, yerlilərdən biri bəyin yaralandığını, onun atası ilə qardaşının isə öldüyünü deyib.

"Bəy və onun arvadı qohumlardan birinin evində qalır. O heç kimi görmək istəmir", - bəyin qohumu AFP agentliyinə bildirib. "Onlar bunun nəticəsində bərk sarsıntı keçiriblər".

Cənab Fatiminin Suriyanın şimalındakı bölgəni idarə edən tanınmış kürd ailələrindən birinə mənsub olduğu deyilir.

O həmçinin ABŞ dəstəyilə İD-ə qarşı vuruşan kürd və ərəb dəstələrindən ibarət Suriya Demokratik Qüvvələri birliyinin üzvüdür.

Bazar ertəsi daha iki intiharçı partlayış hökumətin nəzarətində olan Hama şəhərində baş verib. Nəticədə 3 nəfər həlak olub, Sana agentliyi bildirir.

Bu barədə daha geniş