Dünya vətəndaşları?

Fotonun müəllifi Getty
Image caption Bir çox ölkələrdə etnik qarışıqlıq şaxələnməkdədir, lakin dünya vətəndaşlığı anlayışının bir mənası varmı?

Bu həftə Birləşmiş Krallığın baş naziri Theresa May üzvü olduğu Mühafizəkar Partiyaya müraciət edib: "Əgər siz dünya vətəndaşısınızsa, deməli heç yerin vətəndaşı deyilsiniz. Siz heç "vətəndaşlıq" sözünün mənasını bilmirsiniz".

Biz isə öyrənməyə çalışmışıq, görək "dünya vətəndaşı" sözünün nə kimi bir mənası var və bu anlayış dünyanın hansı yerlərində populyardır.

Birləşmiş Krallıqda keçirilmiş referendumda Avropa İttifaqından çıxmaq nəticəsi əldə olunduğuna görə, belə görünür ki, baş nazir ictimai əhval-ruhiyyəni tutmaq üçün beynəlxalq anlayışını milli suverenlik anlayışından üstün saydığını göstərmək istəyib.

Lakin o, "dünya vətəndaşı" ifadəsinin məna daşımadığını deyəndə, nə qədər haqlıdır? BBC Dünya Xidmətinin bu ilin əvvəllərində keçirdiyi bir rəy sorğusu göstərib ki, dünyanın xeyli hissəsi Britaniya baş naziri ilə razılaşmır.

Qlobal vətəndaşlıq yüksəlişdədir?

GlobeScan ictimai sorğu agentliyi bu ilin əvvəllərində 18 ölkədə 20 min insanın rəyini öyrənib və aşkar edib ki, adamlar özlərini getdikcə milli vətəndaşdan daha çox qlobal vətəndaş kimi görürlər.

"Mən özümü öz ölkəmin vətəndaşından daha çox qlobal vətəndaş sayıram" bəyanatına rəyi soruşulanların yarıdan çoxu (51 faiz) müsbət cavab verib. Sorğuda iştirak edənlərin yalnız 43 faizi ilk növbədə öz ölkəsinin vətəndaşı olduğunu deyib.

15 ildə ilk dəfədir ki, respondentlərin çoxluğu özünü ilk növbədə qlobal vətəndaş saydığını deyib.

Bu meyl (56 faiz olmaqla) ələlxüsus da inkişaf etməkdə olan ölkələrin vətəndaşlarına xasdır. Bu sırada Nigeriya xüsusi yer tutur, çünki bu ölkədə rəyi soruşulanların 73 faizi özünü qlobal vətəndaş kimi gördüyünü bildirib.

"Nigeriyanın səsi" radiosunun aparıcısı Glory Ohagwu bunu Nigeriya diasporasının bütün dünya boyunca yayılması ilə izah edir.

"Dünyada elə bir yer tapmazsınız ki, orada nigeriyalıya rast gəılməyəsiniz. Belə bir ölkə yoxdur - deyib xanım Ohagwu, - Elə təkcə Londonun nəhəng Nigeriya diasporasını yada salın. Bu bizim düşüncə tərzimizdə və mentalitetimizdə nə qədər qlobal olduğumuzu göstərir".

Birləşmiş Krallıqda keçirilmiş sorğuda baş nazir Theresa May-in dar milli vətəndaşlıq konsepsiyasına tərəfdar olanlar (50 faiz) özünü qlobal vətəndaş sayanlardan (47 faiz) azacıq üstün olublar.

Başqa yerlərdə də qlobal sentimentlər əvvəlki illərdə keçirilmiş rəy sorğuları ilə müqayisədə xeyli öləziyib.

Sorğuda özünü ən az qlobal sayan ölkə Rusiya olub. Rusiya vətəndaşlarının yalnız 24 faizi özünü qlobal vətəndaş kimi tanıyır.

Rusiyada qlobal identifikasiyanın zəifliyinə səbəb, müstəqil Levada rəy sorğusu agentliyinin sosioloqu Denis Volkovun fikrincə iki faktorla bağlıdır.

Birincisi, çox sayda rusiyalı xarici səfərlərə çıxmır. Volkovun rəqəmlərinə görə rusların yalnız 20 faizi haçansa xaricə səfər edib.

Fotonun müəllifi Getty
Image caption Adamlar Krımın Rusiya tərəfindən ilhaqını bayram edirlər

İkinci faktor isə Rusiyanın Krımı ilhaq etməsi ilə bağlı Moskvanın üzərinə qoyulmuş beynəlxalq sanksiyalarla əlaqəlidir. Sanksiyaları bəhanə gətirən hakimiyyət adamlara "mühasirə mentallığını" təlqin edib.

"Ölkə daxilində dünya hadisələri tamamilə fərqli görünür, - deyib Volkov, - Belə bir təsəvvür aşılanıb ki, hamı Rusiyanın əleyhinədir və sanksiyalar hətta Krım ilhaq edilməsə də tətbiq olunacaqdı".

Qəliz kimlik

Lakin sual qloballa milli arasındakı seçim genişləndirildikdə, daha mürəkkəb mənzərə yaranır.

Elə ki, suala cavab olaraq beş variant verilir (qlobal, milli, yerli, dini, irqi/mədəniyyət) daha az adam özünü qlobal vətəndaş hesab edir.

19 ölkənin 14-də sual bu şəkildə qoyulduqda adamların 50 faizindən çoxu milli vətəndaşlığı seçib.

Nəzərəçarpacaq istisnalar özünü İndoneziyada göstərib. Burada adamların əksəriyyəti məhəlli kimliyə üstünlük verdiklərini deyiblər. Görünür bu, İndoneziyanın ayrı-ayrı adalardan ibarət arxipelaq olması ilə bağlıdır.

Pakistanda isə dinin ən vacib kimlik elementi olduğu üzə çıxıb. Bu ölkə 1947-ci ildə Hindistandan müsəlman məskəni kimi ayrılıb.

Fotonun müəllifi Getty
Image caption Dinin milli kimliyin əsas hissəsi olduğu Pakistanda müsəlmanlar namaz qılırlar

İspaniyada rəyi soruşulanların 54 faizi özünün milli kimliyinin mühüm kriteriyasının qlobal vətəndaşlıq olduğunu bildirib. İspaniyada özünü ispan hesab etməyən çox sayda insanın yaşadığı güclü separatçılıq regionları var.

Hər halda "qlobal vətəndaşlıq" nədir?

"Qlobal vətəndaşlıq" barədə sorğunun bir problemi də bu olub ki, onu bir anlayış kimi təfsir etmək çətindir və rəy sorğusu da bu sualı sorğu iştirakçıları üçün açıq buraxlıb.

Getdikcə daha çox rabitələnən dünyada rahatlıqla ünsiyyətə girə bilənlər və öz rəylərini sosial medialar vasitəsilə qlobal miqyasda yayanlar belə hesab edə bilərlər ki, milli sərhədlər və başqa faktorlar az əhəmiyyətə malikdir.

Bir başqaları üçünsə, qlobal vətəndaşlıq anlayışı dünyanın iqlim dəyişikliyindən tutmuş bərabərsizliyə qədər bütün problemlərinin yalnız təhtəlmilli səviyyədə həll oluna biləcəyi fikrindən qaynaqlanmış kimi görünə bilər.

Burası da var ki, getdikcə daha çox adan dünya boyunca hərəkət edir. Bir çoxları münaqişələrin yaratdığı qaçqın böhranlarına görə, bəziləri isə yeni iqtisadi imkanlar axtarışında daha firavan ölkələrə üz tuturlar.

Lakin hərəkətdə olanlar yalnız çətinliyə düşənlər deyil. Hava nəqliyyatı cibə müvafiq olduqca və daha yaxşı kommunikasiyalar bizə bir ölkədə yaşayıb, başqa bir ölkədə işləmək imkanı verirsə, düşünmək olar ki, qlobal vətəndaş sözü dünya əhalisinin əksər hissəsi üçün getdikcə daha çox məna kəsb edəcək.

Əlaqəli mövzular