Mosul üçün döyüş: İraq və kürd qüvvələri bəzi əraziləri ələ keçirib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İraq və kürd qüvvələri Mosul əməliyyatında ərazilər əldə edib

İraqın hökumətpərəst qoşunları və kürd qüvvələri sonuncu İD istinadgahı olan Mosulun ələ keçirilməsi əməliyyatında bəzi əraziləri ələ keçirib.

Hazırda Mosulun şərqində kürd qüvvələri ilə birgə olan BBC müxbiri Orla Guerin bildirir ki, tanklar şəhərə doğru hərəkət edir.

Əməliyyat başlayandan sonra kürd general müxbirimizə bildirib: "Əgər bu gün qətlə yetirilsəm xoşbəxtcəsinə öləcəm, çünki xalqım üçün nəsə etmişəm".

Kürd qüvvələrinin bildirdiyinə görə onlar hücum zamanı yol boyunca bir neçə kəndi ələ keçiriblər.

Bu arada hökumətpərəst qüvvələr Qəyyarədəki hərbi hava bazasından hücumu həyata keçirilər.

İD-ə qarşı vuruşan ABŞ-ın rəhbərlik etdiyi koalisiya hava zərbələri ilə hücuma dəstək göstərir.

Fotonun müəllifi AFP
Image caption İraq döyüşçüləri Mosul yaxınlığında hücuma hazırlaşır

Analitiklərin bildirdiyinə görə, əməliyyat mürəkkəb olduğu üçün ən azı bir neçə həftə davam edə bilər.

İraqın ikinci böyük şəhəri Mosul 2014-cü ilin iyun ayından İD-nin nəzarəti altında idi.

BMT ərazidə yaşayan 1,5 milyon insanın təhlükəsizliyi üçün "son dərəcə narahatlıq" ifadə edib.

Mosul İraqda İD qrupunun sonuncu əsas dayağıdır. Rəsmilər bildirirlər ki, şəhərin itirilməsi İD-nin ölkədə səmərəli məğlubiyyəti deməkdir.

Məlumata görə, elandan sonra şəhər ətrafındakı rayonlarda artilleriya səsləri eşidilib.

Bazar ertəsi dövlət televiziyasında müraciətlə çıxış edən baş nazir deyib ki, "qələbə saata gəlib çatıb, Mosul azad etmək üçün əməliyyat başlayıb".

Çıxışı zamanı ətrafında yüksək vəzifəli İraq zabitləri dayanan cənab Abadi vəd edib ki, yalnız hökumət qüvvələri Mosula daxil olacaq.

ABŞ-ın Müdafiə Naziri Ash Carter "döyüşün çətin olacağını" bildirib.

Məhz Mosulda İD lideri Əbu Bəkr əl-Bağdadi qrupun İraq və Suriyadakı nəzarət etdiyi ərazilərdə şəriət qanunları ilə idarə olunan xilafətin yaradılmasını elan edib.

Nineva əyalətinin paytaxtı olan şəhəri geri qaytarmaq üçün əməliyyat aylarla planlaşdırılıb. Təhlilçilər bildirir ki, döyüş həftələrlə, hətta aylarla davam edə bilər.

Minlərlə iqtidaryönlü qüvvələr Mosuldan 60 km məsafədə yerləşən strateji Qəyyarə şəhərində aviabazada toplaşıb.

BMT-nin humanitar məsələlər və fövqəladə yardımlar üzrə əlaqələndiricisi Stephen O'Brien dinc sakinlərin qorunması ilə bağlı çağırış edib.

O bəyanatla çıxış edərək, ərazidə yaşayan 1, 5 milyon vətəndaş barədə narahatlıq ifadə edib və bildirib ki, azı bir milyon insan əməliyyatın nəticəsi olaraq öz evlərini tərk etməyə məcbur qala bilər.

Hazırda Mosulda nə qədər sakinin yaşadığı barədə qəti rəqəmlər yoxdur. Ancaq məlumat var ki, iki il əvvəl İD şəhəri ələ keçirəndə orada iki milyondan artıq insan olub.

Bu barədə daha geniş