Türkiyə: Qaziantepdə partlayış: 3 ölü, 8 yaralı var

Qaziantep Fotonun müəllifi Reuters

Türkiyənin Qaziantep şəhərində partlayışda 3 polis nəfəri həlak olub, dördü suriyalı olmaqla səkkiz nəfər yaralanıb, Reuters xəstəxanadakı mənbələrinə əsasən yazır.

Hadisə polisin özünü İslam Dövləti adlandıran qrupun saxlandığı evə reydi zamanı baş verib. Partlayışın həbs ediləcəyini anlayan bombalı intiharçı tərəfindən törədildiyi güman edilir.

Şəhər valisi Ali Yerlikaya Anadolu agentliyinə bildirib ki, Qaziantepdə bir müddətdir ki, Ələvi Mədəniyyət Dərnəyinə canlı bomba hücumu olacağı barədə məlumat sızdırılıb və polislərin bu istiqamətdə apardığı əməliyyatlar nəticəsində şəhərdə İD-ə aid bir hücrə evi aşkarlanıb.

Bakı vaxtilə saat 10.45-də baş vermiş partlayışdan sonra evin yerləşdiyi 500 Evlər Məhəlləsində böyük təşviş yaranıb.

Hadisə yerinə təcili tibbi yardım və polis hissələri gəlib.

Hazırda xəstəxanada yaralılara tibbi yardım göstərilir.

İD-in hücrə evində neçə nəfərin olduğu və neçə nəfərin partlayış dağıntıları altında qaldığı hələlik məlum deyil.

Qaziantep Suriya sərhədinə yaxın yerləşir. Türkiyə təxminın 6 həftədir ki, sərhədində təmizləmə əməliyyatı aparır.