Britaniya mətbuatı: İslam SMS-lə boşanmaya icazə verirmi?

British press

"The independent" yazır ki, Hindistan hökuməti müsəlman çoxarvadlığının qadağan edilməsi üçün ölkənin Ali Məhkəməsinə müraciət edib.

Müraciətdə müsəlmanların boşanma praktikasının dünyəvi dövlətlə bir araya sığmadığı bildirilir.

Müsəlman boşanmaları ərin "talaq" sözünü üç dəfə təkrar etməsi ilə reallaşır. Ərəbcə bu söz "mən səni boşadım" mənasını verir.

Hindistanın hazırkı konstitusiyasına görə ölkənin ən böyük azlığı olan müsəlmanların nikah, boşanma və vərəsəlik kimi mülki işləri öz qanunları ilə tənzimləməsinə icazə verir.

Lakin Narendra Modinin höküməti belə bir praktikaya etiraz edərək bildirir ki, çoxarvadlıq və "üçtalaq" kimi məsələlər qadının özünəinamını və ləyaqətini təsirləndirən məsələlərdir.

Hökumətin müraciətində deyilir ki, müsəlman çoxarvadlığı və boşanma praktikası cinsi bərabərlik prinsipini pozur və ləyaqət prinsipinin üstündən xətt çəkir.

Hökumət bildirir ki, məhkəmə dünyəvi demokratiyada dinin qadınların bərabərlik statusunu və ləyaqətini pozmasının yolverilməz olduğunu təsbit etməlidir.

Başqa sözlərlə, hökumətin qənaətinə görə, din insanlara ölkə konstitusiyasının verdiyi hüquqları əngəlləməməlidir.

Hökumətin müraciətində deyilir ki, çoxarvadlıq və talaq İslamın tərkib hissəsi hesab edilə bilməz.

Müraciətdə bunun təsdiqi olaraq deyilir ki, hətta İslamın dövlət dini olduğu ölkələrdə də nikah və boşanma sahəsində geniş islahatlar aparılır.

"The İndependent" yazır ki, talaq praktikası Pakistan və Banqladeş də daxil 20-dən çox müsəlman ölkəsində qadağan olunub.

Hindistanda qadın haqlarını müdafiə edən təşkilatlardan birinin mürciətində deyilir ki, bir çox kişilər talaq hüququndan sui-istifadə edirlər.

Onlar arvadlarından boşanmaq üçün, başqa sözlərlə üç dəfə təkrar olunan "talaq" sözünü arvadlarına çatdırmaq üçün bəzən SMS və emaillərdən istifadə edirlər.

Erdoğan alman şairin yaxasını buraxmır

"The Guardian" yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan onu televiziya verilişində lağa qoymuş satiirik şair barəsində cinayət təhqiqatın dayandırılması barədə Almaniya hakimiyyət orqanlarının qərarından apellyasiya şikayəti verib.

Fotonun müəllifi AFP
Image caption "The Guardian" yazır ki, Erdoğan barədə təhqiramiz satirik şeir iki ölkə arasında münasibətlərə ciddi zərbə olub.

Mayntz şəhərinin prokurorluğu bildirib ki, Erdoğan bu qərarın ləğv edilməsi üçün rəsmi müraciət ərizəsi yazıb.

Mayntz şəhərinin baş prokuroru Andrea Kellerin dediyinə görə bu barədə ərizəni Erdoğanın vəkili təqdim edib.

"The Guardian" yazır ki, Erdoğan barədə təhqiramiz satirik şeir iki ölkə arasında münasibətlərə ciddi zərbə olub.

Almaniya Suriya qaçqınlarının Avropaya axınının qarşısını alan Ankara ilə münasibətlərinin korlanmasını istəmir.

Məqalədə xatırladılır ki, Erdoğan barədə kobud satirik şeiri ötən mart ayında Almaniyanın ZDF telekanalının efirində komediyaçı-şair Jan Böhmermann oxumuşdu.

Böhmermann-ın "böhtanlı şeirində" Erdoğan uşaqbazlıqda və heyvanlarla cinsi əlaqədə ittiham edilirdi.

Böhmermann deyib ki, sözü gedən şeir Ankaranın Almaniya səfirini Xarici İşlər Nazirliyinə dəvət etməsinə reaksiya kimi yazılıb və səfirin çağırılmasına səbəb olan satirik mahnı mənasına görə daha sərt idi.

Məzhəkəçi etiraf edib ki, o öz şeiri ilə hay-küy yaratmaq və Almaniyada söz azadlığının hüdudlarını genişləndirmək məqsədini güdüb.

Lakin bu şeir rəsmi Ankara tərəfindən acıqlı qarşılanıb və Erdoğan cinayət işinin qaldırılması üçün rəsmi ərizə verib.

Aprel ayında Almaniya kansleri Angela Merkel Böhmermann barəsində cinayət təhqiqatının başlanmasına icazə vermişdi.

Məzhəkəçinin işi ölkə cinayət məcəlləsinin nadir hallarda istifadə olunan və 19-cu əsrdən qalmış maddəsi ilə təhqiq olunmalıydı.

Bu maddəyə əsasən xarici dövlət başçısının təhqiri cinayət əməli sayılır.

Lakin Mayntz prokurorluğunun oktyabrın 4-də verilmiş açıqlamasında işə xitam verildiyi elan edilmişdi.

Prokurorun fikrincə bu şeir o qədər mübaliğəli yazılıb ki, əsla ciddi qəbul edilə bilməz.

"Barəsində cinayət işi qaldırılmış şəxsin Türkiyə prezidentinin şərəf və ləyaqətinə ciddi şəkildə hücum etdiyini göstərən əlamətlər müəyyən edilməyib" - deyilirdi prokurorluğun açıqlamaslında.

"The Guardian" yazır ki, Almaniya prokurorları gələn ay Erdoğanın başqa bir ərizəsinə baxmalı idilər.

Türkiyə başçısı bu ərizədə sözü gedən şeirin gələcəkdə təkrar yayınlanmasının qadağan olunması tələb edilir.

Hirsinizi idmanla soyutmayın…

"The Daily Telegraph" qəzeti acıqlı və əsəbi olarkən hirsinizi idmanla soyutmağı məsləhət görmür.

Yenicə aparılmış elmi tədqiqata istinad edən qəset yazır ki, belə hərəkət infarktla nəticələnə bilər.

Məqalədə deyilir ki, indi bir çoxları pis əhval-ruhiyyələrini idman zallarında təmrinlərlə "düzəltməyə" çalışrılar, lakin belə hərəkət son dərəcə təhlükəli ola bilər.

12 min insanın öyrənilməsindən gəlinən nəticə belədir ki, acıqlı və ya əsəbi olmaq infarkt riskini iki dəfə artırırsa, hirsi soyutmaq üçün idman təmrinləri etmək riski üç dəfə çoxaldır.

Bu tədqiqata rəhbərlik etmiş alim, Kanadadakı McMaster Universitetinin Əhalinin Sağlamlığının Öyrənilməsi institutunun professoru Andrew Smyth deyir ki, idmanın ürək xəstəliklərinin qarşısının alınmasındakı rolu danılmazdır, "lakin biz kiminsə hirsini idmanla soyutmasını istəmirik".

Belə bir nəticəyə gəlmək üçün alimlər Britaniya da daxil 52 ölkədə orta yaşı 58 olan infarkt keçirmiş 12461 pasientin tarixçilərini öyrəniblər.

İştirakçılardan infarktdan bir saat əvvəl nə etdiklərini xatırlamaları rica olunub. Onların əksəriyyəti infarkt ərəfəsində əsəbi və acıqlı olduğunu deyib.

Smyth deyir ki, emosional və fiziki tətiklər insan bədəninə eyni şəkildə təsir göstərir. Pensilvaniyalı alim, ailə təbabəti üzrə ekspert doktor Barry Jacobs isə deyir ki, bu tədqiqat insan bədəni ilə zəkası arasında olan bağlılığı bir daha sübut edir.

Professor insanları əsəblərini cilovlamağı adət etməyə çağırır. Onun fikrincə bunun ən yaxşı yolu ruhi sakitlik və insanlarla təmasdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş