Britaniya mətbuatı: "Yuxu daha müdrik və daha xoşbəxt olmağın açarıdır"

British press

Assange-ın internetini kəsiblər

"The Guardian" WikiLeaks saytına istinadən yazır ki, Ekvador özünün London səfirlyində sığınacaq verdiyi Julian Assange-ın internetə girişini kəsib.

WikiLeaks iddia edir ki, Ekvador bu addımı Assange-ın həssas informasiyaları yaydığına görə ABŞ və Britaniyanın təzyiqi altında atıb.

Bununla yanaşı WikiLeaks bildirir ki, Ekvador Assange-ın internetini kəssə də, onun özünü himayə etməkdə davam edəcəyini təsdiqləyib.

Bazar ertəsi səhər saatlarında yayılmış tvitdə Assange-ın intrenet xəttinin kəsilməsinə görə adı çəkilməyən "dövlət" ittiham olunurdu.

Assange artıq 4 ildir ki, Ekvadorun London səfirlyində sığınacaq tapıb.

Fotonun müəllifi Getty Images
Image caption Bir çox şərhçi güman edirlər ki, Assange-ın internetinin kəsilməsi WikiLeaks-in ABŞ prezidentliyinə namizəd Hillary Clinton-a aid emailləri sızdırması ilə bağlıdır.

Sözü gedən tvitdə deyilirdi ki, WikiLeaks "özünün ehtiyat planını işə salmalı olub".

WikiLeaks bu tvitin ardınca heç bir təfərrüatlı məlumat vermədiyindən sosial mediada dünya boyunca "şərh qasırğası" baş verib.

Şərhlərin bəzilərində avstraliyalının sağlıq durumundan narahatlıq ifadə edilirdi.

Bir çox şərhçilər güman edirlər ki, Assange-ın internetinin kəsilməsi WikiLeaks-in ABŞ prezidentliyinə namizəd Hillary Clinton-a aid emailləri sızdırması ilə bağlıdır.

Sızdırılan emaillərin Clintonun seçki kampaniyasını mənfi təsirləndirəcəyi gözlənilirdi.

E-maillərdən bəzilərindən Hillary Clinton-un Wall Street-lə çox isti münasibətlərdə olduğu təəssüratı yaranır ki, liberal demokratlar bundan narahatlıq keçiridiklərini bildiriblər.

"The Guardian" yazır ki, Hillary Clinton-un seçki düşərgəsi emaillərin xalisliyini nə təkzib, nə də təsdiq edib.

Məqalədə deyilir ki, Assange-ın internet xəttinin kəsilməsində nə Clinton, nə də onun Demokrat Partiyasının rolu olmadığı təsdiqlənib.

Assange hazırda İsveç tərəfindən dindirilmə üçün tələb olunur. Ona qarşı seksual təcavüz ittihamı irəli sürülüb. Assange bu ittihamları rədd edir və inanır ki, Ekvador səfirlyini tərk edən kimi həbs edilib Birləşmiş Ştatlara ekstradisiya oluna bilər.

"The Guardian" yazır ki, Ekvador Assange-ın Wi-Fi rabitəsini kəsməsinin səbəbi barədə açıqlama verməyib.

Ekvador hökumətinin bir rəsmisi Press Association agentliyinə deyib ki, hökumət Twitterdə dolaşan dedi-qodular barədə şərh vermir.

O əlavə edib ki, Ekvador Assange-a sığınacaq verilməsi barədə 2012-ci ildə qəbul etdiyi qərarını dəyişməyib.

Hitlerin evini niyə bir də yıxırlar?

"The Telegraph" yazır ki, Avstriya Hitlerin doğulduğu evi tamamilə yenidən qurmaq və ya bəlkə də tamamilə yerlə yeksan etməyi planlaşdırır.

Buna səbəb hakimiyyət orqanlarının buranın neonasistlərin ziyarətgahına çevrilməsinin qarşısını almaq istəyidir.

Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Avstriya hökuməti artıq sözü gedən evin, sahibindən icbari qaydada satın alınması barədə qərar çıxarıb.

Ev Almaniya ilə sərhəd bölgəsindəki Branau am İnn şəhərində yerlərşir. Adolf Hirtler 1889-cu ilin 20 aprelində məhz bu şəhərdəki binada doğulub.

İndi tarixçilərdən, rəsmilərdən və Avstriyanın əsas yəhudi təşkilatının rəhbərindən ibarət ekspertlər qrupu "binanın görünüşünün arxitektura baxımından tamamilə dəyişdirilməsi" barədə qərar çıxarıb.

Daxili işlər naziri Wolfgang Sobotka qrupun təklifini icra etməyə hazır olduğunu bildirib.

Lakin bu xəbəri ilk olaraq yaymış Avstriya qəzeti Die Presse xəbər verir ki, sözü gedən bina söküləcək.

Die Press nazir Sobotkaya istinadən yazır ki, "burada yeni bina tikiləcək və bundan sonra yerli icma binadan ya xeyriyyə, ya da inzibati tikili kimi istifadə edəcək".

Sobotkanın sözçüsü deyib ki, lazım gələrsə, bina tamamilə uçurula bilər.

"Binanın sökülməsi variantlardan biridir, - deyib sözçü, - Başqa bir variant onun taninmaz şəklə salınmasıdır. Binada həmçinin boş yerlər qalmamalıdır".

Hitler Almaniyası tərəfindən 1938-ci ildə anşlüs və ya ilhaq edilmiş Avstriya özünün nasist keçmişinə daha böyük qonşusundan fərqli olaraq bir o qədər də sərt tənqidlə yanaşmayıb.

Ölkənin rəsmi xətti belə olub ki, Avstriyanın özü nasizmin qurbanı olub.

Fotonun müəllifi AFP
Image caption Avstriya Hitlerin doğulduğu evi tamamilə yenidən qurmaq və ya bəlkə də tamamilə yerlə yeksan etməyi planlaşdırır, "The Telegraph" yazır.

Lakin indi bu yanaşmanın dəyişməsini tənqid edənlər iddia edəcəklər ki, ölkə öz tarixinin xoşaglməz tarixi epizodunu heç bir iz qoymadan silmək istəyir.

"Bizim yaşayan tarixi yaddaş mədəniyyətimiz var. Məsələn Mauthausen ölüm düşərgəsi kimi" - deyib Sobotka.

O həmçinin Vyanada və yaxınlıqda yerləşən Sent Poelten şəhərindəki muzeyləri xatırladıb.

Yuxusuzluq marafonu

"The İndependent" yazır ki, 1959-cu ildə populyar New York DJ-i Peter Tripp xeyriyyəçilik naminə 200 saat yuxusuz qalacağını vəd etmişdi.

Həm də yuxusuz saatları ərzində o özünün radio proqramını davam etdirəcəkdi.

Məqalədə deyilir ki, həmin dövrdə yuxudan məhrum olmanın nəticələri az öyrənilmişdi və buna görə də hadisə təkcə Tripp-in milyonlarla dinləyicisi üçün deyil, həm də elm üçün böyük hadisəyə çevrilmişdi.

"The İndependent" yazır ki, DJ-in yuxusuzluq marafonu onun düşüncəsi üçün hər kəsin gözlədiyindən daha dramatik təsirə malik olmuşdu.

Artıq üçüncü gün radio aparıcısı həddən artıq həssas və tez qıcıqlanan olmuşdu, o hətta özünün ən yaxın dostlarını təhqir etməkdən belə çəkinmirdi. Marafonun sonlarına yaxın isə o artıq həyulələr görür və divanələr kimi davranırdı.

Həkimlər onu yatması üçün dilə tuturdular, amma o yalnız 201-ci saatda yatağa uzanmışdı.

"The İndependent" yazır ki, yuxusuzluğun Tripp-də yaratdığı davranışlar indi artıq müasir laboratoriyalarda öyrənilib.

Artıq elmə dəqiq məlumdur ki, uzun müddətdə yuxudan məhrum olmaq insanlarda qıcıqlanma, ruh düşkünlüyü, hirs və nigarançılıq yaradır.

Beynin müasir təsvirləmə metodları yuxusuzluqdan məhrum olmanın niyə irrasional və emosional reaksiyalara səbəb olduğunu nümayiş etdirib.

Təcrübələr zamanı yuxudan məhrum edilmiş könüllülər qrupuna daxil insanlara emosional baxımdan mənfi təsvirlər göstəriləndə onların beynindəki badamvari cismlərində yuxusunu almış adamlarla müqayisədə 60 faiz daha yüksək aktivlik qeydə alınıb.

Alimlər həm də müşahidə ediblər ki, yuxusuz qalan insanlarda beynin ayrı-ayrı nahiyələri arasında əlaqələr üzülmüş olur. Yuxudan məhrum edilmiş insanlarda badamvari cismlə beynin prefrontal qabıq qatı ilə rabitə kəsilir. Bu tapıntı həm də ona görə əhəmiyyətli idi ki, badamvari cismin fəaliyyətini məhz prefrontal nahiyə nizamlayır.

Badamvari cismin nəzarətdən çıxması nəticəsində insan adətən adi şeylər kimi baxdığı qızıcıqlandırıcılara ifrat reaksiya verir.

Yuxusuz qumarbazlar

"The İndependent" yazır ki, 2011-ci ildə Duke Universiteti yuxusuzluğun riskli qərarlar qəbulu ilə əlaqəsini araşdırmaq üçün kazino həvəskarlarını müayinə edib.

Kazino sahibləri yorğun oyunçuların daha riskli gedişlər etdiyini əslində çoxdan bilirdilər.

Buna görə də kazinolardakı gur işıq, hay-küy və pəncərəsizlik diqqətin vaxtın keçməsindən yayındırılmasına hesablanıb.

Duke Unicversitetinin alimləri araşdırma nəticəsində öyrəniblər ki, cəmi bir gecə yuxudan məhrum edilmiş oyunçular məğlubiyyətdən yayındıran gedişləri daha az, daha çox uduş gətirəcək gedişləri isə daha çox etməyə başlayıblar.

Bu isə yuxusuzuğun daha böyük risklərə səbəb olduğunu göstərib.

Yuxusuzluğun dramatik ziyan vurduğu başqa bir beyin nahiyəsi hippokampdır.

Hippokamp yeni informasiyanın "anbarlaşdırılmasında" - yəni yaddaşda əvəziedilməz rol oynayır.

Alimlər aşkar ediblər ki, uzun müddət yuxudan məhrum olanlarda beynin bu hissəsi ziyan çəkir və yeni informasiyanın yadda saxlanması çətinləşir.

Başqa sözlərlə bu o deməkdir ki, hippokampus yeni informasiyanı yaddaşa yazmaq üçün mütləq yuxu alıb dincəlməlidir.

Tripp-in kədərli sonluğu

"The İndependent" yazır ki, radio aparıcısı Tripp-in yuxusuzluq marafonu onun üçün bədbəxtliklə nəticələnib. Bu eksperimentdən sonra onun ailəsi dağılıb, sonra isə işini itirib və radio karyerasına son qoyulub.

Məqalədə deyilir ki, bir çox insanlar işləməyin xətrinə özlərini gecə saatlarında yuxudan məhrum edirlər. Bu zaman onlar çox vaxt da mavi işıq buraxan cihazların qarşısında olurlar. Bu işıq yuxuya getməni daha da çətinləşdirir, yuxunu keyfiyyətsiz edir.

"The İndependent" yazır ki, biz yuxunun qədrini bilməli və onun beynimizə xeyrini lazımınca qiymətləndirməliyik.

"Əslində yatmaq bizim daha ağıllı olmaq, daha yaxşı qərarlar qəbul etmək və həyatda daha xoşbəxt olmaq üçün beynimizə yatırdığımız investisiyadır.

Odur ki, sizə mürgü arzulayırıq.

Əlaqəli mövzular

Bu barədə daha geniş