Britaniya mətbuatı: Avro barədə “kədərli proqnoz” verildi

Britaniya mətbuatı

"The İndependent" yazır ki, Avropa İttifaqı üçün vahid valyutanın əsas yaradıcısının dediyinə görə avro hazırkı şəraitdə qətiyyən işlək deyil və çökmək riski ilə üzləşib.

Avro pul vahidinin yaradılmasında aparıcı rol oynamış və Avropa Mərkəzi Bankının (AMB) ilk baş iqtisadçısı olmuş professor Otmar Issing xəbərdarlıq edib ki, vahid valyuta özünün hazırkı durumuna tab gətirməyə bilər.

O deyib ki, eyni zamanda 19 iqtisadiyyatı idarə etməyə çalışan AMB təhlükəli həddə tarıma çəkilib.

"Central Banking" jurnalına müsahibəsində professor İssig deyib ki, "bu kartlardan qurulmuş ev bir gün çökəcək".

Professor bildirib ki, avro ilə yaradıldığı ilk vaxtdan, 2002-ci ildən bəri eksperimentlər aparılıb və siyasi liderlər bu valyutaya "xəyanət ediblər".

Alimin fikrincə avro bundan sonra lap yaşasa da "böhranın birindən çıxıb o birisinə girəcək".

"Bunun hələ nə qədər davam edəcəyi bəlli deyil, lakin bəlli olan budur ki, bu vəziyyət sonsuza qədər davam edə bilmız" - deyib İssig.

Fotonun müəllifi Ulrich Baumgarten/ Getty
Image caption Avronun memarlarından biri deyib ki, bazarlara və siyasətə maliyyə nəzarəti yoxdur

Alim bu qənaətdədir ki, AMB Yunanıstan və İrlandiya kimi müflis ölkələri borc bataqlığından çıxarmağa cəhd göstərməklə səhvə yol verib.

İssig deyib ki, "Stabillik və Artım Paktı" qismən uğursuzluğa düçar olub. Bazar intizamı AMB-nin müdaxilələri ilə pozulub.

Avronun memarlarından biri deyib ki, bazarlara və siyasətə maliyyə nəzarəti yoxdur.

"Bütün bunlar valyuta ittifaqının fəlakətinin göstəriciləri ola bilər" - deyib İssig.

Professor bu qənaətə gəlib ki, siyasi ittifaq olmadan vahid valyutanın problemləri qaçılmaz olacaq.

Alimin fikrincə, Yunanıstana borcdan çıxmaqda kömək etmək əvəzinə onu vahid valyuta bazarından çıxarmaq və sonra kömək etmək lazım idi.

Hazırda Yunanıstan AMB-nin, Avropa Komissiyasının və Beynəlxalq Valyuta Fondunun təklif etdiyi üçüncü krediti alıb. Afina borc aldığı pulun köməyi ilə borclarını qaytarmalıdır.

Qərb Suriyada gücsüz duruma düşüb

Fotonun müəllifi KARAM AL-MASRI/ Getty
Image caption London və Washington Suriyada bombardmansız zonaların yaradılması da daxil hərbi variantlarda ortaq məxrəcə gələ bilməyiblər

"The Guardian" yazır ki, ABŞ və Böyük Britaniya Hələb şəhərinin aramsız bombardmanına cavab olaraq Suriya prezidenti Bəşər əl-Əsəd və onun müttəfiqlərinə qarşı yeni iqtidsadi sansksiyaların irəli sürülə biləcəyini bəyan ediblər.

Bununla yanaşı London və Washington bombardmansız zonaların yaradılması da daxil hərbi variantlarda ortaq məxrəcə gələ bilməyiblər.

Londonda Suriya müxalifətini dəstəkləyən ölkələrin iştirakı ilə keçirilmiş dörd saatlıq müzakirələrdən sonra Britaniyanın xarici işlər naziri Boris Johnson bəyan edib ki, "yumşaq deyilsə, Qərb ölkələrində Suriya müharibəsinə girişmək iştahasında olan yoxdur".

"The Guardian" yazır ki, xarici işlər naziri Boris Johnsonun Suriyada bombardmansız zonaların yaradılması təklifi, nəinki Washingtonda, heç Londonda da lazımi dəstəyi almayıb. Ağ Ev ehtiyat edir ki, belə zonaların yaradılmasına cəhd Rusiyanın əks-hücumuna və münaqişəyə daha aqressiv girişməsinə səbəb ola bilər.

Məqalədə deyilir ki, Suriya müxalifəti Hillary Clintonun prezident olacağı ümidilə onun münaqişəyə daha ciddi münasibət bəsləyəcəyini gözləyir.

ABŞ dövlət katibi John Kerry konkret olaraq Rusiyanın adını çəkməsə də, bəyan edib ki, Washington yeni və daha sərt sansksiyaların mümkünlüyü məsələsinə baxa bilər. O deyib ki, prezident Barack Obama heç bir variantı masanın üstündən götürməyib.

"The Guardian" yazır ki, başa düşüldüyünə görə Avropa İttifaqı sanksiyalarının açar fiquru Almaniya kansleri Angela Merkel daha sərt addımların tərəfdarıdır, lakin özünün hökumət koalisiyasındakı SPD-ni yola gətirə bilmir.

Britaniyanın xarici işlər naziri Boris Johnson deyib ki, Qərb yeni təkliflər gözləyir, lakin bu təkliflərin sehrli həll yolu olacağını bu başdan söyləmək mümkün deyildir

Çünki onun sözlərinə görə, burada əsas cavab "bu dəhşətli qırğını törədənlərdən - daha dəqiq deyilsə, Əsəd rejimi və ona kuklaoynadanlıq edən ruslardan və iranlılardan gəlməlidir".

Nazir əlavə edib ki, hərbi variantlar da daxil heç bir variant masanın üstündən götürülməyib, lakin bu şəraitdə hərbi variantları həyata keçirmək son dərəcə çətin olacaq, çünki əksər Avropa paytaxtlarında belə variantlara "siyasi iştaha" yoxdur.

"Odur ki, əlimizdəki alətlərlə işləməliyik. Bu alətlər isə diplomatikdir" - deyib nazir.

O deyib ki, hazırda ən vacib məsələ prezident Putin və ruslara etdiklərinin mümkün siyasi nəticələrini başa salmaqdır.

Johnson və Kerry bəyan ediblər ki, Əsədə və onun müttəfiqlərinə qarşı yeni sanksiyalara hazırlaşırlar.

Britaniya naziri bildirib ki, "Hələb şəhərinin əhalisinə aman verilib-verilməyəcəyi indi tamamilə rusların insafına qalıb".

"The Guardian" yazır ki, Qərb tərəfindən yeni təkliflərin olmaması çətin ki, prezident Əsədin Hələb üzərinə hücumunu dayandırsın.

Bundan əvvəl Boris Johnson Britaniya parlamentinə demişdi ki, Rusiyanın üzərinə indiyədək qoyulmuş sanksiyaların və ya düşən neft qiymətlərinin Rusiya iqtisadiyyatını nə dərəcədə təsirləndirdiyi bilinmir.

Belə bir şəraitdə ABŞ da zəif görünür, çünki Rusiya qarşıdan gələn şənbə günü Lozannada keçiriləcək Suriya görüşündə London və Parisin iştirakını istisna edib. Bu müzakirələrdə Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri iştirak etməlidirlər.

"The Guardian" yazır ki, Türkiyə Hələbə müxtəlif bayraqların altında humanitar yardım karvanının göndərilməsi təklifi ilə çıxış edib.

Ankara inanır ki, yardım karvanının müxtəlif bayraqlar altında hərəkət etməsi ona hücum edilməsinin qarşısını alardı.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ən-Nüsra cəbhəsinə bağlı qrupları Hələbi tərk etməyə çağırıb. O deyib ki, ən-Nüsra şəhərdən çıxmayınca atəşkəs mümkün olmayacaq.

Ankara bəyan edib ki, Əsəd hökumətinin və ya onun müttəfiqi rusların Hələbi zəbt edə biləcəkləri və bu müharibədən qalib çıxacaqları inandırıcı görünmür.

"The Guardian" yazır ki, Qərb, Rusiya və Suriya ən-Nüsranın terrorçu təşkilat olması məsələsində həmfikirdirlər, lakin mötədil qruplaşmaları hazırda bu təşkialtın döyüşçülərindən ayırmaq çətindir.

Türkiyə tələb edir ki, ən-Nüsra Hələbdən çıxsın. BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura isə deyib ki, ən-Nüsra cihadçıalrını onlara veriləcək dəhlizdən şəxsən keçirməyə hazırdır.

Hakim barədə nə pis, nə də yaxşı…

Fotonun müəllifi Matthew Peters/ Getty
Image caption Jose Mourinho nigarandır ki, tərəfkeşlikdə günahlandırılmaqdan qorxan hakim Liverpoola rəğbətli ola bilər

"The Mirror" yazır ki, İngiltərə Futbol Assosiasiyası (FA) Manchester United komandasının məşqçisi Jose Mourinho-nu inzibati qaydada cəzalandıra və ondan pul cəriməsi tələb edə bilər.

Buna səbəb onun Liverpool klubu ilə qarşıdan gələn matç ərəfəsində oyunun hakimi Anthony Taylor haqqında bəzi bəyanatları səsləndirməsidir.

Məqalədə deyilri ki, Liverpool klubunun azarkeşləri də matça Taylor-un hakim təyin edilməsindən narahatdırlar.

Onların fikrincə, hakim Manchester United-in doğma Old Trafford stadionunun cəmi 10 kilometrliyində yaşayır və deyilənə görə komandanın oyunlarına illik bilet alıb. Başqa sözlərlə onun Manchester United azarkeşi olduğuna işarə edilir.

Beləliklə bir çox liverpullular narahatdırlar ki, hakim Taylor oyunda "öz məhəllə uşaqlarına" tərəfkeşlik edə bilər.

Mourinho isə əksinə nigarandır ki, tərəfkeşlikdə günahlandırılmaqdan qorxan hakim Liverpoola rəğbətli ola bilər.

Necə olursa, olsun İngiltərə FA-nın qaydalarına görə məşqçilərin oyundan əvvəl hakimlər haqqında yaxşı, pis və ya nəsə deməsi qəti qadağandır.

"The Mirror" yazır ki, Mourinho bu qaydanı dəfələrlə pozması ilə tanınır və bu dəfə də onu 50 min funt sterlinq cərimə edə və ya oyun zamanı meydançanın yanındakı məşqçi skamyasına buraxmaya bilərlər.

Əlaqəli mövzular