Donald Tusk: Rusiya Hələbdə qan tökülməsinə görə cavab verəcək

Donald Tusk Fotonun müəllifi Getty Images
Image caption Donald Tusk Suriya hakimiyyətindən və onun Rusiya da daxil olmaqla müttəfiqlərinin qan tökülməsini dayandırmağı istəyib

Aİ ölkələrinin liderləri Hələb şəhərində qan tökülməsinin davam etməsi təqdirində Suriya hakimiyyətinin və Rusiya da daxil olmaqla müttəfiqlərinin əleyhinə tədbirlərin "bütün mümkün variantlarını" nəzərdən keçirmək barədə razılığa gəlib, Brüsseldə Avropa İttifaqı sammitinin birinci gününün yekunlarına əsasən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib.

"Avropa İttifaqı qan tökülməsinin və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır", - deyə o bildirib.

Bundan əvvəl Avropa Şurasının prezidenti deyib ki, Moskvanın Suriyada hərəkətlərinə görə Aİ Rusiya hakimiyyətinə təsirinin müxtəlif variantlarını nəzərdən keçirə bilər.

Sanksiyalar

Almaniya kansleri Angela Merkelin sözlərinə görə, Aİ Rusiyaya qarşı Hələb şəhərinə endirilmiş zərbələrin intensivliyi eyni səviyyədə qeydə alınarsa tədbirlər görə bilər. Rusiya cümə axşamı Hələbdə "humanitar fasilə" elan edib.

Almaniyanın mövqeyini Fransa prezidenti də dəstəkləyib.

"Əgər yeni vəhşilik və bombardman olarsa, ilk növbədə konkret Suriya hakimiyyət nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməli olacağıq", - deyə Francois Hollande bildirib.

Onun sözlərinə görə, Rusiya dinc əhalini bombalamağı davam etdirsə, Aİ-nı qəti addımlar atmağa vadar edəcək. O həmçinin qeyd edib ki, hələlik bu barədə söhbət getmir.

Fotonun müəllifi AP
Image caption "Admiral Kuznechev" hərbi gəmisi Suriyaya üz tutub

Qapını açıq saxlamaq

Bir sıra dövlətlər, ilk növbədə, İtaliya bu tədbirlərin əleyhinə açıq çıxış edib. Baş nazir Matteo Renzinin sözlərinə görə əgər Aİ Rusiya ilə danışmaq istəyirsə, "qapını açıq" saxlamaq lazımdır.

O əlavə edib ki, Suriyadakı ağır vəziyyət Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə həll oluna bilməz.

Britaniya baş naziri Theresa May sammit başlamazdan əvvəl, Rusiya hərbçilərini Hələb şəhərində "iyrənc vəhşiliklərdə" günahlandırıb.

Xanım Mayın çıxışı Suriya sahillərinə yollanan başda təyyarə gəmisi"Admiral Kuznetsov" olmaqla Rusiyanın həmləçi qrupunun Britaniya sahilləri boyunca Şimal dənizi və La-Manş üzərindən keçməli olduğu vaxtdan bir neçə saat öncə səslənib.

Britaniya HHQ-i Rusiya həmləçi qrupunu müşayiət etmək üçün iki hərbi gəmi göndərib.

Gəmilərin Suriyaya göndərilməsi Rusiyanın cümə axşamı Hələbdə bombalanmanın dayandırılması ilə əlaqəli "humanitar fasilə" elan etməsi ilə eyni vaxta düşür.

"Humanitar fasilə" zamanı mülki vətəndaşların ərazini tərk etməsi və xəstə və yaralıların təxliyə edilməsi üçün altı dəhliz təqdim edilib.

Rusiya Suriyada əməliyyatları başlayandan bəri ona qarşı, mülki əhalini bombalanması barədə ittihamlar irəli sürülüb.

Rusiya zərbələrin mülki obyektlərə yönlənməsi iddialarına dair ittihamları rədd edib.

Sentyabrın sonunda xarici işlər naziri Sergey Lavrov BBC-ə müsahibəsində də iddiaları rədd edib və bildirib ki, Rusiyanın Suriyada beynəlxalq razılaşmalarla qadağan olunmuş silah-sursat tətbiq etməsi iddiası da doğru deyil.

Əlaqəli mövzular