Hindistan: yeniyetmə qız 68 gün oruc tutduqdan sonra ölüb

Aradhana Samdariya Fotonun müəllifi Uma Sudhir
Image caption Aradhana Samdariyanin ölümü sosial şəbəkələrdə #Jaingirl həşteqilə müzakirələr yaradıb

Hindistan polisi ötən həftə 68 gün oruc tutduqdan sonra vəfat etmiş 13 yaşlı qızın valideynləri barədə təhqiqat aparır.

Polis BBC Hindiyə bildirib ki, onlar Aradhana Samdariyanın oruc tutmağa məcbur edilib-edilmədiyini bilmək istəyirər.

Qızın valideynləri bildiriblər ki, qızları Cainizm dinində təsbit edildiyi kimi oruc tutub.

Hadisə Hindistanda dinlərə sitayiş qaydaları barədə müzakirələr yaradıb.

Xəbərlərdə deyilir ki, qız 68 gün müddətində yalnız qaynadılmış su içib. O, ötən həftə orucunu dayandırdıqdan iki gün sonra vəfat edib.

Mütəxəssislər inanırlar ki, insanlar iki aya qədər yeməksiz yaşaya bilər.

Polisin sözçüsü bildirib ki, uşaq hüquqları təşkilatının şikayətindən sonra valideynlərə qarşı cinayət işi açılıb.

Varlı zərgər olan ata Manşi Samdariya deyib ki, 51-ci gündə qızlarından orucu dayandırmağı istəsələr də, qız könüllü şəkildə sitayişi davam etdirib.

Lakin sosial fəallar ailənin dediklərini rədd edir.

"Bütün xalq hələ də belə qaydalara görə utanmalıdır", fəal Achyut Rao bildirib.

O deyir ki, dini alim ataya söyləyib ki, qızı 68 gün oruc tutarsa onun biznesi daha çox pul gətirər".

"Qız gün çıxandan gün batanadək yalnız su içməyə məcbur edilib. Duz, limon və ya başqa bir şey olmayıb".

Cənab Rao həmçinin ailənin uşağı "müqəddəs" kimi basdırılmasına hazırlaşmasını tənqid edib.

"Şokedici yanı budur ki, sanki ailə onun Allah tərəfindən alınan nadir uşaq olduğu üçün xoşbəxtdir."

Cainizm Hindistanda azlıqda olan bir qrupun sitayiş etdiyi dindir.