Britaniya mətbuatı: Hicablı çempion Türkiyə dindarlarını niyə ikiyə böldü?

British press

"Başını örtürsənsə, daha ayaqlarını niyə açırsan?"

"The İndependent" yazır ki, Türkiyənin taekvondo çempionu ölkədə qadın və hicablı idman barədə stereotiplərə meydan oxuyan müzakirələrin alovlanmasına səbəb olub.

20 yaşlı İstanbul sakini Kübra Dağlı bu yaxınlarda Peru paytaxtı Limada keçirilmiş dünya çempionatlarının qalibi olsa da, onun geyim seçimi idmançı uğuruna kölgə salıb.

Məqalədə deyilir ki, xanım Dağlı idman nümunəsi kimi cəmiyyətin həm dünyəvi, həm də dindar kəsiminin kəskin rəylərinə səbəb olub.

"The İndependent" al-Monitor saytına istinadən yazır ki, hicaba Türkiyədə müasir dünyəvi dövlət qurulandan bəri kəc baxılıb və o bir çoxları tərəfindən "geriqalmışlığın" simvolu hesab olunur.

Məqalədə deyilir ki, ölkədə siyasiləşmiş İslamın təkrar zühuru qadınların davranış və rəftarlarından "narahatlıq" meyllələrinə təkan verib. İş o yerə çatıb ki, 2014-cü ildə o vaxtkı baş nazirin müavini Bülent Arınc qadınların Ramazan bayramlarında gülməkdən çəkinmələrinin və özlərini "ağır aparmalarının" vacib olduğunu bəyan edib.

"The İndependent" yazır ki, bir tərəfdən xanım Dağlının idman uğuru mühafizəkarların dilini uzun edib. Onlar deyirlər ki, bu idman qələbəsi "baş örtüyünün qadın üçün əngəl" olmadığını göstərib. Amma ultramühafizəkarlar idmançı qızı sosial mediada "asıb-kəsirlər".

"Daha başını niyə örtürsən, ayaqlarını ki, açırsan, hər cür bədən vəziyyətinə düşürsən. Heç başını da örtməyə bilərdin. Başını örtməklə daha böyük problem yaradırsan. Allah özü sənə ağıl versin" - deyilirdi bir postda.

Başqa bir postda isə ona evdə oturub "Quran oxumaq çempionu" olmağı məsləhət görürlər.

Xanım Dağlı verdiyi müsahibələrdə tənqidlərdən narahat olduğunu bildirib. O deyib ki, hər cür diskriminasiyanın əleyhinədir və onun üçün peşəkar idman daha böyük önəm daşıyır.

"Onlar mənim uğurumdan yox, baş örtüyümdən danışırlar. Mən istəmirəm ki, belə olsun. Bizim idman uğurumuz müzakirə olunmalıdır. Biz bu qədər səy göstərmişik. Biz komandamızı və ölkəmizi çempion etmişik. Bu bizim birgə qürurumuz olmalıdır" - yazır Kübra Dağlı özünün sosial media hesablarından.

Çempion deyir ki, baş örtüklərinə beynəlxalq idman təşkilatları icazə veriblər, hərçənd o, bir dəfə 2013-cü ildə o başına bandana bağlamalı olub.

Kübra Dağlı bildirir ki, Ramazan ayında məşqlərdə əlavə çətinliklər yaranır. Çünki bu ayda istədiyin vaxt yeyə bilmirsən.

"The İndependent" yazır ki, Milliyet qəzetindən Asu Maro adlı sütunyazarı Dağlıya dəstək verib.

"Bir ideologiya qadınlara "başını bağla", o birisi "bağlama" deyir. Kisinin də tələbi birdir: "Qaxıl evdə otur" - yazıb jurnalist.

London Brexitdən sonra da Putinə sansksiya istəyir

"The Guardian" yazır ki, Avropa İttifaqının qarşıdan gələn sammitində qəbul oluna biləcək birgə bəyannamə layihəsinin mətni ilə tanış ola bilib. Bu sənəddə Rusiyaya Hələbin bombardmanına görə sanksiya xəbərdarlıqları edilir.

Fotonun müəllifi THIERRY CHARLIER/AFP/Getty Image
Image caption Theresa May Avropa liderlərini əmin edir ki, Britaniya Aİ-dən ayrıldıqdan sonra da etibarlı partnyor olacaq qalacaq.

Məqalədə deyilir ki, cümə axşamı Brüssel sammitinə təşrif gətirmiş Britaniya baş naziri Theresa May Avropa rəhbərliyini Kremlin Suriyadakı "dəhşətli qətliamlarının" dayandırılmasına çağırıb.

Baş nazir deyib ki, Avropa Rusiyanın təcavüzkarlığına qarşı "möhkəm vahid cəbhədən" çıxış etməlidir.

Beləliklə, Theresa May Ruisya üzərinə təzyiqi artırmaq əzmində olan fransalı və alman həmkarları Francois Hollande və Angela Merkelə dəstək vermiş olub.

Hollande deyib ki, Rusiya Hələb şəhərini yer üzündən silmək əzmindədir.

"The Guardian" yazır ki, Avropa İttifaqının üç ən böyük ölkəsinin dəstəklədiyi bəyannamə layihəsi bundan əvvəlki sanksiya bəyanatlarından daha sərt və güclüdür.

Sənəddə deyilir ki, Suriyadakı qətliamlar dayandırılmasa, Aİ Rusiyanın həm ayrı-ayrı fərdlərinə, həm də şirkətlrəinə qarşı sərt sanksiyalar qəbul edə bilər.

Aİ-dəki mənbədən alınan məlumatda deyilir ki, sanksiyalar üzv ölkələr tərəfindın razılaşdırıldılqan sonra səfərlərinə qadağam qoyulan fərdlərin və aktivləri döndurulan şirkətlrəin siyahısı elan ediləcək.

"The Guardian" yazır ki, Aİ xarici işlər nazirləri bundan əvvəl Rusiyaya qarşı mümkün hərbi cinayət ittihamlarının irəli sürülməsi məsələsini müzakirə ediblər.

Bundan başqa Theresa May Avropa liderlərini əmin edib ki, Britaniya Aİ-dən ayrıldıqdan sonra da etibarlı partnyor olacaq qalacaq.

"The Guardian" yazır ki, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinin Almaniya kanselri Angela Merlellə və Fransa prezidenti Francois Hollande-la görüşündən sonra Moskva Suriyadakı "humanitar fasiləni" uzadıb.

Keçmiş ərini uşağın yanında acıladı və cərimə olundu

"The Telegraph" yazır ki, İtaliya məhkəməsi bir qadını oğlunun qarşısında keçmiş ərini ağır sözlərlə alçaltdığına görə 30 min avro cərimə edib.

Bundan əvvəlki boşanma məhkəməsi uşağın anası ilə qalması barədə qərar çıxarsa da, ataya ona baş çəkmək hüququ vermişdi.

Lakin qadını cərimə edən məhkəmənin hökmündə deyilir ki, o uşağı hər iki valideyni ilə sağlam münasibətlərə malik olmaq imkanından məhrum edib.

Məhkəmənin hökmündə vurğulanır ki, qadın gələcəkdə də özünü belə apararsa, uşaq ondan alınıb keçmiş ərinə verilə bilər.

Hakim adı hüquqi mülahizələrlə çəkilməyən qadına deyib ki, o keçmiş ərini, yəni uşağının atasını onun qarşısında dəfələrlə danlamaqla oğlunun ruhi sağlamlığına ziyan vurub və beləliklə də cinayət əməli törədib.

Avropa İttifaqının qanunlarına görə uşaqlar hər iki valideynləri ilə münasibət saxlamaq hüququna malikdirlər.

Vəkil Francesca Zanassi "The Telegraph" qəzetinə deyib ki, bu məhkəmənin hökmü başqa boşananlara dərs olmalıdır. Qoy uşaq üstündə bir-birləri ilə "müharibə" etməsinlər.

Bu barədə daha geniş