Litva: Məhkəmə Mixail Qorbaçovu 1991-ci il hadisələrinə görə dindirmək istəyir

Qorbaçov Fotonun müəllifi Ria novosti
Image caption Litva hökuməti əvvəllər də işlə bağlı Mixail Qorbaçovu dindirmək istəsə də, Rusiya tərəfi hər dəfə imtina edib

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov 1991-ci ildə Litvanın paytaxtı Vilnüs şəhərində baş vermiş hadisələrlə bağlı dindirilmək üçün məhkəməyə çağırılıb.

1991-ci il yanvarın 13-də Vilnüsdəki TV və radio binası və teleqülləyə Sovet ordusu tərəfindən hücum olub.

Qorbaçovun şahid kimi dindirilməsi ideyası həmin hadisələr zamanı həlak olmuş Apolinaras Povilaitis-in oğluna məxsusdur.

O hesab edir ki, Qorbaçov ordunun televiziya mərkəzinə basqını və izdihama atəş açması barədə xəbərdar ola bilər.

Hadisələr zamanı 14 nəfər həlak olmuş, yüzlərlə insan isə yaralanmışdı. Bununla əlaqədar Litva tarixində ən böyük məhkəmə işi həyata keçirilib və 2010-cu ildə bu hadisələr müharibə cinayəti kimi qiymətləndirilib.

Litva hökuməti əvvəllər də işlə bağlı Qorbaçovu dindirmək istəsə də, Rusiya tərəfi hər dəfə imtina edib. 2016-cı ilin yanvar ayında Litva Baş Prokurorluğu bildirib ki, Rusiya SSRİ-nin keçmiş prezidentinin dindirilməsi istəyinə rədd cavabı verib.

Həmin vaxt Sovet hakimiyyəti ordunun Vilnüs telemərkəzinə hücumunun, Litva Kommunist Partiyası Mərkəzi Komitəsinin yaratdığı "Milli Qurtuluş Komitəsinin" istəyi ilə həyata keçirildiyini bildirib.

Ordu teleqüllə və teleradio mərkəzini ələ keçirsə də, nümayişçilərin müqaviməti ilə üzləşərək parlament binasına daxil ola bilməyib.

Litva Sovet İttifaqından müstəqilliyini 1990-cı ilin 11 martında əldə edib. Həmin vaxt Moskva bu qərarı konstitusiyaya zidd hesab edirdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş