Putin: Rusiyanın hərbi cinayətlərdə ittihamı iddiası "ritorika"dır

Hökumət qüvvələri ötən aydan Hələbin üsyançıların nəzarətində olan əraziyə hücuma başlayandan yüzlərlə insan öldürülüb Fotonun müəllifi Reuters
Image caption Hökumət qüvvələri ötən aydan Hələbin üsyançıların nəzarətində olan əraziyə hücuma başlayandan yüzlərlə insan öldürülüb

Prezident Vladimir Putin Suriyanın ikinci şəhəri Hələbin Rusiya tərəfindən bombalanmasına görə müharibə cinayəti ittihamları ilə üzləşməsi ehtimalını rədd edib.

O, Fransa mətbuatına danışarkən ittihamlar; "ritorik" adlandırıb və deyib ki, Suriyadakı reallıqlar nəzərə alınmır.

Fransa prezidenti Francois Hollande Rusiyanın Hələbə endirdiyi hava zərbələrinin müharibə cinayətləri təşkil edə biləcəyini deyib.

Şəhərin üsyançılar nəzarət edən şərq hissəsi atəşkəs sazişinin pozulmasından sonra yenidən atəş altındadır.

Uğursuzluğun günahkarının kim olması ilə bağlı qarşılıqlı ittihamlara baxmayaraq, Rusiya və ABŞ çərşənbə günü Suriya ilə bağlı danışıqları davam etdirməyə qərar verib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ABŞ Dövlət katibi John Kerry və digər əsas regional dövlətlər olan Səudiyyə Ərəbistanı, Türkiyə və İranın nümayəndələri ilə şənbə günü İsveçrədə görüşəcək.

Cənab Putin Fransanın TF1 TV kanalına deyib ki, "terrorçular" dinc əhali arasında gizlənsələr belə Rusiya onları axtaracaq.

"Biz icazə verə bilmərik ki, terroristlər əhalini qalxan kimi istifadə edərək bütün dünyanı şantaj etsin", deyən Rusiya prezidenti əlavə edib ki, mülki əhalinin ölümü "müharibənin kədərli reallığıdır."

Rusiyanın hava zərbələrinin müharibə cinayəti kimi hesab edilməsi ilə bağlı iddialara cavab verərkən, cənab Putin deyib ki, "bu Suriyadakı reallıqları nəzərə almayan və çox önəm daşımayan siyasi ritorikadır".

"Mən qəti əminəm ki, vəziyyətə görə məsuliyyəti bizim Qərb tərəfdaşlarımız, ilk növbədə əlbəttə ki, Amerika Birləşmiş Ştatları daşıyır", o bildirib.

Rusiya ABŞ-ı Suriyada Əl-Qaidəyə bağlı cihadçıları gizli dəstəkləməkdə günahlandırsa da, ABŞ bu iddiaları rədd edib.

Həftənin əvvəlində Vladimir Putin Fransaya planlaşdırılmış səfərini təxirə salıb. O, bu addımı Fransa prezidenti cənab Hollande danışıqların Suriya ilə məhdudlaşacağını təkid etməsindən sonra atıb.

Rəsmi Kreml, həmçinin, Fransa və İspaniya ilə birgə hazırlanmış Hələbin yaşayış rayonlarının bombalanmasına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının qətnaməsindən qəzəblənib və qətnaməyə veto qoyub.

Moskva dəfələrlə dinc sakinlərə hücumu təkzib edərək bildirib ki, Suriyada terror qruplarını hədəfə alır.

Lakin həftə əvvəlində, Fransa prezidenti François Hollande Rusiyaya qarşı, Suriyanın ikinci böyük şəhəri sayılan Hələbin bombalanmasına görə hərbi cinayətlərdə ittihamların irəli sürülməsinin mümkünlüyünü bildirib.

Hollande Fransa televiziyasına müsahibəsində bildirib ki, məsələ Beynəlxalq Cinayət Məhkəməsinin müzakirəsinə verilə bilər.

Nə Rusiya, nə də Suriya Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür.