Britaniya mətbuatı: "Rusiya hazırkı çığırla gedərsə…"

Britaniya mətbuatı

Hillary Clinton Səudiyyəni İD-ə dəstəkdə ittiham edib?

"The İndependent" yazır ki, Hillary Clinton-un öz seçki kampaniyasının başçısı John Podestaya yazdığı emaillərin "daha bir topası" Wikileaks saytı tərəfindən faş edilib.

Məqalədə deyilir ki, sağ və sol cinahlardan olan şərhçilər Clinton-un sızdırılmış emaillərinin demokrat namizədin öz xarici siyasətində nə dərəcədə qeyri-ardıcıl olduğunu nümayiş etdirdiyini yazırlar.

Bundan əvvəl saytın banisi Julian Assange iddia etmişdi ki, onun ixtiyarında olan 50 min Podesta emaili hazırkı seçki kampaniyasının bir sıra qaranlıq məqamlarına işıq salır.

Açıqlanmış emaillərin bir qismi 2014-cü ilin avqustuna aiddir. O vaxt xanım Clinton köməkçisi Podestaya 8 bənddən ibarət planını göndərmişdi.

Bu həmin vaxtlar idi ki, prezident Barack Obama özünü İslam Dövləti adlandıran qrupun məhv edilməsi üçün strategiyasını açıqlayırdı.

Bu strategiyaya görə İD-in darmadağın edilməsində həm Suriya, həm də İraq kürdləri iştirak etməliydilər.

İndi isə bəlli olur ki, Obama administrasiyasının strategiyası Clinton-un 8 bəndlik planı ilə eyni olub.

Açıqlanmış emaillərdən bəlli olur ki, Hillary Clinton Səudiyyə Ərəbsitanı və Qətəri "terrorçu" İslam Dövləti təşkilatına gizli dəstəkdə ittiham edirmiş.

Hillary Clinton-a aid olduğu iddia edilən emaillərdə bildirilirdi ki, Səudiyyə Ərəbsitanı özünün sünni dünyasında hegemonluq ambisiyaları ilə ABŞ-ın təzyiqi arasında seçim qarşısında qoyulmalıdır.

"The İnependent" yazır ki, bu emaillərin göndərlildiyi tarixlərdə ABŞ Körfəz ölkələrini özünün İŞİD-lə mübarizəsində müttəfiqi saydığını bildirirdi.

Səudiyyə Ərəbistanı və Qətər hökumətləri İŞİD-ə dəstə verdikləri barədə iddiaları rədd etsələr də, tənqidçilər onların Bəşər əl-Əsədin ələvi hökumətini ümumi düşmən saydıqlarına diqqət çəkirlər.

"The independent" yazır ki, Podesta emaillərinin sızdırılmasında demokratların milli konventinin serverlərinə haker hücumlarının əsas rol oynadığı söylənir.

Bu isə belə bir şübhələr yaradır ki, Rusiya hökuməti ABŞ-da noyabr ayında keçiriləcək seçkilərə müdaxilə məqsədilə Wikileaks saytından alət kimi istifadə edib.

Obama administrasiyası bu həftə bildirib ki, Wikileaks saytının yeni açıqlamaları Rusiyanın motivlərilə üst-üstə düşür.

Britaniya naziri Rusiyanın məhkəməyə çəkilməsini tələb edib

Fotonun müəllifi Carl Court/ Getty
Image caption Boris Johnson bütün protokol qaydalarına rəğmən Rusiyanın Londondakı səfirliyi qarşısında etiraz aksiyalarına çağırıb

"The Guardian" qəzetində dərc olunmuş məqalədə deyilir ki, Britaniyanın xarici işlər naziri Boris Johnson Rusiyanın Suriyanın Hələb şəhərində törətdiyi iddia edilən hərbi cinayətləri ilə bağlı təhqiqata başlanmasına çağırıb.

Johnson deyib ki, "Rusiya quldur dövlətə çevrilməkdə davam edir".

"The Guardian" yazır ki, Boris Johnson bütün protokol qaydalarına rəğmən Rusiyanın Londondakı səfirliyi qarşısında etiraz aksiyalarına çağırıb.

Britaniya xarici işlər naziri deyib ki, "ədalət dəyirmanının daşı yavaş üyüdür, amma narın üyüdür".

O inandığını bildirib ki, Suriyada müharibə cinayətləri törədənlər əvvəl-axır beynəlxalq cinayətlər məhkəməsi qarşına çıxarılacaqlar.

Məqalədə deyilir ki, Johnson-un bəyanatları Rusiya və Qərb arasında münasibətlrəin Soyuq müharibədən bəri ən pis hala gəldiyini göstərir.

Qəzet yazır ki, Boris Johnson bu bəyanatları xarici işlər naziri kimi ilk parlament çıxışında verib.

Parlamentin bu sessiyasında mühafizəkar millət vəkilləri Rusiyanın Hələbi bombalamasını nasistlərin İspaniya müharibəsi zamanı Gernikanı bombardman etməsinə bənzədiblər.

Bəzi millət vəkilləri xəbərdarlıq ediblər ki, bütün beynəlxalq postmüharibə münasibətlərinin binası təhlükə qarşısındadır.

Johnson bunu da deyib ki, o, Suriyanın müəyyən hissələrində uçuşların qadağan olunduğu zonaların yaradılması əleyhinədir.

"Biz bu zonaları pozan təyyarə və ya helikopterləri vurmaq inkanında olmadıqca, belə zonaların yaradılmasına qol qoya bilmərik" - deyib Johnson.

Buna baxmayaraq nazir belə təşəbbüs irəli sürənlərə rəğbətli olduğunu deyib. O əlavə edib ki, bu sahədə Britaniyanın müttəfiqləri ilə birlikdə işləmək mümkündür.

Xarici İşlər Nazirliyi "Hillary Clinton-un gələcək administrasiyasından" Suriyaya dair daha aydın siyasət gözləyir, lakin BMT-nin məlumatları göstərir ki, Clinton Ağ Evə yetişənədək bombardman indiki intensivliyində davam etdirilərsə, şərqi Hələb prezident Bəşər əl-Əsədə sədaqətli qüvvələrin nəzarətinə keçə bilər.

"The Guardian" yazır ki, Rusiya ilə Qərb arasında münasibətlərin son dərəcə korlanmasını həm də Vladimir Putinin gələn həftə Parisə səfərinin təxirə salınması göstərir.

Putin orada Hollande-la Suriya münaqişəsini müzakirə etməli idi.

Rusiya hazırkı çığırla gedərsə…

Britaniyanın xarici işlər naziri Londondakı Rusiya səfirliyinin qarşısında etiraz aksiyalarına çağırıb və solçu etiraz qruplarının Rusiyanın Suriyadakı hərəkətlərinə biganə qalmasından təəccübünü bildirib.

Boris Johnson israr edib ki, o, anti-Rusiya təbliğatı aparmır və Birləşmiş Ştatlar Suriyada atəşkəsə nail olunması üçün Rusiya Xarici İşlər Nazirliyi ilə danışıqlarda əlindən gələni edib.

"ABŞ tamamilə haqlı bir nəticəyə gəlib ki, Rusiya heç bir razılaşmaya məhəl qoymadan prezident Əsədin hücumuna kömək etmək əzmindədir"- deyib Johnson.

Nazir əlavə edib: "Əgər Rusiya hazırkı cığırı ilə getməkdə davam etsə, bu böyük ölkənin quldur dövlətə çevrilmək təhlükəsi var".

Nazir deyib ki, əgər Putinin məqsədi Rusiyanın böyüklük və şöhrətini bərpa etməkdirsə, onun Suriyadakı siyasəti bu ambisiyaları yandırıb külə döndərəcək.

"The Guardian" yazır ki, xarici işlər nazirinin kəskin çıxışına baxmayaraq Britaniyada Suriya məsələsinə dair hakimiyyət və müxalif Leyboristlər Partiyası arasında ciddi fikir ixtilafı var.

Leyboristlər cihadçıların Hələb şəhərindən çıxması üçün onlara dəhliz verilməsinə çağırırlar.

Suriyada Homs şəhəri məhz BMT-nin vasitəçiliyi ilə qiyamçılardan təmizlənərək Əsəd hökumətinə təslim edilmişdi.

Suriya müxalifəti bu planın əleyhinə çıxır.

Johnson-un cavabını Zaxarova verib

"The Express" yazır ki, Londondakı Rusiya səfirliyi və Rusiyanın Xarici İşlər Nazirliyi Boris Johnson-un parlamentdəki çıxşına acıqlı reaksiya verib.

Rusiya səfirliyinin yazdığı tvitdə deyilir: "Siz indiyədək nəyə nail olmusunuz? Rusiya minlərlə kəndi azad edib və suriyalılara min tonlarla humanitar yardım gətirib. Bəs Britaniya nə edib?" - deyilir tvitdə.

Rusiya səfirliyinin mətbuat katibi deyib ki, Britaniya rəsmiləri "tarixin yanlış tərəfində yer tutublar".

Moskva rəsmiləri cənab Johnson-un çıxışını "çox qeyri-adi" və "məyusedici" adlandırıblar.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniya xarici işlər nazirinin ittihamları üçün sübutların təqdim olunmasını tələb edib.

Zaxarova cənab Johnson-un bəyanatlarına özünün Facebook səhifəsindən cavab yazıb.

Postda deyilir: "Belə görünür ki, Boris Johnson sözdən əmələ keçib. Başqa sözlərlə o, Rusiyanı utandırmağa çalışıb. Biz doğrudan da Johnson-un yerinə utanırıq".

Əlaqəli mövzular