Britaniya mətbuatı: Diabetli uşaqların sayı niyə artır?

Fotonun müəllifi MARY SCHWALM

Qadınları təhqir edən Trumpın arvadı onun əvəzinə üzr istəyib

"The Independent" yazır ki, Melania Trump ABŞ prezidentliyinə namizəd ərinin qadınlar barədə vulqar söhbətlərinə görə üzrxahlıq edib.

Bundan bir qədər əvvəl açıqlanmış videoda Donald Trump qadınları onların icazəsi olmadan "qamarlaması" və öpməsi ilə lovğalanırdı.

Təhlilçilər bildirirlər ki, on il əvvələ aid edilən bu video Trump-ın prezident olmaq arzularını havaya sovura bilər.

"Ərimin işlətdiyi sözlər mənim üçün qeyri-məqbul və təhqiramizdir, - deyib Melania Trump, - Bu sözlər mənim tanıdığım kişini təmsil etmir. O liderlik qəlbinə və zəkasına malik bir insandır. Mən ümid edirəm ki, adamlar onun üzrünü qəbul edəcəklər və biz diqqətimizi ölkəmiz və dünya üçün daha vacib olan məsələlərə yönəldə biləcəyik" - deyib xanım Trump.

Məqalədə deyilir ki, Washington Post qəzeti sözü gedən videonu yaydıqdan sonra son 24 saat ərzində çox sayda mötəbər respublikaçı Trump-a dəstəyini dayandırdığını bildirib.

Videoda cənab Trump-ın Access Hollywood proqramının o vaxtkı aparıcısı Billy Bush-la söhbətinin audiosu eşidilir.

O vaxt Trump Ömrümüzün Günləri adlı serialda epizoda çəkilməli idi.

Videodakı söhbətdə bir ərli qadın barədə danışan Trump onunla cinsi əlaqədə olmaq istədiyini deyir, amma etiraf edir ki, istəyi baş tutmayıb.

"Mən onunla lap bir fahişə kimi hərəkət edirdim" - deyirdi Trump.

Daha sonra Trump bildirirdi ki, o özündən asılı olmayaraq gözəlliyə cəlb olunur.

"Mən gözəl görən kimi onu öpürəm. Bu lap maqnit kimi bir şeydir. Qadınları onların gözləmədikləri halda öpürəm" - deyə lovğalanırdı Trump.

"Sən məşhur adam olanda, qadınlar sənə hər şeyi etməyə icazə verirlər" - deyirdi indiki prezidentliyə namizəd on il əvvəl.

O "sadəcə olaraq qadının cinsi orqanından yapışmağı" məsləhət görürdü.

The Huffington Post saytı isə hesablayıb ki, Donald Trump özündən daha gənc bir kişiyə bu məsləhətləri verəndə onun xanımı Melania indi 10 yaşında olan oğlu Barron-a hamilə imiş.

"The Independent" yazır ki, Donald Trump 2005-ci ilin dekabrında məşhur radio aparıcısı Howard Stern-ə müsahibəsində hətta öz arvadının bədəni haqqında da təhqiramiz tərzdə danışmışdı.

"Yəni lap div boyda olub, hər yeri böyüyüb. Mən div deyəndə yaxşı mənada deyirəm. Çox, çox yekəlib. Hər yeri…" - Trump hamilə arvadı barədə deyirdi.

Məqalədə deyilir ki, cənab Trump respublikaçılardan gələn şiddətli tənqid atəşinə baxmayaraq namizədliyini geri götürməyəcəyini bəyan edib.

"The Guardian" qəzeti isə bu qalmaqalla bağlı məşhur aktyor Robert de Nironun videoçıxışını verib. Qısa videoda aktyor deyir: "Gör ölkəmiz nə günə qalıb ki, bu ipləmə indiki mövqeyinə gəlib çıxa bilib. Mən onun sifətinə bir yumruq ilişdirmək istəyirəm".

Dünyada 3, 5 milyon uşaq diabet xəstəsidir

Fotonun müəllifi Matt Cardy

"The Guardian" qəzetində dərc edilmiş başqa bir məqalədə isə deyilir ki, qəlyanaltı tipli yeməklər və şəkərli içkilər bütün dünya boyunca uşaqların sağlamlığına ciddi ziyan vurur.

Yeni araşdrımalara görə əvvəllər yalnız böyüklərin xəstəlikləri sayılan 2-ci qrup diabet və yüksək qan təzyiqi indi getdikcə daha çox uşaqlarda da müşahidə olunur.

Məqalədə deyilir ki, küçədə yeyilən fast fud və ya qəlyanaltılar və şirniyyat uşaqları yeni xəstəliklərə düçar edir və onların ömrünü qısaldır.

Qəzet yazır ki, belə getsə 2025-ci ilədək uşaq piylənməsinə son qoymaq kimi BMT hədəfinə nail olmaq mümkün olmayacaq.

"The Guardian" yazır ki, uşaq piylənməsinin ən geniş yayıldığı üç ölkə Cənubi Sakit okeanda yerləşən ada ölkələr - Kiribati, Samoa və Mikroneziyadır. Lakin başqa ölkələdə də vəziyyət ürəkaçan deyil.

Misirdə 5-17 yaşları arasında olan uşaqların 35, 5 faizində piylənmə qeydə alınıb. 2013-cü ildə bu rəqəm Yunanıstanda 31, 4, Səudiyyədə 30, 5, ABŞ-da 29, 3, Meksikada 28, 9 və Britaniyada 27, 7 faiz olub.

Yeri gəlmişkən, Cənubi Qafqazın üç ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistandakı vəziyyət barədə məlumatlar yoxdur.

Hazırda uşaqlar arasında 2-ci tip diabetdən əzab çəkənlərin sayı 3,5 milyon nəfərə çatıb. Bu xəstəlik daha ahıl yaşlarda müxtəlif fəsadlara, korluğa səbəb olur, bəzən ayaqların amputasiyası ilə nəticələnir.

Dünya Piylənmə Federasiyasının proqnozuna görə 2025-ci ilədək piylənən və artıq çəkiyə malik uşaqların sayı 4 milyonu keçəcək.

Artıq indinin özündə 13, 5 milyon uşaqda qlükozaya müqavimətdə problemlər mövcuddur. Bu isə diabet xəstyəliyinin carçısı sayılır.

Fotonun müəllifi Scott Olson

Bu da hesablanıb ki, dünya boyunca 24 milyon uşağın yüksək qan təzyiqi, 33 milyon uşağın isə piylənməkdə olan qara ciyəri var. Adətən alkoqolizmlə bağlanan qara ciyər piylənməsi serroz xəstəliyinin başlanğıcı sayılır.

Federasiyanın siyasət üzrə direktoru Tim Lobstein deyib ki, "kaş proqnozlar doğru çıxmayaydı", lakin bu proqnozların doğrulmaması üçün rəqəmlərin ilkin başlanğıcda heç olmasa 2010-cu ilin səviyyəsinə endirilməsi vacibdir.

Lobstein deyir ki, problemin kökündə uşaqların qidalanmasındakı qüsurlar dayanır. Ekspert bildirir ki, yoxsul ölkələrdə uşaqların piylənməsi ilə boyların qısalması yanaşı addımlayır.

Onun sözlərinə görə, uşaqlar arasında piylənmə və artıq çəki daha çox yoxsul və ortagəlirli ölkələrdə qeydə alınıb.

"Biz çirkli suyu Coca-Cola ilə, yaxşı xörəkləri qəlyanaltı ilə əvəzləməklə sağlam nəsil yetişdirə bilmərik" - deyib Lobstein.

Federasiyanın prezidenti, professor Ian Caterson deyir ki, uşaqların piylənməsi bütün ölkələrdə yer alır və buna əsas səbəb şəkərli içkilər, oturaq həyat tərzidir.

Əlaqəli mövzular