Güclü qasığra Haitiyə çatıb

Haiti rəsmiləri insanları evlərini tərk etməyə inandırmağa çalışırlar Fotonun müəllifi AP
Image caption Haiti rəsmiləri insanları evlərini tərk etməyə inandırmağa çalışırlar

Son illərin ən güclü Atlantik qasırğası özü ilə Haitiyə güclü küləklər, yağış və təhlükəli fırtına gətirib.

Dördüncü dərəcəli qasırğa olan Matthew qasırğası ölkənin cənub-qərbində torpaq sürüşməsinə səbəb olub.

ABŞ-ın Milli Qasırğa Mərkəzinin (NHC) bildirdiyinə görə, Haitidə "güclü qasırğanın gətirə biləcəyi hər şey baş verir".

Cənub-qərb sahillərindən gələn məlumatlara görə, insanlar suyun içində qalıb, evlərin damları uçub.

Ölkənin Vətəndaş Müdafiəsi Agentliyinin direktoru Marie Alta Jean-Baptiste Associated Press xəbər agentliyinə bildirib: "Hadisələrin nə qədər pis olduğunu bilmək üçün hələ çox tezdir, lakin ölkənin cənubundakı bir çox evlər məhv olub".

Port Salut şəhərində ağır xəstə olduğu üçün evini tərk edə bilməyən bir kişinin öldüyü bildirilir.

Haitinin müvəqqəti prezidenti Jocelerme Privert deyib ki, dənizdə olan bir neçə nəfər və ya qasırğadan xəbəri olmayan bəzi şəxslər həlak olublar.

Lakin həlak olanların dəqiq sayı barədə məlumat yoxdur.

Haiti dünyanın ən kasıb ölkələrindən biri sayılır və daşqınlara meylli bəzi ərazilərdə insanlar taxta və ya dəmirdən komalarda yaşayırlar.