Britaniya mətbuatı: Süni mayalanmadan doğulan oğlanlar necə ata olacaqlar?

Britaniya mətbuatı

ABŞ generalları: Rusiya ilə mümkün münaqişə amansız olacaq

"The İndependent" ABŞ generallarına istinadən yazır ki, Rusiya və ya Çinlə gələcəkdə baş verə biləcək müharibələr "son dərəcə ölümcül və sürətli" ola bilər.

General-mayor William Hix deyib ki, süni zəka və avtomatlaşdırılmış silah sistemləri gələcək münaqişələri itisürətli edəcək.

"Adi silahlarla aparılan münaqişələr yaxın gələcəkdə ölümcül və sürətli ola bilər, - deyib general, ordunun gəlcəyinə dair keçirilən şura yığıncağında, - Bu münaqişədə bizim əlimizdə vaxtı dayandıran saatımız olmayacaq".

General Hix deyib ki, münaqişənin sürəti bizim insan qabiliyyətimizi maşınların qəbul etdiyi qərarlar qarşısında sınağa çəkəcək.

General xəbərdarlıq edib ki, son vaxtlarda Rusiya və Çinin nail olduğu texnoloji uğurlar Ağ Evi "Koreya münaqişəsindən bəri görünməmiş zorakılığa" hazırlıq barədə qərar qəbul etməyə məcbur edib.

Amerika ordusu baş qərargah rəisinin müavini general-leytenant Joseph Anderson deyib ki, ABŞ "hərbiləşdirilmiş rəqabətdə aqressivlik nümayiş etdirən bir sıra müasir ölkələr" qarşısında mövcudiyyətinə təhlükə ilə üzləşib.

"Hansı ölkələr? Deyəsən ağla Rusiya gəlir?" - deyə sual edib general.

Eyni tədbirdə iştirak edən ABŞ ordusu qərargah rəisi Mark A Milley deyib ki, belə bir münaqişə "demək olar qaçılmazdır. "

"The İndependent" yazır ki, gələcək düşmənlər ABŞ-ın səmadakı hegemonluğuna, onun səma sərhədlərini qorumaq qabiliyyətinə son qoya bilərlər.

Miley deyib ki, beləliklə "quru qoşunları dəniz qüvvələrini hərəkətə gətirməli olacaq".

General bildirib ki, ABŞ ordusu peyk kommunikasiyalarının yoxluğu şəraitində kibermüharibə üsulları ilə də üzləşə bilər.

Məqalədə deyilir ki, bu həftə Rusiya ümumölkə nüvə təlimlərini həyata keçirib.

Kadırovun balaca oğlanları "qaydasız döyüşdə" qalib gəliblər

Fotonun müəllifi Yelena Afonina/ Getty
Image caption Ramzan Kadırov ötən ay keçirilmiş prezident seçkisində 98 faiz səslə qalib gəlib

"The Guardian" yazır ki, Çeçenistan lideri Ramzan Kadırov ad gününün ərəfəsində özünün üç oğlunu qarışıq əlbəyaxa döyüş yarışı (mixed martial arts - MMA) meydanına buraxdığına görə tənqid edilib.

Kadırovun böyük oğlu, 10 yaşlı Axmad çərşənbə axşamı keçirilən döyüşdə başqa bir oğlanı vurub yıxaraq Grand Prix Akhmad 2016 beynəlxalq turnirinin "gənclər bölümünün" çempionu olub.

Doqquz yaşlı Eli Kadırov və səkkiz yaşlı Adam Kadırov da öz rəqiblərini "yerə çırpdıqdan" sonra qalib elan ediliblər.

MMA telekanalı ilə canlı yayımlanan döyüş matçlarından sonra Kadırovun oğlanları özlərinin nəhəng qızıl kəmərlərini nümyiş etdiriblər.

Kadırov özünün Instagram səhifəsində oğlanlarından qürrələndiyini yazsa da, Rusiyanın ən məşhur döyüşçüsü və MMA İttifaqının sədri Fyodr Yemelyanenko deyib ki, 12 yaşından aşağı uşaqların qarışıq döyüş növləri turnirinə buraxılması "bağışlanmaz" hərəkətdir.

O həmçinin deyib ki, uşaqlar bu döyüşlərə dəbilqəsiz və qoruyucu canlıq geyinmədən qatılıblar. Yemelyanenkonun fikrincə bütün bunlar uşaqların zehni və fiziki sağlamlığına ciddi ziyan vura bilər.

"12 yaşından balaca uşaqlar belə yarışların heç tamaşa salonuna buraxılmırlar, burada isə səkkiz yaşlı oğlanlar böyüklərin gözləri qarşısında bir-birlərini əzişdirirdilər" - deyib Yemelyanenko.

"The Guardian" yazır ki, Vladimir Putinin sözçüsü sadəcə olaraq uşaqların nokauta salınmasının görüntlənməsini xəbər agentliklərinə irad tutub.

Rusiyanın İdman Nazirliyi bəyan edib ki, sözü gedən yarış barədə ciddi təhqiqat aparılacaq.

"The Guardian" yazır ki, bir neçə Çeçenistan rəsmisi Yemelyanenkonun tənqidinə təhqir və təhdidlə reaksiya verib.

Kadırovun Avropadakı nümayəndəsi və Akhmat MMA yarışının rəhbəri Timur Duqazayev yazıb ki, Fyodor bu məsələyə kişi gözü ilə baxmalı idi.

Kadırovun qohumu və millət vəkili Adam Delimxanov isə Yemelyanenkonu utandıraraq yazıb ki, belə sözləri öz qələbəsini "oğurluqla" qazanmış döyüşçüdən eşitmək təəccüblüdür. O qeyd edib ki, Yemelyanenko Fabio Maldonadoya "rüsvayçılıqla döyülsə də", qələbəni ona veriblər.

Axmad Döyüş Klubunun rəhbəri Valid Edilov isə deyib ki, döyüşmək çeçen oğlanların tərbiyəsində əsas yer tutur.

"The Guardian" yazır ki, Ramzan Kadırov çərşənbə günü, 40 yaşının qeyd edildiyi bir vaxtda ötən ay seçkidə 98 faiz səslə qalib gəlib.

Məqalədə deyilir ki, elə eyni gündə Rusiyanın dövlət televiziyası Donald Trump-ın Şagird (The Apprentice) verilişinə oxşayan proqramlar seriyasından birincisini efirə verib.

Bu proqramda 16 iştirakçı Kadırovun köməkçisi olmaq uğrunda mübarizə aparır.

Atalar və süni mayalanmadan doğulan oğullar

Fotonun müəllifi UniversalImagesGroup/ Getty

"The Sun" qəzeti yazır ki, yeni araşdırma süni mayalandırma və ya IVF üsulu ilə doğulmuş kişilərin sonsuzluğu irsən ötürdüklərini aşkara çıxarıb.

Ekspertlər deyirlər ki, süni mayalandırma üsulu ilə doğulmuş oğlan uşaqları gələcəkdə sperm azlığına məruz qalmağa üç dəfə daha artıq risklidirlər.

Faktiki olaraq bu araşdırma sonsuzluq probleminin süni mayalandırma yolu ilə nəsildən-nəslə verilməsini isbat edib.

Alimlər atalarının sperm azlığına görə süni mayalandırma ilə doğulmuş 54 kişini müayinə edərkən aşkarlayıblar ki, bu kişilərdə də ataları kimi sperm sıxlığı xeyli aşağıdır.

Məqaələdə deyilir ki, hər il minlərlə kişi ata olmaq arzusu ilə süni mayalandırma üsuluna üz tutur.

Araşdırmanın müəllifi, Brüsseldəki Vriye Universitetinin professoru André Van Steirteghem deyib ki, bu tədqiqat ataların nəsilartırma zəifliyinin övladlara süni mayalandırma vasitəsilə ötürüldüyünü göstərib.

Təcrübə göstərib ki, süni mayalanma ilə doğulmuş kişilərdə sperm sıxlığı normadan iki dəfə az olur.

Lakin professor Van Steirteghem əlavə edib ki, övladların sperm sıxlığı eyni dəqiqliklə atalarının sperm sıxlığını əks etdirmir.

Bu isə o deməkdir ki, süni mayalandrıma ilə doğulmuş oğlanların heç də hamısı zəif nəsilartırma qabiliyyətinin irsi daşıyıcısına çevrilmir.

"The Sun" yazır ki, 2013-cü ildə təkcə Britaniyada 64 min süni mayalandırma əməliyyatı aparılıb.

Britaniya Nəsilartırma Cəmiyyətindən professor Adam Balen isə deyib ki, hazırda yaşayan 6 milyon uşaq İVF üsulu ilə doğulub."

Əlaqəli mövzular