Mosul döyüşü: Aİ "cihadçıların axınına hazır olmalıdır"

Aİ Fotonun müəllifi Getty Images
Image caption Mosulda 5 minədək cihadçının olduğu güman edilir.

Mosul şəhərinə hücum nəticəsində Aİ özünü İslam Dövləti (İD) adlandıran qruplaşma üzvlərinin Avropaya axınına hazır olmalıdır, Aİ-nin təhlükəsizlik məsələləri üzrə komissarı deyib.

Almaniyanın Die Welt nəşrinə müsahibəsində Julian King deyib ki, cihadçılar "hətta az sayda" ciddi təhlükə təşkil edir və Avropa ona hazır olmalıdır.

Bazar ertəsi İraq qüvvələri Mosul şəhərinə qarşı uzunmüddətli olacağı güman edilən əməliyyata başlayıblar.

Təxminlərə görə İD-nin istehkamı sayılan şəhərdə 5 000 cihadçı var.

Humanitar agentliklər Mosul əməliyyatı nəticəsində nəhəng qaçqın böhranının yarana biləcəyi barədə xəbərdarlıqla çıxış edirlər.

ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən İraq ordusu, kürd, sünni və şiə döyüşçülərinin koalisiyası əməliyyatın ilk günündə Mosulun cənub və şərq həndərvərlərində bır sıra kənd və rayonu nəzarət altına alıb.

Fotonun müəllifi AFP
Image caption İraq qüvvələri əməliyyata hazırlaşırlar.

Belə görünür ki, Mosulun mərkəzinə irəliləməzdən əvvəl koalisiya qüvvələri şəhərin ətraf rayonlarını ələ keçirməyə çalışırlar, BBC müxbiri Ahmed Maher xəbər verir.

Bazar ertəsi Pentaqon nümayəndəsi deyib ki, hərbi kampaniya mövcud "cədvəli qabaqlayır".

Peter Cook-un sözlərinə görə əməliyyat ilk mərhələsindədir və cihadçıların müqavimət göstərib göstərməyəcəyi məlum deyil.

Bu barədə daha geniş