İD Suriya və İraqda ərazisinin "1/4-dən çoxunu itirib"

Özünü İslam Dövləti adlandıran qruplaşma Suriya və İraqda hücumlara məruz qalır Fotonun müəllifi AFP
Image caption Özünü İslam Dövləti adlandıran qruplaşma Suriya və İraqda hücumlara məruz qalır

Yeni məlumatlar göstərir ki, özünü İslam Dövləti (İD) adlandıran qruplaşma əvvəllər nəzarət etdiyi ərazinin 1/4-dən çoxunu itirib.

Təhlükəsizlik və müdafiə sahələrini təhlil edən IHS bildirir ki, İD-nin nəzarətində olan ərazilər 2015-ci ilin yanvarından bu yana 28% kiçilib.

IHS təhlilçilərinin sözlərinə görə bu ilin ilk doqquz ayı ərzində İD-nin ərazisi 78,000 kvadrat kilometrdən 65,500 kvadrat kilometrə enib. Bu, Şri Lankanın ərazisinə bərabərdir.

Ancaq, oktyabrdan əvvəlki üç ay ərzində İD daha az itki verib. İD İyul ayı ərzində cəmi 2800 kvadrat kilometr ərazi itirib.

IHS-in müşahidələrinə görə, bu yavaşıma Rusiyanın İD-nin mövqelərinə endirdiyi hava zərbələrini azaltması ilə üst-üstə düşür.

"Ötən sentyabr ayında prezident Putin deyib ki, səbəb Rusiyanın beynəlxalq terrorizm və xüsusən də "İslam Dövləti" ilə mübarizəsidir," IHS-in Rusiya üzrə baş təhlilçisi Aleks Kokçarov bildirib. "Bizdə olan məlumatsa göstərir ki, bu belə deyil".

"Rusiyanın prioriteti Əsəd hökumətinə hərbi dəstək vermək və çox güman ki, Suriyadakı vətəndaş müharibəsini çoxtərəfli münaqişədən Suriya hökuməti ilə "İslam Dövləti" kimi cihadçı qruplar arasında ikitərəfli münaqişəyə çevirməkdir. Bununla da müxalifətə beynəlxalq dəstəyin qarşısı alınmış olardı," təhlilçi deyir.

Bununla yanaşı, ekspertlər deyirlər ki, İD-nin verdiyi itkilər böyükdür. İD Türkiyə sərhədindən 10 kilometr uzaqlaşdırılıb. İraq qüvvələri isə Qayyara Hava Bazasında möhkəmləniblər. Qayyara İD-nin ən güclü qalalarından olan Mosuldan 60 km cənubda yerləşir.

İD həmçinin Suriyanın Mənbic şəhərini və onun ətrafındakı yolları da itirib. Bu yollar Türkiyə sərhədini İD-nin faktiki paytaxtı Raqqa ilə birləşdirir. Bu əraziləri avqustda ABŞ-ın dəstəklədiyi kürd və ərəb döyüşçüləri azad ediblər.

""İslam Dövləti"nin iyuldan bəri verdiyi ərazi itkiləri həcmcə nisbətən yüngül görünür, ancaq strateji əhəmiyyət baxımından əvəzsizdir", deyə "IHS Conflict Monitor"un baş təhlilçisi və rəhbəri Columb Strak qeyd edir.

"Türkiyəyə [keçmək və yük daşımaq] üçün birbaşa yolların itirilməsi İD-nin xaricdən yeni döyüşçülər cəlb etmək imkanını ciddi şəkildə zəiflədir. İraq hökuməti isə Mosula hücum etməyə hazırlaşır," deyə o bildirir.

Mosul üzərinə xeyli vaxt bundan əvvəl vəd edilmiş və dəfələrlə təxirə salınmış bu hücum bu ayın axırı baş tutarsa və uğurlu olarsa, bu, ekstremistlər üçün nəhəng zərbə olacaq.

2014-cü ildən bəri ekstremistlərin əlində olan İraqın ikinci ən böyük şəhəri Mosul İD-nin İraqdakı "sonuncu qalası" hesab edilir. Bağdad rəsmiləri Mosulun azad edilməsinin İD-nin ölkədəki mövcudluğunun sonu demək olacağını düşünürlər.

Bu barədə daha geniş