Britaniya mətbuatı: Birinci ledinin yeri mətbəxdir?

Fotonun müəllifi kremlin.ru
Image caption Son aylarda ABŞ və Rusiya arasındakı münasibətlər xeyli korlanıb

Obama Putinə qarşı "haker hücumuna hazırlaşır"

"The İndependent" yazır ki, Ağ Ev Moskvanın ABŞ seçki kampaniyasına müdaxiləsinin "qisasını" almaq məqsədilə Rusiyaya qarşı misli görünməmiş kiberhücuma hazırlaşır.

Məqalədə bu məlumatın Amerika Birləşmiş Ştatlarının kəşfiyyat xidmətlərindən qaynaqlandığı xəbər verilib.

"The İndependent" Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hazırkı və keçmiş əməkdaşlarına istinadən bidlrir ki, təşkilata Rusiya hökumətini "rüsvay etmək" məqsədilə "gizli" haker hücumları təşkil etmək tapşırılıb.

Adlarının çəkilməsini istəməyən rəsmilər NBC News şəbəkəsinə deyiblər ki, MKİ artıq bu məqsədlə proqramlar hazırlayır və hədəflər seçir.

Məxfi mənbələr bildiriblər ki, onlar artıq prezident Vladimir Putinin qanunsuz əməllərini faş edəcək informasiya toplaya biliblər.

"The İndependent" yazır ki, bundan əvvəl Rusiya hökumətinə aid olduqları iddia edilən haker qrupları Demokrat Partiyasının yüksək vəzifəli üzvlərinə qarşı onların emaillərini sızdırmaq məqsədilə kiberhücum etmişdilər.

Məqalədə deyilir ki, Guccifer 2.0 adı ilə tanınan hakerlər qrupu Demokrat Milli Konqresinin vəzifəlilərinə aid ifşaedici email-ləri ictimailəşdirmişdi.

Bu email-lərdə vəzifəli demokratlar namizədlik uğrunda Hillary Clinton-la mübarizə aparan Bernie Sanders-i necə sıradan çıxarmağı müzakirə edirdilər.

Bu qalmaqalla əlaqədar DMK-nin sədri Debbie Wasserman Schultz vəzifəsindən istefa verməli olmuşdu.

DC Leaks adlı başqa bir kiberqrupun isə Michel Obamanın pasport məlumatlarını sızdırdığı güman edilir.

Başqa iddialara görə Fancy Bears adlanan üçüncü haker qrupu özünü yalandan islamçı qrup kimi tanıtmaqla 2015-ci ildə keçirilən Birləşmiş Krallıq parlament seçkiləri zamanı əsas telekanalların serverlərinə hücum etmişdi.

Vitse-prezident Joe Biden Rusiya üzərinə sözü gedən kiberhücumların təşkili barədə suala cavab verərkən Meet the Press proqramına "biz Kremlə mesaj verməliyik" demişdi.

O demişdi ki, sözü gedən tədbirin vaxtı elə seçiləcək ki, onun çox böyük təsiri olacaq.

Bundan sonra ona "mesaj" göndəriləndə Amerika xalqı bundan xəbər tutacaqmı" sualına "ümid edirəm ki, yox" deyərək cavab vermişdi.

İki ölkə arasındakı münasibətlər son aylarda xeyli korlanıb və Birləşmiş Krallığın Mİ6 kəşfiyyat idarəsinin rəhbəri John Sawers xəbərdarlıq edərək "dünya Soyuq müharibədən də təhlükəli eraya daxil olur" deyib.

Prezidentin mətbəxi və yataq otağı

Image caption "Arvadımın hansı partiaya mənsub olduğunu bilmirəm, amma bilirəm ki, onun yeri mənim yataq otağımdır, mətbəximdir və başqa otaqlardır", Nigeriya prezidenti Muhammad Buhari deyib

"The Express" qəzeti yazır ki, Nigeriya prezidenti Muhammad Buhari xanımının tənqidlərini rədd edərkən "onun yeri mənim mətbəximdir" dediyinə görə geniş tənqidlə üzləşib.

Bundan əvvəl birinci ledi Ayşa Buhari ərinin iş üslubunu tənqid etmiş və "belə gedərsə" gələcəkdə onu dəstəkləməyəcəyini bildirmişdi.

Almaniyada keçirilən mətbuat konfransında cənab Buhari deyib: "Arvadımın hansı partiaya mənsub olduğunu bilmirəm, amma bilirəm ki, onun yeri mənim yataq otağımdır, mətbəximdir və başqa otaqlardır".

O deyib ki, öz arvadından və başqa tənqidçilərindən daha ağıllıdır, çünki axırda siyasətdə qalib gələn özü olub.

"Express" yazır ki, bu sözləri deyəndə, 73 yaşlı prezident mətbuat konfransında kansler Angela Merkellə yanaşı dayanmışdı və xəbər verildiyinə görə Almaniya lideri bir müddət maddım-maddım Buharinin üzünə baxandan sonra ucadan gülüb.

"Express" yazır ki cənab Buharinin bəyanatı siyasi şərhçilər və sosial media istifadəçiləri tərəfindən tənqid edilib. Onlar bu bəyanatı "pis zarafat" adlandırıblar.

"The İndependent" qəzeti isə yazır ki, Human Rights Watch insan haqları təşkilatının Afrika masasının rəhbəri Daniel Blake bəyanatın "antiqadın və təhqiramiz" xarakterli olduğunu söyləyib.

Blake deyib ki, Afrika və başqa ölkələr təcili qaydada prezident Buharinin bəyanatını pisləməlidirlər və o təcili qaydada arvadından üzr istəməlidir.

Maraqlı adam

Fotonun müəllifi Twitter
Image caption Aisha Buhari deyir ki, əri hökuməti silkələməlidir, əks halda ərini dəstəkləməyəcək

Lakin Nigeriya prezidentinin sözçüsü Qarba Şehu deyib ki, prezidentin sözləri ciddi qəbul edilməməlidir.

"Siyasətə bəzən yumorla ədva qatmaq lazımdır. Prezidentin ətrafında olanlar bilirlər ki, onunla olanda heç vaxt darıxmırsan" - deyib sözçü.

Xanım Buhari bir gün bundan əvvəl BBC Hausa xidmətinə müsahibəsində demişdi ki, onun əri hökuməti silkələməli və Mütərəqqi Partiyanın mövqeyini bölüşməyən nazirləri işdən çıxarmalıdır.

"Prezident təyin etdiyi 50 adamdan 45-ni tanımır və 23 ildir ki, onun arvadı olsam da bu adamları mən də tanımıram - demişdi birinci ledi, - Əgər işlər bu cür davam edəsə, mən innən belə ortalığa çıxıb onun üçün kampaniya aparmayacağam və qadınlara deməyəcəyəm ki, ona səs versinlər".

"The İndependent" yazır ki, prezident ölkədəki ağır vəziyyət və baş alıb gedən korrupsiya şəraitində bir neçə böhranın öhdəsindən gəldiyi üçün təqdir edilir.

Cənab Buhari elə bu həftə terrorçu qruplaşma tərəfindən oğurlanmış 200-dək qızdan 21-ni azad etdirdiyinə görə də alqışlanıb.

Əlaqəli mövzular