Kale miqrantları: "Cəngəllik" adlanan düşərgədə söküntü işləri başlanıb

Kale
Image caption Kale qaçqın düşərgəsində söküntü işləri həyata keçirilir

Fransa Kaledə yerləşən "Cəngəllik" adlı miqrant düşərgəsində təmizləmənin növbəti mərhələsinə start verib. Hazırda düşərgədə söküntü işləri aparılır.

Bazar ertəsi 2300-dən çox miqrant düşərgəni könüllü tərk edib. Onlar avtobuslarla Fransa boyunca qəbul məntəqələrinə aparılıblar.

İnsanların düşərgədən köçürülməsi çərşənbə axşamı da davam edəcək. Artıq yüzlərlə insan düşərgədən çıxmaq üçün növbəyə düzülüb.

"Cəngəllik" Avropa miqrant böhranının əsas rəmzinə çevrilmişdi. Düşərgədə 7000-8000 insan baxımsız şəraitdə yaşayıb və Britaniyaya getməyə çalışıblar.

Fotonun müəllifi PA
Image caption Təmizləmə əməliyyatını həyata keçirmək üçün 1200-dən çox polis cəlb edilib

İndiyə qədər təmizləmə əməliyyatı dinc şəraitdə həyata keçirilib. Lakin bəzi miqrantların düşərgəni tərk etməkdən imtina edəcəklərinə dair narahatlıq hökm sürür.

İndiki mərhələdə söküntü işləri əllə həyata keçirilir. Düşərgəyə buldozerlərin göndərilməsinin yanlış mesaja səbəb ola biləcəyindən ehtiyat edilir.

Auberge des Migrants xeyriyyə təşkilatından Christian Salome bildirib ki, təmizləmə işləri hələ ki normal həayat keçirilir, çünki indiyə qədər çıxarılanlar oranı tərk etmək istəyənlər olublar.

Lakin o əlavə edib: "Mən daha çox növbəti günlər üçün narahatam, oranı tərk etmək istəməyənlər hələ də İngiltərəyə çatmaq niyyətindədirlər".

Fotonun müəllifi AFP
Image caption Bazar ertəsi miqrantlar Fransa boyunca qəbul məntəqələrinə göndəriliblər
Fotonun müəllifi AFP
Image caption Miqrantların göndərildiyi şəhərlərdən biri də cənub-şərqdə yerləşən Lyon şəhəridir

Belə bir narahatlıq da var ki, qalmaq niyyətində olanlar ətraf ərazilərdə düşərgə salaraq söküntülərdən sonra geri qayıdacaqlar.

Kaledə yalnız uşaqların qalmasına icazə veriləcək. Onlar söküntünün həyata keçirildiyi ərəfədə ev kimi istifadə olunan konteynerlərdə qalacaqlar.

Düşərgədən təxminən 200 uşaq Britaniyaya gətirilib. Onların bəziləri İmmiqrasiya Qanununa edilmiş dəyişikliklərə müvafiq olaraq köçürülür, Britaniya daxili işlər naziri Amber Rudd bildirib.

Dəyişikliklər xüsusən də həssas uşaqlara - qızlara və 13 yaşdan aşağı olanlara - Britaniyada qaçqın statusunun verilməsini nəzərdə tutur, hətta onların burada ailəsi yoxdursa belə.

Lakin düşərgədəki təxminən 1300 kimsəsiz uşaqdan bəzilərinin köçürülməsi bazar ertəsi Fransa tərəfinin istəyi ilə dayandırılıb.

Düşərgədəki çadır və digər tikililərin sökülməsi üç gün davam edə bilər. Ərazidə 1200-dən çox polis yerləşdirilib.

Fransa daxili işlər naziri bildirib ki, söküntü zamanı etirazlar baş qalıdırarsa "polis müdaxilə edə bilər".

Müxbirlərin bildirdiyinə görə təmizləmə hökumətin düşərgə sakinlərinə mesajıdır ki, onların narahatlığı ciddi qəbul olunur.

Bu eyni zamanda orada qalmaq istəyənlərə bir mesajdır ki, Kaledə artıq düşərgə olmayacaq, müxbirlər hesab edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş