Trump Clinton-un narkotik analizi verməsini istəyir

trump Fotonun müəllifi AFP/getty
Image caption Cənab Trump narkotik iddiaları barədə heç bir sübut gətirməyib

Respublikaçıların prezidentliyə namizədi Donald Trump ötən debatda rəqibi Hillary Clinton-un "havalı" olduğunu iddia edərək növbəti debatdan öncə hər ikisinin narkotik analizi verməsini istəyib.

O həmçinin deyib ki, prezidentlik yarışı "saxta seçkiyə" bənzəyir.

Cənab Trump, bu sözləri təhqiramiz ifadələr işlətdiyi videolar paylaşıldıqdan və cinsi zorakılıqda ittiham edilməsindən sonra deyib.

Sorğular göstərir ki, o bəzi əhəmiyyətli ştatlarda seçicilərin dəstəyini itirir.

New Hampshire ştatında nitq söyləyən cənab Trump deyib ki, xanım Clinton sonuncu debatın əvvəlində "havalı" kimi olub.

"Hər ikimiz narkotik analizi verməliyik", o deyib.

Hərçənd o iddiaları barədə heç bir sübut gətirməyib.


Şəxsi ittihamlar çoxalır

Laura Bicker, Vaşinqtondan BBC News üçün:

"Donald Trump-ın Hillary Clinton-a şəxsi hücumları artmaqdadır.

O demokratların namizədini "Əyri Hillary" adlandırıb və deyib ki, prezident seçilərsə, onu həbs etdirəcək. Bundan əvvəl o, xanım Clinton-u həmçinin prezident olmaq üçün dözümsüz adlandırıb, indi isə onu narkotik istifadə etməkdə təqsirləndirir.

Onun mitinq çıxışları getdikcə təbliğata bənzəyir və onun indiki nitqində medianın korrupsiyalaşaraq açıq yalan söyləməsi yolu ilə seçkinin ədalətliliyinə şübhələr üstünlük təşkil edir.

Sorğularda dəstəyi azalsa da, o, minlərlə insanın diqqətini çəkib və büdcə toplaya bilib.

Clinton-un kampaniyası isə cənab Trump-ın qadınların xanım Clintonu prezident seçdirmək üçün onu cinsi zorakılıqda ittiham etməsinə dair iddialarını rədd edib.

Səsverməyə həvəs yaradılmalıdır və seçkilər "namizədin uduzmaqdan qorxması səbəbilə aşağılanmamalıdır", kampaniya meneceri Robby Mook deyib.

Bu barədə daha geniş