Britaniya mətbuatı: "Putin Hələbin üstünə donanma çəkir"

British press

Putin Hələbin üstünə donanma çəkir

"The Telegraph" qəzeti yazır ki, NATO rəsmiləri Rusiya hərbiyyəsinin Soyuq müharibədən sonra ən böyük hərbi qüvvə nümayişinə çıxdığını bildiriblər.

Təhlilçilər bu qənaətədirlər ki, Rusiya bununla Suriya müharibəsini bitirmək əzminddə olduğunu nümayiş etdirmək istəyir.

Qərb kəşfiyyatının verdiyi məlumata görə Kreml Hələb şəhəri üzərinə son və həlledici hücum üçün özünün Şimal donanmasını, qismən də Baltik donanmasını Aralıq dənizi bölgəsinə göndərib.

"The Telegraph" yazır ki, Rusiya son həmlə ilə Hələbdəki qiyamçıları ləğv etmək və Əsəd rejiminin salamat qalmasından arxayın olduqdan sonra Suriya vətəndaş müharibəsinin meydanını tərk etmək niyyətindədir.

Məqalədə deyilir ki, bu hücum həm də ABŞ-ın Suriyadakı zəifliyini Amerika seçkiləri ərəfəsində bir daha nümayiş etdirməklə Donald Trump-a kömək etmiş ola bilər.

"The Telegraph" yazır ki, Trump-ın təbliğat kampaniyası artıq bu vəziyyətdən faydalanmağa başlayıb.

Rusiyanın dəniz armadasının Britaniyanı materikdən ayıran Lamanş boğazından keçəcəyi gözlənilir. "The Telegraph" yazır ki, Britaniya Kral Dəniz Qüvvələri Rusiya eskadriliyasını boğaz boyunca "monitorinq" edəcək.

Bir çox təhlilçilər Rusiya donanmasının səfərə çıxmasını güc nümayişi kimi qiymətləndirsələr də, NATO diplomatları bu dislokasiyanın Suriyanın Hələb şəhərinə son hücum hazırlığı olduğunu düşünürlər.

"Bu çox da dost bir jest deyil. İki həftədən sonra biz Hələbin böyük hava zərbələrinə məruz qalmasının şahidi olacağıq. Bu Rusiyanın Suriyada qələbə elan etmək strategiyasının bir hissəsidir" - deyib bir NATO diplomatı.

Məqalədə deyilir ki, Rusiyanın hücum mövqeyinə çıxarmaqda olduğu bu böyük dəniz qüvvəsi Hələbdəki 8 minədək qiyamçını məhv etmək niyyətindədir. Bundan sonra Vladimir Putin Suriya müharibəsində qələbəni Əsədə verərək döyüş meydanını tərk edəcək.

"The Telegraph" yazır ki, 275 min adamın ilişib qaldığı Hələb şəhərinə belə hücum Moskva ilə Qərb arasındakı münasibətləri təhlükəli həddədək gərginləşdirə bilər.

ABŞ prezidentliyinə namizəd Donald Trump yaranmış gərginlikdən fürsətlənmək qərarına gəlib. O vəd edib ki, seçkidə qalib gələrsə, Rusiya prezidenti Vladimir Putinlə hətta özünün inaqurasiyasından əvvəl görüşəcək.

Barack Obama deyib ki, Trump-ın Putin heyranlığı Amerika siyasəti üçün misli görünməmiş hadisədir.

Fotonun müəllifi NORWAY ARMED FORCES
Image caption Suriya sahillərinə yollanan Admiral Kuznetsov aviadaşıyıcısı Norveç təyyarəsindən çəkilib.

Bu arada Britaniyanın iki hərbi gəmisi təyyarədaşıyan Admiral Kuznetsov gəmisinin keçidiy yol üzərində keşik çəkəcək.

"The Telegraph" yazır ki, kral donanmasının HMS Richmond gəmisi artıq Rusiyanın gəmi karvanını izləməyə başlayıb.

Bir qədər sonra HMS Duncan gəmisi də bu izləməyə qoşulacaq.

Dünyanın gender xəritəsi

"The İndependent" qəzeti dünyanın "kişi-qadın" xəritəsini tərtib edib. Bu xəritənin rəngləri hansı ölkələrdə qadınların, hansı ölkələrdə isə kişilərin sayca çox olduğunu göstərir.

Xəritəyə qoşulmuş məqalədə bildirilir ki, təhlil ayrı-aryrı öılkələrdə qadın və kişilərin say balansının olmamasının ya münaqişələr, yada qərəzli və xurafatlı gender mədəniyyəti ilə şərtləndiyini göstərir.

Məsələn Rusiya İkinci Dünya Müharibəsindən bəri hələ də əhali nisbəti baxımından özünə gələ bilməyib.

1950-ci ildə Rusiyada hər yüz qadına cəmi 76, 6 kişi düşürdü. Həm də nəzərə almaq lazımdır ki, müharibə daha gənc kişilərin həyatlarına son qoymuşdu.

Rusiyada kişilərin sayı 1950-ci illərdən bəri dirçəlməyə başlamış və 1995-ci ildə özünün zirvə nöqtəsinə çatmışdı. Hazırda Rusiyada kişilərin sayı yenə də bir qədər azalmaqdadır. İndi Rusiyada hər 100 qadına 86, 8 kişi düşür.

"The İndependent"in dərc etidiyi xəritəyə nəzərə saldıqda görünür ki, İkinci Dünya Müharibəsi bütün Avropada, Fransa və Baltik dövlətləri də daxil kişilərin və qadınların say nisbətində böyük uyğunsuzluq yaradıb və hətta bu gün də az qala bütün Avropa ölkələrində qadınlar kişilərdən sayca çoxdurlar.

Cənubi Qafqaz ölkələrində Gürcüstan və Ermənistanda da qadınların sayı kişilərdən çoxdur. Ermənistanda hər 100 qadına 86-87 kişi düşür. Ukrayna, Litva, Estoniya və Belarusda da vəziyyət təxminən belədir.

Lakin Azərbaycana gəldikdə, kişi və qadınların say balansı kişilərin xeyrinə dəyişib. Xəritəyə görə Azərbaycanda hər 100 qadına 101-103 qadın düşür.

Bu mənada Azərbaycan başqa müsəlman ölkələrindəki vəziyyətə meyllənir. Türkiyədə kişi və qadınların sayı təxminən bərabər olsa da, İranda hər 100 qadına 103-105 kişi düşür.

Lakin Körfəz və ərəb ölkələrində rəqəmlər ümumiyyətlə heyrətamizdir. Əksər müsəlman ölkələrində hər 100 qadına 105-274 kişi düşür.

Bu mənada birincilik Birləşmiş Ərəb Əmirliklərindədir. Orada hər 100 qadına 274 kişi düşür.

Qətərdə hər 100 qadına 265, Omanda 197, Bəhreyndə 163, Səudiyyə Ərəbistanında 130, Küveytdə 128 kişi düşür.

"The İndependent" yazır ki, əlbəttə, bu rəqəmlərdə Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə çox sayda kişinin işləmək üçün gəlməsi əks olunub.

Lakin müsəlman ölkələrində kişilərin qadınlardan sayca çox olması əsas etibarilə gender bərabərsizliyini və oğlan uşaqlarına daha çox üstünlük verilməsi ənənəsi ilə izah edilməlidir.

Çində isə kişilərin sayca qadınları üstələməsinin səbəbi uzun müddət qüvvədə olan "bir uşaq" siyasəti olub.

Brexit kişidir, ya qadın?

"The Guardian" isə sanki gender mövzusunu davam etdirərək yazır ki, Avropa ölkələri Britaniyanın ittifaqdan ayrılmasının bircə məsələsində tam razılığa gəliblər.

Brexit sözü qrammatik gender baxımından kişi cinsinə aid edilib.

Fotonun müəllifi AFP
Image caption İyun ayında keçirilən referendumun nəticələrinə görə Böyük Britaniya Aİ-dən çıxmaq barədə qərarı dəstəkləyib.

Məqalədə deyilir ki, əksər Avropa dillərində cins kateqoriyası var və əksər Avropa dillərində Brexit sözünü kişi cinsinə aid ediblər.

Məsələn fransızlar ingilislərin Avropa İttifaqından çıxmasını "le Brexit" adlandırırlar. Qaydaya görə fransız dilinə başqa dillərdən keçən sözlərin əksəriyyəti kişi cinsinə aid edilir. Hərçənd Fransanın Dil Akademiyası bu barədə hökmünü hələlik verməyib.

Deyəsən almanlar da bu qənaətdədirlər ki, Brexit sözünün cinsiyyəti kişidir. Amma burası da var ki, səbəbi o qədər də aydın olmadan almanca "it" sonluğu ilə bitən bir sıra sözləri nə kişi, nə də qadın cinsinə aid etmirlər. Məsələn "Dynamit" və ya "Fazit" (nəticə) sözləri kimi. Buna qrammatika elmində orta cins də deyirlər.

İspan dilində də ingilis dilindən alınmış əksər sözlər kimi "el Brexit" kişi cinsinə aid söz sayılır.

"The Guardian" yazır ki, bircə italyanca məsələ qəlizdir. Orada dilçilər inandırmağa çalışırlar ki, Brexit sözü qadın cinsində olmalıdır, çünki exit (çıxmaq) sözünün italyan qarşılığı "uscita"dır. "Uscita" isə qadın cinsə aiddir.

Əlqərəz italyan dilində Brexit-ə "il Brexit", yoxsa "la Brexit" deyilməsi məsələsini İtaliyanın Dil Akademiyası - Accademia della Crusca müəyyən etməlidir.

Bizsə onu əlavə edə bilərik ki, bu mənada azərbaycanlıların baş sındırmasına ehtiyac qalmayacaq, çünki bütün türk dillərində olduğu kimi Azərbaycan dilində də sözlərin dişisi-erkəyi olmur.

Əlaqəli mövzular