Təhlükəli Galaxy Note 7 smartfonunu söndürün, Samsung deyir

Samsung Fotonun müəllifi Reuters
Image caption Sinqapurda sınaqlar keçirilərkən Samsung Note 7 smartfonu yanıb

Cənubi Koreyanın Samsung şirkəti Galaxy Note 7 smartfonlarının sahiblərinə telefonları söndürməyi tövsiyə edib.

Texnologiya nəhəngi bu arada smartfonların alovlanıb yanması barədə yeni məlumatların araşdırıldığını bildirib.

Şirkət həmçinin Galaxy Note 7 smartfonlarının satışının dayandırılacağını bəyan edib.

Sentyabr ayında telefonlardakı batareyaların partlaması barədə şikayətlərin ardınca Samsung 2.5 milyon smartfonu geri çağırmışdı.

Şirkət çağrılmış smartfon əvəzinə verilən yeni telefonların təhlükəsiz olduğunu bəyan etsə də, Galaxy-lərin alovlanıb yanması barədə yeni məlumatlar daxil olub.

ABŞ-ın Kentucky ştatının sakinlərinin biri köhnə telefon yerinə aldığı Galaxy Note 7 aparatının yandığını bildirir.

Fotonun müəllifi AFP
Image caption Galaxy Note 7 smartfonunun satışları dayandırılıb.

Daha bir hal təyyarədə baş verib. Telefonun tüstülənməsinə görə ABŞ-da daxili uçuşla Louisville şəhərindən Maryland-da yola düşmək üzrə olan təyyarənin sərnişinləri təxliyə edilib.

Cənubi Koreyanın nəqliyyat nazirliyi bildirir ki, Galaxy Note 7 smartfonları təyyarədə istifadə olunmamalı və batareyaları doldurmaq üçün elektrik cərəyana bağlanılmamalıdır.

Aviaşirkətlər Samsung Galaxy Note 7 smatfonlarına aid məhdudiyyətlər tətbiq edirlər. AZAL şirkəti də belə məhdudiyyətləri elan edib.

Bakı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" sərnişinlərdən uçuş zamanı smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir, AZAL-ın rəsmi saytında yerləşdirilmiş açıqlamada deyilir.

"Məhdudiyyətlər Samsung Galaxy Note 7 smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə Samsung şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır".

Aviaşirkət Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinləri "təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməyə" çağırır.

Əlaqəli mövzular

Bu barədə daha geniş