Britaniya mətbuatı: "Allah evində" yoxsulları qırxıb varlılara saç düzəldirlər

Fotonun müəllifi MIGUEL MEDINA

Suriyanın birinci ledisi müsahibə verib

"The Telegraph" Suriya prezidenti Bəşər Əsədin arvadı Əsma Əsədin Rossia 24 dövlət telekanlına müsahibəsindən yazıb. Bu müsahibədə Suriyanın birinci ledisi deyib ki, onun ölkəsini və ərini tərk edib getməsi üçün ona maliyyə və təhlükəsizlik zəmanətləri təklif edilibmiş.

Britaniyada doğulmuş Əsma Əsəd deyib ki, bu "axmaq" təkliflərdən imtina edib. Cənab Əsədlə 2000-ci ildən evli olan Əsma Əsəd Rusiya telekanalına deyib ki, bu təklifləri ona edənlərin məqsədi Suriya xalqının öz prezidentinə inamını sındırmaq idi.

"The Telegraph" yazır ki, Əsma xanım Londonda doğulsa da, valideynləri varlı suriyalılardır.

Məqələdə deyilir ki, Suriyada 2011-ci ildə münaqişə başlanandan bəri xanım Əsəd ictimai nəzərdən kənar saxlanırdı.

"The Telegraph" yazır ki, Əsma Əsəd Avropa İttifaqının sanskiya siyahısındadır və ona hər hansı maliyyə yardımının edilməsi qadağandır. Sanskiyalara görə o Aİ-də Britaniyadan başqa heç bir ölkəyə səfər edə bilməz. Britaniyanın istisna təşkil etməsi isə onun bu ölkənin vətəndaşı olması ilə bağlıdır.

Məqalədə deyilir ki, son səkkiz ildə verdiyi ilk müsahibədə üç uşaq anası Qərbi Suriya münaqişəsinə ikili standartlarla yanaşmada ittiham edib.

Müsahibəni ingiliscə verən xanım Əsəd didərginlərə, yaralı Suriya əsgərlərinə və şəhid ailələrinə yardımlarından danışıb.

O deyib ki, ərini öz vicdanının səsi ilə tərk etməyib.

Suriyanın birinci ledisi bunu da əlavə edib ki, Qərbin sanksiyalarından sadə insanlar da iztirab çəkirlər. Bu sanksiyalar xalqı var-yoxdan çıxarır.

Bəşər Əsədin həyat yoldaşı Moskvaya "nəcib hərəkətinə" görə, yəni Suriyaya hərbi müdaxiləsinə görə təşəkkürünü bildirib. O deyib ki, Suriyanın "həqiqi dostları" olmasaydı, ölkənin vəziyyəti daha da ağır olardı.

"The Telegraph" xatırladır ki, xanım Əsədin bu müsahibəsindən az əvvəl onun prezident əri kremlpərəst "Komsomolskaya pravda" qəzetinə geniş müsahibə verib.


ABŞ seçkisinin əsl proqnozunu sorğular yox, pul verir

Fotonun müəllifi Getty Images

"The İndependent" qəzetində Bryan Cranston yazır ki, ABŞ-da bir çox seçicilər seçkidə kimin qalib gələcəyini bilmək üçün rəy sorğularını izləyirlər.

Lakin müəllif bildirir ki, son 10 il ərzində rəy sorğuları seçki nəticələrini doğru müəyyən edə bilməyib.

Cranston yada salır ki, 2012-ci ilin prezident seçkisi ərəfəsində Gallup və Rasmussen kimi mötəbər sorğu şirkətləri qələbə proqnozunu Mitt Romney-ə vermişdilər, lakin seçkini Barack Obama uddu.

Cranstonun fikrincə seçki nəticələrini proqnozlaşdırmağın bir köhnə və etibarlı üsulu var: Sadəcə olaraq pulu izləmək lazımdır.

Məqalədə deyilir ki, sentyabrın 21-ə olan məlumata görə Clinton-un seçki kampaniyası 516 milyon dollar toplayıb. Bura onun partiyasının səfərbər etdiyi donorlardan alınan (bu pulu super PAC də adlandırırlar) pullar da daxildir. Lakin Trump-ın partiya dəstəyi ilə topladığı pul 40 milyon dollar təşkil edib.

Müəllif yazır ki, seçkinin nəticəsini müəyyən etmək üçün fondtoplama düzgün göstərici sayılmaya da bilər. Məsələn Trump-ın Clinton qədər pul toplamasına ehtiyacı yoxdur. O bir bəyanat verən kimi bütün mətbuat bundan yazır və beləliklə Trump-ı pulsuz olaraq reklam edirlər. Bu mənada Trumpa baxanda Hillary Clinton elə də maraqlı obraz deyil.

Lakin proqnoz üçün ən yaxşısı partiyanın öz namizədi üçün topladığı pul deyil. Məsələn 2012-ci ildə respublikaçıların Mitt Roimney üçün topladıqları vəsait demokratların Obamaya yığdıqları puldan çox idi.

İndiki seçkidə hər iki partiyadan namizədlərçün gələn pullar azalıb. Lakin respublikaçılardan gələn pullar 2012-ci ildən bu yana 95 fazi azalıb!

Əsas proqnoz göstəricisi super-Pac-lərdən gələn pullardır.

Fotonun müəllifi Getty Images

Bloomberg-in veriyi məlumata görə dörd əsas super-PAC bu kampaniyada Clintona 158 milyon dollar, Trump-a isə cəmi 16 milyon dollar verib.

"Bəs respublikaçıların donorları harda qalıblar?" - deyə sual edir müəllif.

Məqalədə bu xüsusda sadə bir müqayisə aparılır. Məsələn 2012-ci ildə Las Vegas milyarderi Sheldon Adelson Obamanı uduzdurmaq üçün 150 milyon dollar vermişdi, amma bu seçkidə həmin Adelson Trump-a cəmi 500 min dollar verib.

"The İndependent" yazır ki, adamlar pullarını adətən dəstəklədikləri namizədin qələbəsi üçün ianə edirlər. Belə çıxır ki, 2016-cı ildə respublikaçıların donorları Trump-ın qələbə qazana biləcəyinə inanmırlar.

Bu da qeyd olunur ki, Trump öz kampaniyasına öz pulundan 50 milyon dollar xərcləyib, amma bu, nə puldur ki? 1992-ci ildə Texas milyarderi öz kampaniyasına 60 milyon xərcləyib yarışda yalnız üçüncü ola bilmişdi.

"The İndependent" yazır ki, pullardan yalnız fondtoplama üçün istifadə olunmur. Kampaniyaçılara maaşlar da bu pullardan verilir. Hazırda xanım Clinton-un maaşlı kampaniyaçılarının sayı Trump-ın kampaniyaçılarından üç dəfə çoxdur.

Müəllif qeyd edir ki, ən yaxşı proqnozu seçici dəstəyi yox, pul verir. Pul məsələsində isə Trump-ın işləri o qədər də yaxşı deyil.


Dünyanı 3200 dəfə dolayacaq qədər saç

Fotonun müəllifi PIERRE-PHILIPPE MARCOU

"The Daily Mail" qəzeti öz səhifələrində maraqlı təhqiqat materialı dərc edib.

Məqalədə söhbət qadın salonlarında saçların uzadılması proseduru üçün xammalın hardan gəlməsindən gedir.

Qəzet yazır ki, Britaniyanın gözəllik salonlarında saçların uzadılması üçün bir müştəridən 1000-1200 funt strelinq alırlar.

Son illərdə Britaniyada saçlarını uzadan qadınların sayı 70 faiz artıb.

Cheryl Fernandez-Versini-dən tutmuş Liz Hurley-yədək məşhurlar bu prosedurdan keçirlər.

Britaniya dünyada insan saçının üçüncü ən böyük idxalçısıdır və ildə 43 milyon ton saç alır.

Bu qədər saçla Yer kürəsini 3200 dəfə dolamaq mümkündür, - yazır qəzet.

Lakin çox az britaniyalı qadın tapılar ki, bu saçların hardan və ya daha dəhşətlisi - kimdən gəldiyini bilsin.

Saçlar hardan gəlir?

Bu sualın cavabını tapmaq üçün qəzetin müxbirləri cənubi Hindistana səfər ediblər.

Burada isə Yadagiriqutta məbədində yoxsul qadınlar növbəyə dururlar ki, onların saçlarını qırxıb Allaha qurban versinlər.

Qəzet yazır ki, hind qadınlarının saçları qiymətli sayılır. Onlar bir qayda olaraq saçlarına sintetik şampun vurmur, onları boyamırlar. Amma bu saçları sonradan istənilən rəngə salmaq, hətta sarışın rəngə çevirmək mümkündür. Bütün bunlara görə Hindistan dünyada insan saçının ən böyük ixracatçılarından biridir.

Saç ticarətində belə mal "bakirə saç" kimi tanınır.

28 yaşlı Lavanya Kakala məbədin qarşısında saatlarla gözləyib. İndicə onun saclarını polad ülgüclə qırxacaqlar. Lavanya bunun müqabilində heç nə almayacaq və buna təbii baxır.

"Mən bunu ona görə edirəm ki, Allahıma təşəkkür edim. Saçlarımın bundan sonra hara gedəcəyi məni narahat etmir. Qoy mənim saçlarım zibilliyə gedincə, hansısa qadının başında gözəlliyə çevrilsin" - deyir Lavanya.

"The Mail" yazır ki, hind ənənəsində saçların məbədlərə ehsan edilməsi qurbana bərabər tutulur.

Bəzən gün ərzində bu məbəddə 50 min qadın başlarının qırxılması üçün növbəyə düzülür.

Lakin narahatlıq doğuran budur ki, bura 5-6 yaşlı qız uşaqlarını da gətirirlər.

London Universitetində antropologiya pofessoru, "Saçların gizlinləri" kitabının müəllifi Emma Tarlo, deyir ki, dəfələrlə Hindistanın məbədlərinə baş çəkib və orada saçlarını ehsan etmək üçün növbəyə duran qadınları görüb.

Növbədəki qadınlardan biri ona deyib: "Saç qadının gözəlliyidir. Əgər qadın öz saçlarını Allaha qurban edirsə, deməli bu gözəllik birbaşa Allahın özünə gedir".

Qram-qram emal, kilo-kilo satış

Lakin "The Mail" yazır ki, burada qırxılan saçlar Allahın özünə yox, Asiya boyunca, ələlxüsus da Çindəki əldəqayırma fabriklərə gedir. Hər belə fabrikdə 350-dək qadın çalışır.

Onlar saçları yuyur, darayır, qurudur və bürmələyirlər.

Ağır işdir. Bir işçi bir günə bəzən 150 qram saç emal edir.

Lakin qram-qram emal olunan saçlar tədarükçülərə kilo ilə satılır. Onların əksəriyyəti Birləşmiş Ştatlarda mənzillənib.

Burdakı sexlərdə saçları bir-birindən ayırır, qablaşdırır və Britaniya da daxil Avropanın bahalı salonlarına göndərirlər.

Tədarükçülərdən biri qəzetə deyib ki, onun istənilən vaxt Britaniyaya göndərmək üçün 10 kilo hazır "malı" var.

Gloria King adında bu qadın bildirir ki, saçları ona təhvil verənlər çox yoxsul adamlardır.

"Biz onlara 10 kilo saç üçün 45 funt sterlinq veririk. Onlar bu pulla ailələrini 3 həftə yedizdirirlər" - deyir saç taciri.