İsrail UNESCO-nun "yəhudi abidəsini inkar etməsindən" qəzəblənib

Dağüstü abidə həm yəhudi, həm də müsəlmanlar üçün müqəddəsdir Fotonun müəllifi AFP
Image caption Dağüstü abidə həm yəhudi, həm də müsəlmanlar üçün müqəddəsdir

İsrail BMT-nin mədəniyyət agentliyini dini abidələrin yəhudiliklə əlaqələrini danmaqda təqsirləndirərək, əməkdaşlığı dayandırıb.

Ölkənin təhsil naziri bildirib ki, UNESCO-nun bu qərar layihəsi "tarixi dandığı və terrorçuluğu təşviq etdiyi üçün" Qüdsü narahat edir.

Təşkilatın hazırladığı mətndə yəhudilər üçün də müqəddəs abidə sayılan dini kompleksin sadəcə islami adlarından istifadə edilir.

Bu abidə yəhudilər arasında Dağ Məbədi, müsəlmanlar arasında isə Haram əl-Şərif kimi tanınır.

Yeddi ərəb ölkəsi tərəfindən təqdim edilmiş qərar layihəsində İsrailin Qüdsün müqəddəs yerlərində və işğal edilmiş Qərb Sahilindəki fəaliyyətləri pislənilir.

"Qədim Qüds Şəhərinin və onun divarlarının hər üç təkallahlı din üçün əhəmiyyətinin" qeyd olunduğu sənəddə məşhur abidə yalnız müsəlman adı ilə - "Əl-Əqsa Məscidi/əl-Haram əl-Şərif" adı ilə qeyd olunur.

Burada iki böyük yəhudi məbədi yerləşir və Qərb Divarlarına birləşir. Müsəlmanlar isə hesab edir ki, Məhəmməd Peyğəmbər məhz Haram əl-Şərif-də Cənnətə yüksəlib və bura İslam aləmində üçüncü müqəddəs abidə sayılır.

Mətnin hazırlanmasında məqsəd "Fələstinin mədəni irsinin və Şərqi Qüdsün özünəməxsus xarakterinin mühafizəsidir".

Sənəddə İsrailin fəaliyyətləri, güc istifadəsi, müsəlmanlara qarşı tətbiq edilən ibadət məhdudiyyətləri və arxeoloji işlər dəfələrlə pislənilir. İsrail tənqidlərin siyasi motivli olduğunu deyir.

Mətn layihəsi 24 nəfərin lehinə, altı əleyhinə və 26 nəfərin bitərəf qaldığı komitə görüşündə qəbul edilib. İki ölkə isə iştirak etməyib. İndi sənəd UNESCO-nun icraçı orqanına təqdim olunacaq və onun qəbuluna dair səsvermə keçiriləcək.

Əlaqəli mövzular